Bölmənin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, laboratoriya rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayevin rəhbərliyi ilə 2019-2020-ci illərdə tədqiqat materialı olaraq bərk buğdanın 54, yumşaq buğdanın 41 hibridi və 49 bərk və yumşaq buğda sortları kolleksiya pitomnikində, əlavə olaraq bir bərk, bir yumşaq buğda hibridi və bir ikicərgəli, pivəlik istiqamətli arpa seçilərək artırma pitomnikində muxtar respublika şəraitində öyrənilməsi üçün tədqiqata cəlb edilib. Tədqiq edilən buğda sort və hibridlərinin toxumları institutun təcrübə sahəsində suvarma şəraitində səpilib və hazırda bütün nümunələrə vegetasiya suları verilməkdədir.
Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasında bu sahədə mövcud olan müasir metodik göstəricilər əsasında tarla şəraitində buğda hibridləri tədqiq edilir. Laboratoriyda heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafında əsas yem bazasının əhəmiyyətli bir hissəsini təşkil edən, torpağın münbitlik səviyyəsini daha da yaxşılaşdıran yonca bitkisi də öyrənilir.
Həmçinin, laboratoriya əməkdaşları tərəfindən soya bitkisinin 15 sortu -“Sinara”, “Apisa”, “Opus”, “Krasnodar-68”, “Alexa”, “Kyota”, “Kofu”, “Antonia”, “Regale I-II”, “Bravo I-II”, “Kanata”, “Angelica” və “Asuka” adlı sortların əkini aparılır.