Naxçıvanda urmiyalı həkimlərin iştirakı ilə beynəlxalq konfrans keçirilib - FOTOLAR
Bu gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən “Azərbaycan” xəstəxanası ilə birlikdə beynəlxalq konfrans keçirib.
NUHÇIXAN xəbər verir ki, qonaqlar əvvəlcə Naxçıvan Muxtar Respublika Xəstəxanasının fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, 8 mərtəbəli binada tibbin ən son yenilikləri tətbiq olunur. Əsaslı təmir və yenidənqurma işlərindən sonra 300 çarpayılıq olan xəstəxanada 14 stasionar şöbə fəaliyyət göstərir.
Sonra xəstəxananın iclas zalında konfrans keçirilib. Konfransı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açaraq qeyd edib ki, hazırda muxtar respublikada əhaliyə 228 tibb müəssisəsi tərəfindən səhiyyə xidməti göstərilir. Həmçinin muxtar respublikada 5 özəl tibb müəssisəsi fəaliyyət göstərir. Son illər muxtar respublikada 220-dən çox səhiyyə müəssisəsi tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. İstər şəhər və rayon mərkəzlərində, istərsə də ən ucqar dağ və sərhəd kəndlərində müasir səhiyyə ocaqlarının fəaliyyət göstərməsi insan amilinə verilən qiymətin bariz ifadəsidir.
Samrat Gəncəyeva qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında mövcud olan qarşılıqlı əlaqələr səhiyyə sahəsində də tərəfdaşlığın inkişafı üçün geniş imkanlar açır. Bu əməkdaşlıq çərçivəsində naxçıvanlı həkimlərdən ibarət nümayəndə heyəti cari ilin aprel ayında İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində səfərdə olub, burada fəaliyyət göstərən “Azərbaycan” xəstəxanasında keçirilən beynəlxalq elmi konfransda iştirak edib. İran İslam Respublikası Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən özəl “Azərbaycan” xəstəxanasının yüksəkixtisaslı həkim heyəti isə dünən Naxçıvana səfərə gəlib. Qonaqlar muxtar respublikanın bir sıra səhiyyə müəssisələrində olublar. Bu günkü konfransın keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, naxçıvanlı həkimlərlə iranlı həkimlər arasında əlaqələr daha da genişləndirilsin və bu əlaqələr insanların sağlamlığına xidmət etsin.
Konfransda İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Mənsur Ayrom çıxış edərək İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı əlaqələri yüksək qiymətləndirib. Bu sahədə Naxçıvan Muxtar Respublikası ilə əlaqələrdən də geniş danışıb və tibb sahəsindəki yeniliklərin tətbiqi məsələlərindən bəhs edib.
Konfransda İran İslam Respublikası Qərbi Azərbaycan Vilayətinin Urmiya şəhərində fəaliyyət göstərən “Azərbaycan” xəstəxanasının həkimlərindən ginkoloq Qulamrza Tizru, qulaq, burun və boğaz həkimi Mahmud Reza Tahiri, beyin sinir cərrahı Həmid Cəngi, üz və çənə cərrahı Masoud Fallahimotlagh, ansestezoloq Şiva Norozinia, beyin sinir cərrahı Dariuosh Rouhy, uroloq İbrahim Musəvi, Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi, uroloq-cərrah Zəbur Bağırov, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin cərrahiyyə şöbəsinin müdiri, tibb üzrə elmlər doktoru İsa Abdullayev və muxtar respublika xəstəxanasının kardioloqu Ramin Hacıyev tibb elminin son nailiyyətlərindən və müxtəlif xəstəliklərin müayinə və müalicə məsələlərindən danışıblar.
Konfransda fikir mübadiləsi aparılıb, naxçıvanlı həkimlərlə iranlı həkimlərin tibb sahəsində əlaqələrinin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Əbülfəz Dünyamalıyev