Dağlardan gələn şəfa və ya sağlamlığımızı düşünürüksə… - FOTOLAR
İlin elə bir vədəsidir ki, təbiət ilhama çağırır bizi. Yaşıl donunu geyinmiş düzlərin, başı hələ də qarlı qalan dağların, rayihəsi ətrafı bürüyən meyvə ağaclarının, torpaqdan baş qaldıran, nərgizin, bənövşənin, rəngbərəng çiçəklərin gözəlliyinə gözlər necə biganə qala bilər? Hələ nəğmə oxuyan quşların səsini, çayların şırıltısını demirəm. Təbiət öz səsi və cazibədar rəngi ilə insanın ruhunu qidalandırır. Nahaq deyilməyib ki, insan təbiətin bir parçasıdır. Təbiətşünas alimlərin də dediyi kimi, "Təbiət insan olmadan da yaşayar, amma insan təbiət yox olduqdan sonra yaşaya bilməz". Təbiətin bizə bəxş etdiyi hava, su kimi vacib elementlərlə yanaşı, bir də sağlam qidalanmağımız üçün yetirdiyi nemətlər var. Hansı ki, bu nemətlərdən ilboyu faydalanmaq mümkündür. İnsan əlinin zəhməti olmadan düzlərimizin, dağlarımızın qoynunda yetişən bitkilər- qazayağı, xıncılovuz, çiriş, əvəlik, kəklikotu, uşqun, bolu, cacıq, çaşır, dağ göbələyi, yarpız, nanə daha sadalamadığımız onlarla belə bitkilər şəfa qaynağıdır. Necə deyərlər, min dərd varsa, min bir də dərmanı var". Bu hikmətə inanan ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər.
Elə ki yaz gəldi, bu dağların yamacını bəzəyən min bir dərdə dəva bitkilər insan övladına gəl-gəl deyər. İnsan bəlkə özü də bilmədən təbiətə pənah aparır. Tanrının bu yerlərdən əsirgəmədiyi gözəlliklər isə sanki bir cənnətdir-sağlam can cənnəti. Heç təbiətin özünəməxsus ətrini hiss etmisinizmi? Necə deyərlər, ölüyə can verər. Ətrafı bürüyən otların, çiçəklərin rayihəsi, məcazi dillə desək, təbiətin nəfəsi insanı stressdən, mənfi enerjidən xilas etdiyi kimi, süfrəmizə bəxş etdiyi nemətlərilə də orqanizmimizi xəstəliklərdən xilas edir.
İnsan ömür boyu nələrisə əldə etmək üçün əlləşir, çalışır, lakin bəzən öz sağlamlığını unutmuş olur. Və ya bu mövzuya səthi yanaşır. Hansı fəsildə orqanizm necə qidalanmalıdır, mövsümi xəstəliklərə qarşı immuniteti necə gücləndirmək lazımdır, sualları ətrafında düşünmür. Lakin həkimdən öncə hər bir insan özü-özünün həkimi olmalıdır. Bunun ən yaxşı yolu isə təbiətlə vəhdətdə olmaq, təbii məhsullara daha çox üstünlük verməkdir. Bir də unutmaq olmaz ki, insan öz doğulduğu bölgənin təbiətinin bir parçasıdır. O təbiət sənə nə bəxş edirsə, sağlamlığın üçün qəbul etməlisən.
Soyuq qış aylarında immunitetin aşağı düşməsi nəticəsində, orqanizmin xəstəliklərə qarşı dayanıqlığı zəifləyir. Qışdan yaz ayına keçiddə, yəni fəsil dəyişkənliyinə hər orqanizm fərqli reaksiya verir. İmmun sistemi zəif olanlar bu dəyişkənliyə tez məruz qalırlar. Odur ki, bu mövsümdə orqanizmi möhkəmləndirmək üçün qida rasionuna diqqət yetirmək mütləqdir.
Marketlərdə səliqə ilə paketlənmiş və qiymətdə heç də ucuz olmayan qidalar necə də gözəl görünür, deyilmi? Seçim qarşısındasınız? Elə isə özünüzə sual verin: Bizə nə lazımdır? Sağlamlığınızı düşünürsünüzsə qiymətdə ucuz, keyfiyyətdə və orqanizm üçün əhəmiyyətlilikdə yüksək çəkiyə malik olan elə sadə görünüşlü bitkilərə üstünlük verəcəksiniz. Təbiətin bu əvəzedilməz bəxşişindən faydalanmaqla orqanizminizdə xəstəliklərə qarşı müdafiə qalxanı yaradacaqsınız.
İnsan əlinin zəhməti ilə ərsəyə gəlməsə də, bu bitkiləri toplamaq sizə heç də asan gəlməsin. Hələ axtardığın da göbələk ola. Gah torpağın altında özünü gizləyən, gah da hərəsi bir tərəfə səpələnən bu dağlar gözəli vitamin qaynağıdır. Nənələrimiz həmişə göbələyi ətə bərabər tutublar. Səhər saatlarından çıxıb gün yarı olanadək bitkilərin yolunu, dilini bilənlərin kimisi xurcununa, kimisi torbaya yığar, kimisi də düzəltdiyi ətəkliyə. Göbələkdən tutmuş cacığa qədər, qazayağını, yarpızı, bağayarpağını, şötüyü, dağ keşnişini, quşdilini, şomunu torba dolu yığıb şad-xürrəm evə dönərlər.
Götürək elə bağayarpağını. Bəzən yanından laqeydliklə ötüb keçirik. Heç bilirsiniz nə kimi faydaları var? Çay kimi hazırlandıqda bəlğəm gətirən xüsusiyyətə malik olur. Bundan başqa, sinə yumşaldıcı təsiri var. Mədə ağrısı üçün yarpaqlar çiy şəkildə yeyilməlidir.
Dəridə əmələ gələn qaşıntılara qarşı yaxşı təsir göstərir.
Diş əti iltihabına qarşı istifadə edilə bilər.
Alman alimi Höte deyirdi: "Təbiətin tacı sevgidir. Ancaq sevgi yolu ilə ona yaxınlaşa bilərsiniz". Təbiətə sevgi göstərəcəksiniz ki, o da sizdən qayğısını əsirgəməsin. Bu bitkiləri toplayanda da diqqətli olmaq lazımdır. Onları kökündən qoparmaq elə kökünü kəsmək deməkdir. Odur ki, kökünə toxunmadan ehmalca,sevgi ilə qoparacağıq ki, növbəti il süfrələrimiz bu nemətlərdən məhrum olmasın.
Ələyəz, əvəlik, yemlik, turşəng, quzuqulağı, mərövşə, rəvənd, çiriş, cacıq, baldırğan, şomu, bolu, çaşır, dağ göbələyi, əməköməci, qazayağı, şirin qanqal, xatınbarmağı, əzmə-büzmə, niyazotu, dağ kəvəri, bulaqotu, yarpız öz zəngin tərkibi ilə mədəni becərilən tərəvəzlərdən qat-qat üstündür. Üstəlik, bu nadir qida bitkilərini təbiət özü mineral gübrəsiz, herbisidsiz, dava-dərmansız bitirir. Bu bitkilər təzə-tər halda, bəziləri saç kimi hörülərək kölgədə qurudulmaqla, çoxu duza-turşuya qoyulmaqla ilboyu süfrələrin bəzəyi olur.
Hələ bu harasıdır, dağlarımızda, yaylalarımızda bitən çay bitkilərini hansı məşhur firmanın istehsalı əvəz edə bilər ki? Kəklikotu, solmazçiçəyi, yarpız, ətirsünbül, dağ zirəsi, dağ nanəsi, çobanyastığı, boymadərən, dazıotu, qaraqınıq, batrınc, andız, səhlab, qantəpər kimi insan orqanizmində gümrahlıq yaradan təbii çaylarımız min bir dərdin dərmanıdır. Min bir dərdə dəva nemətlərin təbiətdən süfrəmizə gətirməyin əsl zamanıdır. Bazara getmək kifayətdir ki, bu nemətlərdən alıb doldurasan zənbilinə, gətirəsən mətbəxə, bişirib qoyasan süfrəyə, sonra da ləzzətlə nuş edəsən.
Alaq gətirək, bişirməlisini bişirək, dəmlənilməli olanı dəmləyək. Süfrələrimizi təbii nemətlərimizlə süsləyək. Süsləyək ki, təbiətin bəxşişi olan bu bitkilər də orqanizmimizə güc və sağlamlıq bəxş etsin.
Ruhiyyə Rəsulova
Naxçıvan televiziyasının baş redaktoru