Şahtaxtı kəndində görkəmli oftalmoloq-alimin xatirəsi yad edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli rayonunun Şahtaxtı kəndindəki akademik Zərifə Əliyeva adına tam orta məktəbdə Zərifə xanım Əliyevanın anadan olmasının 97-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Əvvəlcə məktəbin kollektivi görkəmli oftalmoloq-alimin məktəbin foyesindəki büstü önünə gül dəstələri düzüb, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olublar.
“Akademik Zərifə xanım Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir”,- deyən məktəbin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov alimin həyat yolunun hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat dərsi, kamillik məktəbi olduğunu vurğulayıb.
Zərifə xanım həkim və alim kimi nümunəvi fəaliyyəti ilə fərqlənib, adını oftalmologiya elm tarixinə qızıl hərflərlə yazdırıb. Alimin elmi araşdırmaları və əldə etdiyi nailiyyətlər bir daha onun uzaqgörənliyini, hədəflərə nail olduğunu sübut edir.
Tədbirdə bildirilib ki, görkəmli oftalmoloq-alimin adını daşıyan tam orta məktəb hər il uğurlarla yadda qalır. Belə ki, ötən il məktəbdə 16 şagird məzun olub. Onlardan da 7-si ali təhsil ocaqlarında, 2-si isə orta ixtisas təhsil müəssisələrində təhsillərini davam etdirirlər.
Tədbirin sonunda məktəblilərin təqdimatında Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunan şeirlər bədii qiraət olunub.
Ərhan Novruzov