Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Optimal” Qrup MMC-nin birgə təşkilatçılığı ilə onlayn təlim keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Pozitiv düşüncələrin həyatımıza təsiri və karantin günlərində ruh yüksəkliyimizi artırmağın yolları” mövzusunda baş tutan təlimdə 20 nəfər gənc iştirak edib. Təlimdə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Ayaz Cabbarov bildirib ki, keçirilən təlimin məqsədi məhz gənclərdə pandemiya dövründə ruh yüksəkliyinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
“Araşdırmalara görə pozitiv düşünən insanlar qarşılarına yeni hədəflər qoymağa və bunları həyat keçirməyə qadirdirlər” ,deyən “Optimal” Qrup MMC-nin psixoloqu Əsmər Rzayeva pozitiv düşünməyin həyatımızdakı müsbət rolundan danışıb. Bildirib ki, pozitiv düşünmək insanlarla yaxşı münasibət qurmağı, bacarıqlı olmağı, stresdən uzaq durmağı, sağlam həyat tərzini formalaşdırır.
Təlimdə “Pozitiv düşünmək və insan münasibətləri”, “Pozitiv düşünmək və bacarıqlı olmaq”, “Pozitiv düşünmək və sağlam həyat tərzi” “Karantin dövründə ruh yüksəkliyimiz” mövzularında gənclərlə birlikdə müzakirələr aparılıb.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.