Naxçıvanda 301 tənha ahıla evlərində sosial xidmət göstərilib - FOTOLAR
NUHÇIXAN İnformasia Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Culfa rayonunda yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə sosial könüllülərin ziyarətləri təşkil olunub. Sosial xidmət işçiləri və könüllülər zəruri qabaqlayıcı tədbirlərə uyğun olaraq, sanitar-gigiyenik qaydalara riayət etməklə, evlərdə təmizlik işləri aparıb, gətirdikləri tibbi profilatik məmulatları sakinlərə təqdim ediblər.
Bu sosial aksiyaya “Badamlı” şirkəti də qoşulub. Şirkət nümayəndələri könüllülərlə birgə ahılları ziyarət edib, onlara “Badamlı” mineral sularından ibarət sovqatlar təqdim ediblər.
Muxtar respublikada bu kimi tədbirlər davamlı xarakter alıb və pandemiya dövründə ümumilikdə 301 tənha ahılı əhatə edib.
Qeyd edək ki, mart ayının 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 65 yaşdan yuxarı olan tənha ahıllara həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər tərəfindən müvafiq xidmətlərin göstərilməsi barədə tapşırıqlar verilib.