Naxçıvanda ilk onlayn respublika elmi konfransı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində “Azərbaycan bədii tərcümə sənətinin inkişafında naxçıvanlı ziyalıların rolu" mövzusunda ilk onlayn respublika elmi konfransı keçirilib.
Konfransda universitetin rektoru Elbrus İsayev tərcümə sənətinin tarixindən, xalqların tərcümə tarixinin öyrənilməsinin əhəmiyyətindən danışıb. Muxtar respublikada bu sahəyə xüsusi diqqət və qayğı olduğunu qeyd edən rektor universitetdə yaradılan tərcümə mərkəzinin fəaliyyətinə toxunub, gələcək perspektivləri dəyərləndirib.
Baba Nemətullah Naxçıvaninin elmi və tərcüməçilik fəaliyyəti haqqında məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ədəbiyyatın mühüm bir qolu olan tərcümə sənətinin tarixinə nəzər salıb, Azərbaycanda tərcümə tarixinin “Qurani-Kərim”lə bağlı olduğu bildirilib. Orta əsrlərdə yaşamış türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhvələr vermiş, Azərbaycanın təsəvvüf və təfsi alimləri arasında xüsusi yeri olan ilk tərcüməçi alimlərdən Hinduşah Naxçıvaninin adı xüsusilə qeyd olunub.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitunun direktor müavini, professor Hüseyn Həşimli “Naxçıvan ədəbi mühitinin yetirməsi olan iki tərcüməçi haqda” çıxışında indiyədək tərcüməçilik fəaliyyəti araşdırılmayan Rzaqulu Nəcəfov, Rüfət paşa Səfərov haqında məlumat verib.
Alman dilindən tərcümədə Həmid Arzulunun, ingilis dilindən Şirməmməd Qüdrətoğlunun, fransız dilindən Şamil Zamanın, Vaqif Məmmədovun, Elxan Yurdoğlununun, yazıçı Nərgiz İsmayılovanın türk poeziyasından çevirdiyi nümunələr, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin dünya ədəbiyyatının korifeylərindən sayılan Cəlaləddin Ruminin “Məsnəvi”sini ilk dəfə olaraq dilimizə çevirməsi müsbət ədəbi hadisə kimi qiymətləndirilib.
Sonda rektor müasir mərhələdə tərcümə sənətinin inkişafında kadr hazırlığına toxunub. Konfrans “Bədii tərcümənin tarixi və nəzəriyyəsi”, “Bədii tərcümə müasir mərhələdə” adlı bölmə iclasları ilə davam edib.
Qeyd edək ki, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, AMEA Naxçıvan Bölməsi, Azərbaycan Dillər Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşlarının da qoşulduğu konfransda hər bir iştirakçıya elektron iştiraketmə vəsiqələri də təqdim edilib.
Səadət Əliyeva