Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti aprel ayının ikinci yarısında bir sıra qərarlar qəbul edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirlər Kabinetinin 2020-ci ilin 16 aprel tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Həmkarlar İttifaqları Şurası və Sahibkarlar Konfederasiyası arasında 2020-2022-ci illər üçün Baş Kollektiv Saziş bağlanılıb.
Nazirlər Kabinetinin 20 aprel tarixli qərarları ilə “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi üzrə müqavilənin Nümunəvi Forması”nda, “Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinin daxili intizam Qaydaları”nda və “Naxçıvan Muxtar Respublikasında dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişikliklər edilib. Müvafiq Qaydalarda edilmiş dəyişikliyə əsasən Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində saxlanılan əcnəbilərə qanunvericiliyə uyğun olaraq ödənişsiz psixoloji yardım göstərilir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2020-ci il 25 aprel qərarları ilə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının tərkibində dəyişikliklər edilib və “Naxçıvan Muxtar Respublikasında fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” təsdiq edilib. Müvafiq Qaydalara görə fiziki şəxs özünün və ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün ən azı 2 ədəd eyni və (və ya) eynicinsli malı bu Qaydalarla müəyyən edilən hədlər çərçivəsində güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçirmək hüququna malikdir. Fiziki şəxslər tərəfindən səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar, avtomobilin konstruksiyasında nəzərdə tutulan yanacaq bakının tutumu həcmində yanacaq, hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları, təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş digər mallar gömrük sərhədindən keçirilə bilər.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar.nakhchivan.az) tanış olmaq mümkündür