“Qazax” əlahiddə sərhəd diviziyasında Ali Baş Komandanın tapşırıqlarının icra vəziyyəti yoxlanılıb - FOTOLAR

A- A A+

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsini həyata keçirən “Qazax” əlahiddə sərhəd diviziyasının hərbi hissə və bölmələrinə səfər ediblər.

DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, səfər çərçivəsində M.Əliyev və E.Quliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icra vəziyyətini yoxlayıb, sərhədçilərin xidməti və yaşayış şəraitlərini nəzərdən keçirib, sərhəd-döyüş məntəqələrində düşmənlə təmas xəttində xidmət aparan hərbi qulluqçularla görüşüblər.

Dövlət sərhədində zəruri sərhəd mühafizə və müdafiə infrastrukturunun formalaşdırılması məqsədilə görülən işlərlə tanış olunub, bu məqsədlə aparılan tikintilərə baxış keçirilib, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun iştirakı ilə bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin qısa müddət ərzində reallaşdırılması məsələləri müzakirə olunub.

“Qazax” əlahiddə sərhəd diviziyasının rəhbər heyəti ilə xidməti müşavirə keçirilib, hərbi hissə və bölmələrin döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, sərhədçilərin döyüş ruhunun daha da yüksəldilməsi istiqamətində zəruri tapşırıqlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: