Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülür.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Eyni zamanda, xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Qeyd edək ki,COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.