Azərbaycan toponomiyasında rast gəlinən bir çox peşə, sənət adları əsrlər keçəndən sonar tayfa, nəsil, tirə adları kimi formalaşıbdır. Onların yaşadığı yerdə əbədiləşən belə qədim adlardan biri də Dəmirçidir. Bu barədə prof. Tofiq Əhmədov yazır ki, -çı (-çi, -çu, -çü) şəkilşisinin müxtəlif quruluşlu ümümi isimlərə artırılması ilə düzələn sənət, peşə, məşğuliyyət, ictimai-siyasi mövqe, əqidə, mənəvi keyfiyyət səciyyəli adlar oykonimləşir; məsələn, Dəmirçi, Ələkçi, İlxıçı və s. Tarixi faktlar göstərir ki, bu qəbilədən olan tayfa, nəsil, və tirə adları onların məşğuliyyəti ilə əlaqədər yaranıb.
Akademik Budaq Budaqov da Dəmirçi, Dəmirçilər, Dəmirçidam, Dəmirçi dərəsi, Dəmirçiçay kimi kənd və çay adlarının qədim dəmirçilik sənəti ilə əlaqədar yarandığını qeyd edir. Digər tədqiqatçılar da bu məsələyə eyni mövqedən yanaşıblar. Misal üçün, prof. Qara Məşədiyev Bərdə rayonundakı Qaradəmirçi oykonimini sənət, peşə, məşğuliyyətlə bağlı kənd adı kimi izah edir. Prof. Səyyarə Mollazadə isə Qəbələ rayonundakı Dəmirçi Oykonimi haqqında bəhs edərkən bu adın “dəmirçi yaşayan yer” və ya “dəmiçi olan yer” Dəmirçilər yaşayış yerinin mənasını “bir neçə dəmirçinin yaşadığı yer, yaxud dəmirçilərin yaşadığı ərazi” kimi göstərir.
Azərbaycanda, həmçinin Şərur rayon ərazi toponimiyasına daxil olan Dəmirçi kənd adının (oykonimin) türkəsilli tayfa adından yaranması ehtimalı müvafik elmi mənbələrdə təsdiq edilir. Dəmirçilər tayfası haqqındakı məlumatlarda, yaxud tədqiqat əsərlərində qeyd edilir ki, tarixçi Şəhabəddin Nəsəvi (XIII əsr) dəmirçiləri Çingiz xanın nəsli ilə bağlayır. Dəmirçilər XVI əsrdə Türkiyənin Qars şəhəri ətrafında yaşamışlar. M.M.Xəzaniyə (XIX əsr ) görə dəmirçilər Azərbaycana (əsasən Qarabağa) Pənahəli xan Cavanşirin dövründə gəliblər.
Bəzi mənbələrdə dəmirçi şahsevən qəbiləsinə mənsub nəsil adı kimi göstərilir. Məhəmmədhəsən bəy Vəlilinin (Baharlının) verdiyi məlumlatlardan belə aydın olur ki, Anadoludan gələn türklərin bir hissəsi İran Azərbaycanına köçüb, XVI əsrdə Şah Abbasdan “Şahsevən” ünvanı qazandılar. Şahsevənlər İran Azərbaycanına üç min ailə miqdarında Yunsur paşa bir nəfərin iradəsi altında gəlibdilər. Həmin şəxsin nəvələri Bəyədəli bəy və Xoca bəydən başlayaraq iki nəsil vücuda gəldi: biri bəydilli, digəri xocalı. Birincidən bir neçə qıçalar ayrılıbdır ki, Azərbaycanda yalnız Qaraqasımlılar yaşamaqdadır. Qaraqasımlı Bəyədəli bəyin oğlu Qara Qasım bəydən başlayıbdır. Şahsevən qəbiləsinin ən nüfuzlu bəylərindən birinin üç oğlunun adları ilə üç qıça adlandırılıbdır: Polad bəy-Poladbəgli; Dəmir bəy- Dəmirbəyli; Gözət bəy- Gözətbəyli.
M.Vəlilinin (Baharlının) məlumatarından ehtimal etmək olur ki, dəmirçi tirəsi şəxs adından, yəni Dəmir bəyin adından yaranıbdır. Həmçinin Bəydəli bəydən də bəydili nəsli törəyib. Əlbəttə, bu izahlar inandırıcı görünmür. Ona görə ki, “dəmir” komponentli toponimlər Dəmir bəy antroponimindən (şəxs adından) yaransaydı, həmin adlar Dəmirbəyli kimi formalaşardı. Bəydili qolu da bəlli olduğu kimi, oğuzların 24 əsas boylarından biri olan bəydilidən (bəgdilidən) gəlir ki, M.Vəlili özü də Şahsevənlərə bəydili və inallı qəbilələrinin qarışdığını qeyd edir.
Şahsevənlərin müxtəlif vaxtlarda Azərbaycana gəldiyini qeyd edən prof. Qiyasəddin Qeybullayev 1870-ci il məlumatlarında Bakı quberniyasında yaşayan Şahsevənlərin tərkibində müxtəlif nəsillərə aid ailələr içərisində dəmirçi, 1832-ci ilin arxiv sənədlərində isə, qazax etnonimi arasında 30 dəmirçili ailəsinin olduğunu göstərir.
Faruk Sümərin verdiyi məlumata görə orta əsrlərdə Qars əyalətində yaşayan ellərdən biri Dulqədirli adlanırdı ki, onu təşkil edən tirələrdən (varsak, qaramanlı, zəlmanlu, zakirli, qavurcalu, geclik, əkinçilər və.s) biri də dəmirçülü idi.
Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə qənaətə gəlmək olar ki, dəmirçilik qədim peşələrdən biri kimi türklər arasında geniş yayılıb və həmin sənədlə məşğul olanların törəmələri nəsil kimi formalaşıb.Dəmir leksik vahidi “Kitabi- Dədə Qorqud” dastanında da indiki anlamda işlənib. “Qalqubanı yerindən turan yigid, nə yigitsən? Əgni bəg dəmür tonın geyən yigid, nə yigitsən?”
Dəmirçi oykoniminin sənət, peşə məşğuliyyəti ilə əlaqədar təşəkkül tapan etnonimdən yaranması şübhə doğurmur. Bu etnonim müxtəlif tayfa birlikləri (şahsevənlər, qazaxlar, dulqədirlilər) içərisində qeydə alınması da təbiidir. Çünki bu peşə müxtəlif yerlərdə təşəkkül tapdığından “dəmirçi” leksik vahidi də geniş yayılıb, ümumilikdə bir neçə eyni adlı nəsil adı, yəni etnonim kimi formalaşıb və nəticədə onların məskunlaşdığı yerlərdə bu ad öz izini saxlayıbdır. Təsadüfi deyil ki, Rafiq Özdək yazır: “ Göytürklər mədəni, ən yaxşı işləyən, ən yaxşı dəmir silahlar düzəldən türk boyudur. Onun üçün onlara “Dəmirçilər” də deyilirdi. Gerçəkdən də Hun imparatorluğunun dağılmasından sonra juan-juanlara (avarlara) sığınan göytürklər bir müddət onlara dəmirçilik edərək varlıqlarını qoruyublar.”
Akif İmanlı
Naxçıvan Müəllimər İnstitutu, Dillər və ədəbiyyat kafedrasının müdiri