“Farma Şah”ın məhsulları Türkiyəyə ixrac olunacaq - FOTOLAR
NUHÇIXAN İnforamsiya Agentliyi xəbər verir ki, “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini genişləndirir. Şahbuz rayonunda yerləşən müəssisədə hazırda 70 çeşiddə, 60 adda məhsul istehsal olunur. Burada 7 daimi 20 mövsümi işçi çalışır.
Müəssisəni əsas xammalla rayon sakinləri təmin edir. Onlar Şahbuzun zəngin təbiətindən topladıqları müxtəlif dərman bitkilərini müəssisəyə təhvil verirlər. Hazırda sakinlərdən gicitkan bitkisinin qəbulu aparılır.
Müəssisədə istehsal olunan məhsulların 40-ı bitki və bitki çayları, 15-i müalicəvi bitki yığıntıları, 2-si bəkməz, 10-u isə kapsullardır. Müalicəvi bitkilər 40 qramlıq qutularda qablaşdırılır. Bitkilərin növündən və istifadə qaydasından asılı olaraq istehsal üçün onların yarpağı, çiçəyi, meyvəsi, qabığı götürülür. Hazırlanan bu çaylar ətri və insan orqanizmi üçün faydalarına görə əvəzsizdir. Faydalı minerallarla yanaşı, fosfor, yod, kalsium və bir sıra vitaminlərlə zəngin olan bu çayların tərkibindəki antioksidant maddələri xərçəngin istənilən növünün yaranmasının qarşısını alır.
Qeyd edək ki, müəssisə gün ərzində 800 qutu çay, 400 şüşə qab bəkməz, 300 şüşə qab kapsul istehsal etmək gücünə malikdir. Məhsulların qutularının üzərində istifadəsinə göstəriş, saxlanma şəraiti və istifadə tarixi haqqında məlumatlar əks olunur.
Muxtar respublikamızda fəaliyyət göstərən ticarət mərkəzlərində, əczaxanalarda, hətta Naxçıvandan kənarda belə, “Farma Şah”ın məhsullarını almaq mümkündür. Bu il müəssisədə istehsal olunan məhsulların Türkiyə Respublikasına ixracı nəzərdə tutulur.
Turab Hacızadə