Hər birimiz ruhumuzu oxşayan bir musiqi əsəri eşidəndə gözümüzü yumub musiqinin incəliklərini hiss etməyə çalışırıq. İstənilən gözəl bəstə bizi öz sehirli aləminə qonaq aparır. Bir sirli-sehirli dünya açılır gözümüzün, könlümüzün qarşısında. Bizə çox mətləblərdən danışan, düşündürən, kamilləşdirən o ilahi səs qeyri-ixtiyari bir sual ətrafında var-gəl edir. Bu gözəl ürək sahibi kimdir? Necə yazılıb bu ölümsüz əsər? O səsin, bəstənin sahibi zamanla gizli qəhrəmana çevrilir. Bəzən özümüzdə bilmədən o qəhrəmanın axtarışına çıxırıq...
Hələ uşaqikən konsertlərdə eşitdiyim “Olaydım mən”, “ Yar gəlmədin”, “Naxçıvan”, “Nəğmə çalır ürəyim” kimi mahnıların bəstəkarına gizli heyranlıq duyurdum. Balacalıqdan bu əsərlər məni möhtəşəmliyi ilə öz sehirli aləminə qonaq aparırdı. Konsert sonrası atamdan müəllifini soruşanda qaneedici bir cavab almırdım. Elə o vaxtdan sözügedən əsərlərin müəllifini axtarmaq, bəstəkarını tanımaq ,musiqili dünyası ilə tanış olmaq istəyirdim.
Və illər sonra Naxçıvan Dövlət Universitetində oxuyarkən yenə o nəğmələri duydum. Musiqiyə olan heyranlıq bu əsərlərin müəllifini özüm də bilmədən qarşıma çıxartdı. Uzaq keçmiş, xoş təsadüf desək yanılmarıq. Bir gün konsert öncəsi səslənən “Yar gəlmədin” ifasını eşidən kimi müəllimdən bu bəstənin müəllifini soruşdum. Bir az gülümsəyərək müəllifin Naxçıvanın tanınmış bəstəkarı Məmməd Məmmədov olduğunu söylədi.
“Onunla necə görüşə bilərəm? Çoxdankı,uşaqlıq arzumdur”
Müəllim isə təəssüf hissi ilə dedi ki, sən onu görə bilməzsən. O illər əvvəl dünyadan köçüb. Bu əsərlər də bizə bəstəkarın gəlib çatmış yadigarlarıdır.
Sevdiyim mahnıların müəllifini qiyabı də olsa tanımağım, öyrənməyim işin yaxşı tərəfi idi. Amma təəssüfləndim ona görə ki, sənətkarın öz dilindən nəsə eşidə bilməyəcəkdim. Azərbaycan musiqi mədəniyyətinə misilsiz xidmətləri olan, ölümsüz mahnıların bəstəkarı barədə geniş material toplamaq, onun haqqında yazmaq təbii ki, çox çətin idi.
Üzərindən illər keçdi. Daha xoş bir təsadüflə yenə üz-üzə qaldım. Sevincimin səbəbi bu il yanvar ayının 28-də Ali Məclisin Sədri Vasif Talıbov tərəfindən imzalanan Naxçıvanın tanınmış bəstəkarı Məmməd Məmmədovun 100 illiyinin keçirilməsi haqqında Sərəncam oldu. Sanki taleh yenidən bu sənətkarı qarşıma çıxartdı. Və ilk işim sənətkarın haqqında dərc olunan qəzet materiallarını araşdırmaq oldu. Bu sərəncamla Məmməd Məmmədov yaradıcılığı yenidən oxucu qarşısına çıxdı. Bəstəkarın həyat və fəaliyyətinin bilinməyən məqamları araşdırma mövzsusu oldu. Kim bilir bəstəkarın daha hansı bilinməyən, gizli qalmış mahnıları gün işığına çıxacaq? Təkcə musiqi,incəsənət tədqiqatçıları yox,elə mənim kimi dinləyicilər də bəstəkarın yaradıcılıq izinə düşdü..
Türkan Hüseynli
Türkan Hüsenli