NUHÇIXAN xəbər verir ki, görkəmli filosof 1201-ci ildə anadan olub. Ölkəmizdə bu dahi mütəfəkkirin yubileyləri böyük təntənə ilə qeyd edilib. Nəhəng alimin 800 illik yubileyi ilə bağlı onun bir sıra əsərləri tərcümə olunub, zənginliyi və rəngarəngliyi ilə fərqlənən Tusi yaradıcılığı geniş tədqiqat obyektinə çevrilib.
Onun qələmindən çıxan yüzdən artıq əsər elmin astronomiya, riyaziyyat, fizika, tibb, fəlsəfə, etika, məntiq və digər sahələrinə həsr olunub. Bu əsərlərə dünyanın müxtəlif muzeylərində və kitabxanalarında rast gəlmək mümkündür.
Tusi Şərq dünyasında daha çox etikaya dair "Əxlaq-i Nasiri" adlı məşhur əsəri və Marağa rəsədxanasının banisi kimi xüsusi rəğbət qazanıb. “Əxlaq-i Nasiri” əsəri muxtar respublikada oxunması zəruri olan kitabların siyahısına daxil edilib. Tusinin Azərbaycanda hələ XIII əsrdə tikdirdiyi Marağa rəsədxanası öz həcminə görə Şərqin bütün məşhur rəsədxanalarını geridə qoyub. Onun müşahidə etdiyi və haqqında yazdığı astronomik hadisələr sonradan Avropanın və dünyanın rəsədxanalarında geniş şəkildə öyrənilib və tətbiq edilib.
Qeyd edək ki, alim 1274- cü ildə vəfat edib.
Mədinə Rəhimli