Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev onlayn elmi-nəzəri seminar keçib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Siqnal analizi texnologiyalarının inkişafı və bəzi tətbiqləri” mövzusunda baş tutan seminarda Memarlıq və mühəndislik fakültəsi və Fizika- riyaziyyat fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının müəllim və tələbələri olmaqla ümumilikdə 120 nəfər iştirak edib. Tədbirdə universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tələbələrlə birgə müəllimlərin də seminarlardan təcrübi cəhətdən faydalanmasının əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitunun baş elmi işçisi, texnika elmləri doktoru Fərhad Paşayev bildirib ki, hal-hazırda siqnalların rəqəmli emalı radiotexnikada, telekommunikasiyada, idarəetmə sistemlərində, audiotexnikada, televiziya yayımlarında geniş istifadə olunur. Alim siqnalların təsnifatı -analoq və diskret siqnallar haqda tələbələrə məlumat verib. Siqnallar nəzəriyyəsi, siqnallların enerjisi və gücü, siqnalların modulyasiyası, demodulyasiyası metodları, dövri siqnallara tətbiq olunan furye sırası ətraflı şərh edilib.
Sonda müəllim və tələbələrin sualları cavablandırılıb.
Səadət Əliyeva