Fiziki imkanları məhdud fermerin uğurları - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Şəkərabad kənd sakini Aslan Məhərrəmov kəndin torpaq sahələrinin 57 hektarında bol məhsul yetişdirib. Bu əkin sahələrinin 47 hektarını taxıl zəmiləri əhatə edir. Torpaq mülkiyyətçisi deyir ki, elə il olub ki, zəmilərdən hektardan 45-50 sentner məhsul götürüb. Hazırda sahələrdə badımcan və bibər kimi tərəvəzlərin məhsul yığımına başlanıb. 2 həftə ərzində isə sahədən pomidor da yığılıb bazara çıxarılacaq.
Zəhmət adamının dediyinə görə, elə il olub ki, qarpız sahəsinin hər hektarından 30 ton məhsul götürüb. Gələn ayın əvvəllərində satışa çıxarılacaq qarpız sahəsindən bu il də yaxşı məhsul gözlənilir.
Fiziki imkanlarının məhdud olmasına baxmayaraq Aslan Məhərrəmov təkcə əkin sahələri ilə kifayətlənmir, 20 arı ailəsi saxlayır və kənddəki xidmət mərkəzini də işlədir.
Hafizə Əliyeva