Cəmiyyətin son onilliklərdə inkişaf səviyyəsi, onun informasiya-texnoloji bazası, kompüter texnikasında, proqramlaşdırma texnologiyasındakı kəskin sıçrayış və başlıca olaraq yeni rabitə vasitələrinin əmələ gəlməsi yeni təhsil texnologiyalarının axtarışına təkan verib. Müasir təhsil modelinin hazırlanması problemi yeni, rahat təşkilati formaların tapılmasından, təkcə müəllim-şagird səviyyəsində deyil, sistemin müxtəlif səviyyələrində təhsil prosesinin açıqlığını saxlamaq və inkişaf etdirməkdən ibarətdir.
Yeni təhsil modelinində əsas məsələ – pedaqoqun və təhsil alanın “özqiymətə”, “özanalizə”, “öztəhsilə”, “özinkişafa” fərdi diqqət göstərməsidir. Yeni paradiqma təhsilə sərbəst varlıq kimi baxır. Yeni təhsil paradiqmasının yaradılmasının məqsədi – bazar iqtisadiyyatı şəraitində öztəhsil və mədəniyyət səviyyəsini artıran, müasir dünya informasiya fəzasına inteqrasiya olunma qabiliyyətinə malik, sərbəst, kritik düşünən şəxsiyyətin inkişafına şəraitinin yaradılmasıdır.
İnformasiya texnologiyalarının müasir cəmiyyətə güclü təsiri ənənəvi ünsiyyət vasitələrinin köklü dəyişməsinə səbəb olub. İnternet müxtəlif mədəniyyətlərarasında maneəsiz ünsiyyət məkanına çevrilib.
Müasir cəmiyyətin reallıqları daxilində ən aktual problem sosial-şəbəkə mədəniyyəti fenomeninin öyrənilməsidir.
Müxtəlif sosial praktikaları həyata keçirməyə imkan verən informasiya-kommunikasiya mədəniyyətinin seçilən kommunikasiya vasitələrindən biri virtual fəzada sosial əlaqə və münasibətlərin qurulması və təşkilinə xidmət edən interaktiv çoxistifadəçili veb-servislər olan sosial şəbəkələrdir.
Müasir sosial şəbəkələr insanları “onlayn” rejimdə müxtəlif maraq dairələri çərçivəsində birləşdirərək onlar arasında ümumi və fərdi qarşılıqlı əlaqələr əmələ gətirir. Sosial şəbəkələrdən istifadə edənlər təkcə hər hansı bir kontenti öz səhifəsində çap etdirmir, həmçinin əlavə yazılara, çaplara baxaraq bəyənməsi haqqında rəy bildirir. Sosial şəbəkələrin media-fəzasında hər kəsdə mənəvi prinsiplərə sadiqlik olmur, çünki bu fəzada təkcə bir ölkənin, bir mədəniyyətin və xalqın nümayəndələri iştirak etmir. Hər birinin öz mədəniyyət səviyyəsi olmaqla yanaşı, sosial-şəbəkə “etikası” var. Qlobal nöqteyi-nəzərdən baxsaq yaxın keçmişə qədər sosial şəbəkələr ancaq “qeybət” obyekti olaraq istifadə olunduğunu görərik.
Muxtar respublikamızda sosial şəbəkələrin milli-mənəvi dəyərlərimizin, tariximizin və dövlətçiliyimizin geniş təbliğat obyektinə çevrildiyinin şahidi oluruq.
Sosial şəbəkələrin müasir vəziyyəti onun istifadəçilərində öz mədəniyyətini, dünyagörüşünü və dəyərlərini göstərmək üçün geniş imkan yaradır.
Son illər dünyada cəmiyyətdə sosial şəbəkələrin təhsildə tətbiqi məsələləri geniş müzakirə olunur. Şərtsiz ki, sosial şəbəkələr yeganə şəbəkə təlimi kimi ola bilməz, lakin onların təhsil və təlim imkanları tam olaraq qiymətləndirilməyib.
Son aylar COVİD-19 virusu ilə qlobal mübarizə şəraitində karantin rejimi ilə əlaqədar olaraq təhsil müəssisələrinin öz fəaliyyətini şəbəkələr vasitəsilə davam etdirməsi bir daha sosial şəbəkələrin rolunun dəyişərək “təhsil müstəvisinə” keçidi aktual məsələ olubdur. Sosial şəbəkələrin təhsil məqsədilə tətbiq olunmasının bir sıra müsbət aspektlərinin aşkara çıxdığının şahidi oluruq. İlk növbədə bu tələbələr üçün rahat və vərdiş etdikləri bir mühitdir. Bu şəbəkələrin xarici görünüşü, onlarda iş artıq tələbələrə tam aydındır. Bu proqramlarla necə işləməyi artıq onlara öyrətməyə ehtiyac yoxdur. Qeyd etmək lazımdır ki, son dövrə qədər müəllim tərəfindən yaradılan veb-resurslara tələbələr tərəfindən daxil olmaları az olurdu. İndi demək olar ki, artıq tələbə sosial şəbəkələrin əyləncə vasitəsi deyil, onun gələcək peşəkar fəaliyyətinin təşkilinin güclü vasitəsi olduğunu anlayır.
Qarşılıqlı əlaqənin müxtəlif geniş imkanlar diapazonu birgə işin təşkilinə imkan yaradır. Təhsil prosesində sosial şəbəkələrin istifadə olunmasının əhəmiyyətli müsbət cəhəti müəllimlərin kommunikasiya məsələlərinin həyata keçirilməsində iştirak etməsidir.
Sosial şəbəkələrin təhsil prosesində istifadə olunmasında maraqlı məqamlardan biri istifadəçilərin saxta adlardan deyil, öz adlarından istifadə etmələridir.
Sosial şəbəkələr tələbələrə öyrəndiklərini təkcə müəllim və tələbə yoldaşları ilə deyil, bütün dünya ilə paylaşa bilmə imkanı verir. Bundan başqa, onlayn dərslərə üçüncü şəxslərin-ekspertlərin, mütəxəssislərin və digərlərinin cəlb olunması da mümkündür.
Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində müxtəlif platformalardan istifadə edərək onlayn dərslərin təşkili və keçirilməsi müəllim-tələbə, tələbə-tələbə qarşılıqlı əlaqəsi ilə yanaşı müəllim-valideyn qarşılıqlı əlaqəsinin möhkəmlənməsinə rəvac veribdir. Artıq valideynlər öz övladlarının dərslərdə necə iştirak etdiklərinin, necə cavab verdiklərinin şahidi olmaqla yanaşı, müəllimlərin də hansı səviyyədə dərsləri izah etdiklərinin şahidi olurlar. Öz fikir və təkliflərini verə bilir və bilavasitə onlayn dərslərin iştirakçısına çevrilirlər.
Sosial şəbəklərdə müxtəlif qrupların yaradılması və müəllimlərin bu qruplara daxil olması həm pedaqoji baxımdan, həm də mənəvi və tərbiyəvi baxımdan böyük rol oynayır. Artıq müəllimlər tələbələrlə eyni sosial şəbəkə qruplarında birgə fəaliyyət göstərə bilir, onlara düzgün istiqamət verə bilirlər.
Biz artıq “həyat üçün təhsildən” “həyat boyu təhsilə” keçirik. Sosial şəbəkələrdə müəllim və tələbələrin onlar üçün rahat vaxtda daimi qarşılıqlı əlaqə imkanı tədris prosesinin kəsilməzliyini təmin edir. Burada hər bir tələbə ilə fərdi işin təşkili imkanı əmələ gəlir. Bundan başqa ümumi keçirilən dərslərdən sonra tələbələr bir-biri ilə və müəllimlə qarşılıqlı əlaqədə olaraq dərs materialını müzakirə edə və bununla da tədris prosesində daha çox vaxt keçirə bilərlər. Sosial şəbəkədə tədris kursunun informasiya dəstəyi dərslərdə müəyyən səbəblərdən iştirak etməyən tələbələrə tədris prosesindən kənarda qalmama və müzakirələrdə iştirak edərək tapşırıqları yerinə yetirmə imkanı verir.
Sosial şəbəkələr vasitəsilə təhsilalma bəzi texniki çətinlikləri də aradan qaldırır, belə ki, tələbələr onlayn rejimdə əyani materialları elektron formada nümayiş etdirmək, offlayn rejimdə faylları yükləmək və onu sonra öyrənmək imkanı əldə edir.
Təcrübə göstərir ki, distant təhsil alan şagird daha müstəqil, məsuliyyətli və çevik olur. Çünki bu keyfiyyətləri olmasa o, sadəcə oxuya bilməz. Bu keyfiyyətlər əvvəlcədən olmasa belə, təhsil almağa olan istək təlimin sonunda onları əmək bazarının tələblərinə tam cavab verən mütəxəssislər kimi yetişə bilərlər.
Beləliklə, sosial şəbəkələri istifadə etməklə tədris və tərbiyəvi proseslərdə tələbə və müəllim qarşılıqlı əlaqəsi daha sıx olur. Sosial şəbəkələrin tədris prosesində istifadə olunması fəaliyyətin fərdə, onun baza və fərdi tələblərinə, potensial imkanlarının açılmasına şəraitin yaradılmasına istiqamətlənib.
Sosial şəbəkə vasitəsilə onlayn və offlayn dərsləri yay tətili müddətində də davam etməklə kəsilməz təhsili daha da inkişaf etdirə bilərik.
Vüqar Salmanov
Naxçıvan Dövlət Universitetinin İnformatika kafedrasının dosenti,
riyaziyyat üzrə fəlsəfə doktoru