XXI əsr insanlığa fərqli, fantastik ümidlər vəd etmişdi. Hər kəs yeni eranın birinci yüzilliyindən ağlasığmaz inkişaf gözlərkən, qarşılaşdığımız təbii fəlakətlər, cinayətlər, sağlıq problemləri insan övladının zaman-zaman sınağa çəkildiyini və bunun təkrar-təkrar baş verməsini çarəsizcə izləyir. Son aylar yaşadığımız zəruri sosial izolyasiya şəraiti bir çox insana əslində daxili aləmindəki potensialın, ideyanın, yaradıcılığın gizləndiyinin fərqinə varması üçün münbit şərait yaradıb. Gözəgörünməz bir düşmənlə qarşı-qarşıya qaldığımız bir dövrdə təbii ki, ehtiyatlı olmaq, dezinfeksiya qaydalarına, sosial məsafəyə diqqət yetirmək zərurəti yaranıb. Lakin bu vəziyyətdə xəstəlik qapıdaymış kimi panik hal keçirməmək, psixoloji vəziyyət halına gətirməmək üçün sağlam bədən – sağlam düşüncə məntiqi ilə hərəkət edilməlidir. Evdə qala bilməməkdən şikayətlənən bizlər yaranmış vəziyyətdən maksimum fayda götürməyə çalışmalı, elmi-yaradıcı potensialımızı təkmilləşdirmə istiqamətinə yönəltməliyik. Bu, hər bir sahənin insanı üçün keçərlidir. Belə ki:
- elm sahəsində çalışanlar - elmi tədqiqatlara daha çox zaman ayıracaq;
- maliyyə - iqtisad sahəsi- krizi fürsətə çevirməyin optimal imkanlarını axtaracaq (təbii ki, bu insanların xeyrinə olmalı);
- təhsil sahəsi - hər zaman olduğu kimi cəmiyyətin savadlanması üçün daim yeniləşən elmi-texniki innovasiyalardan istifadə ilə hər vəziyyətdə keyfiyyətli tədrisin təşkilini hazırlayacaq;
- psixoloq və sosioloqlar - gənc nəslin yetişdirilməsi imkanlarının daha verimli olması qayğısına qalacaq;
- ticarətlə məşgul olanlar hansı sahədə boşluqların olmasını araşdıracaq;
- xidmət sahəsi - istənilən vəziyyətdə daha hansı xidmətlərin zəruri olacağını müəyyənləşdirəcək və keyfiyyətini yüksəldəcək və s.
Çalışdığımız təhsil sahəsinin günümüzün reallığında tədrisin canlanması üçün mövcud imkanlardan necə səmərəli istifadə edilməsi istiqamətində apardığı işlər təqdirəlayiqdir. İstər ali, istərsə də orta məktəb müəllimləri imkan daxilində üzərinə düşən vəzifəni vicdanla yerinə yetirməyə çalışmaqdadır. Nadir hallarda buna şou donu geyindirməyə çalışanlar da tapılır. Lakin hər bir mənəviyyat daşıyan müəllim öz tələbəsi, yaxud şagirdi ilə hər dəfə onlayn dərsdə görüşdüyündə inanıram xüsusi məsuliyyət hisslər keçirirlər.Onlayn dərslərin offlayn dərs qədər effektli olmaması fikirlərində həqiqət vardır. Əslində dərslərin onlayn formatda keçirilməsi offlayn dərslər qədər effektli ola bilər. Bunun üçün proses iştirakçılarının hər biri bu işə ciddi yanaşmalı, öyrənib-öyrətmək zərurəti duymalıdır. Orta məktəb dərsliklərinin mövcudluğu, ali məktəblərdə mühazirələrin universitet portallarında yerləşdirilərək tələbələrə çatdırılması öyrənənlərə lazımi bilik mənbələri yaradır. Bu materialların əlavə izahata ehtiyacı var, əlbəttə. Onlayn və videoderslərin məqsədi də bu tələbatı ödəməklə təhsil sahəsində yarana biləcək durğunluğun aradan qaldırılmasına xidmət edir. Lakin əgər ali və orta məktəbdə təhsil alanlar bu işə ciddi yanaşmırsa, o zaman keçən zamanı itirilmiş hesab edə bilərdik. Bir məsələ də var ki, öyrənmək istəyən şəraitdən asılı olmayaraq öyrənir .Ucqar dağ kəndlərində repetitorun nə olduğunu bilməyən şagirdlərin 700 bal toplayaraq ən yüksək səviyyəli universitetlərə qəbul olunması faktı hamımıza məlumdur.
Son aylar bütün dünyada həyat virtuallaşb, bəşər övladı gecə-gündüz internetdən asılı vəziyyətə məhkum olub. Bəs bu qədər informasiya bolluğu, şüaya məruz qalma, texnologiyalardan, yeni proqramlardan istifadə zamanı keçirilən stress, yeni formata alışmanın gətirdiyi gərginliyi azaltmanın yolları hansılardır? Necə etməli ki, normal həyata qayıdarkən daha az zərər görmüş olaq. Yəni əsəblərimiz gərilməsin, həyatımıza fiziki cəhətdən sağlam davam edə bilək və bu zaman kəsiyindən elmimizi, mənəviyyatımızı təkmilləşdirilmiş vəziyyətdə çıxara bilək. Düşünürəm ki, gələcəkdə qarşaya çıxa biləcək problemlərdən sığortalanmaq üçün aşağıdakı qaydalara əməl etməkdə fayda vardır:
- yuxu rejiminə riayət etməklə (gecə-gündüz yuxusunun yerini dəyişməmək);
- sağlam yaşam - sağlıqlı qida rasionuna diqqət etməklə(duz, karbohidrat, şəkər, fəsfut qidalardan, zərərli vərdişlərdən uzaq);
- texnologiyalardan – yəni istifadə edilməsi zəruri olan yeni tədris, yaxud digər proqramlardan düzgün, səmərəli istifadə üçün mütəxəssislərdən kömək almaq (bu, lazımsız vaxt itkisinin və stresin qarşısını alacaqdır);
- görüləcək işi əvvəl planlaşdırıb fikri dəqiq layihələndirdikdən sonra kompüter arxasına keçmək (bu da diqqətin yayınmasına, lazımsız şüalanmaya və vaxt itkisinə qarşı əhəmiyyət kəsb edir);
- aktiv həyat tərzi keçirməklə (evdə, həyətyanı sahədə, idmanla məşğul olmaq, fiziki iş görmək);
- sabaha pozitiv düşüncə ilə baxmaq və hədəf müəyyənləşdirmək;
- maraqlı hobbilər – varsa inkişaf etdirmək, yoxsa yaratmaq;
- mənəviyyatı təmizləmək: iç dünyamıza baxmaq, analiz etmək (kimik, nə istəyirik).
Bütün bunlar bizim yeniləşən və sürətlə dəyişən dünya formatına uyğunlaşmamıza imkan yaradar, sabahın qarşımıza çıxaracağı sürprizlərinə hazırlıqsız yaxalanmamızdan qoruyar.
Bütün dünyada olduğu kimi, ölkəmizdə də müəllim-şagird-tələbə üçbucağının optimal işi üçün zəruri tədbirlər görülüb, proses davamlı inkişaf etdirilməkdədir. Məktəb-valideyn əlaqəsinin də sıxlaşdırılması öyrətmə-öyrənmə prosesində səmərəliliyi yüksəltməklə, yaranmış problemin optimal həllinə gətirib çıxarar.
Bəs Azərbaycan bu prosesə əvvəldən necə reaksiya verdi?"Pandemiya ilə bağlı mübarizədə Azərbaycan dövləti bir sıra ilklərə imza atıb. Azərbaycan əvvəldən koronavirusa qarşı mübarizədə bir sıra tədbirlər gördü və dünya ölkələri də bu təcrübədən istifadə etdi". Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov dedi. "Bu, pandemiyaya qarşı mübarizədə ən birinci qəbul edilən qərarlardan idi. Bu qərar qəbul edilən zaman dünyanın cəmi 12 ölkəsi oxşar qərarı qəbul edirdi. Daha sonra dünyanın 191 ölkəsi belə qərar verdi. Bu, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə nə qədər çevik reaksiya verdiyinin göstəricisidir".deyən Təhsil naziri vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən qəbul edilən qərarlar - vəziyyətin nəzarətə götürülməsi, virusun insanların sağlamlığına vura biləcəyi təsirin qarşısının alınması, dövlət orqanlarının çevik reaksiyası vətəndaş-dövlət həmrəyliyi nəticəsində olub.
Covid -19-un pandemiya vəziyyətinə dəyişilməsi səbəbindən cəmiyyətə, yəni təhsilə - iqtisadiyyata – ailə və fərdlərə göstərdiyi təsirlər hazırda tam anlaşılmaya bilər. Lakin bunun nəticələrini mənfi, yaxud müsbət tərəfə çevirə bilən cəmiyyətlər bu sınaqdan uğurla çıxacaqdır. Hər zaman bəşəri dəyərlərin əsas tutulması bütün cəmiyyətlərin qarşısında duran vəzifələrdən olubdur. Ümid edirik ki, Yer planetinin XXI əsrdə yaşadığı pandemiya sınağı təbiətə, insanlığa vurulacaq zərərlərin qarşısının alınması üçün bir xəbərdarlıq rolu oynayacaqdır. İnsanlığın qazanması, hər şeyin insanlığa xidmət etməsi ümidi ilə hər kəsə bol günəşli, Sağlam Dünya arzulayırıq.
P.S. Bəzən bu vəziyyəti yaşadığımızla birgə internetsiz-televiziyasız-smart telefonlarsız bir dünya düşünürəm. Və o an qanım donur, elmin-texnikanın inkişafında xidmətləri olan bütün insanlara sonsuz minnət duyuram.
Zərövşən Babayeva
Naxçıvan Dövlət Universitetinin dosenti, pedaqogika üzrə elmlər doktoru