FHN-nin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələri yaz-yay mövsüminə keçirilir - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Nazirliyin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar Mülki müdafiə alayında nümunəvi məşğələ keçirilib.
Əvvəlcə Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayevin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yaz-yay mövsümi istismarı şəraitinə keçidi ilə əlaqədar əmri və göstərici məşğələnin planı şəxsi heyətə çatdırılıb.
Daha sonra 3 təlim yerində, 32 tədris nöqtəsində xüsusi təyinatlı xilasetmə, yanğınsöndürmə və yük avtomobillərinin, digər mühəndis texnikalarının yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı görülən işlər, park xidmətinin, yanğından mühafizənin və tərbiyəvi işin təşkili, mühəndis avadanlıqlarına, su nasoslarına, xilasedici qayıqlara, dalğıc avadanlıqlarına, akkumulyator batareyalarına, səhra mətbəxlərinə, qaynaq aparatlarına, dizel generatorlarına, xilasetmə avadanlıqlarına, yanğın-texniki silahlara, eləcə də radiasiya-kimya kəşfityyatı cihazlrına və rabitə vasitələrinə texniki xidmətin göstərilməsi praktiki olaraq nümayiş etdirilib. Həmçinin texnikaların yaz-yay mövsümi istismarı şəraitinə keçidi zamanı istifadə olunan texniki mayelərin, turşuların və qələvilərin təhlükəsiz istifadə qaydaları və zəhərlənmələrə qarşı ilk tibbi yardımın göstərilməsi də şəxsi heyətin diqqətinə çatdırılıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi təyinatlı və avtomobil nəqliyyatı vasitələrinin yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təminatı mərkəzləşdirilmiş qaydada həyata keçirilir, yaz-yay mövsümi istismarı şəraitinə keçid zamanı texnikalara texniki xidmət 1 və 2 həcmində qulluq göstərilir.