Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, mayın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir 15-20 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° enəcək.
Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, mayın 6-da Azərbaycanın qərb rayonlarından başlayaraq mayın 8-dək əksər bölgələrdə havanın dəyişəcəyi, qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal və qərb rayonlarında isə güclü olacağı ehtimalı var. Şimşək çaxacağı, dağətəyi rayonlarda dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimal edilir. Qərb küləyi əsəcək, mayın 7-də bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək. Havanın temperaturu mayın 7-də ötən günlərlə müqayisədə 5-7° enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında qısamüddətli daşqın olacağı proqnozlaşdırılır.