İmmun sistemini gücləndirən vitaminlər və bəzi dərman bitkiləri

A- A A+

İnsanın immun sistemi müxtəlif yoluxucu xəstəliklərə və onların törədicilərinə qarşı orqanizmin təbii qoruyucu vasitəsidir. Bədəninin bu müdafiə sistemi mütəmadi olaraq infeksiyalar ilə uğurla mübarizə apmaq və müxtəlif xəstəliklərin törədiciləri olan virusların, bakteriya və göbələklərin yaydıqları xəstəliklərin bizdən asılı olmayaraq orqanizmimizə daxil olmasının qarşısını almaqla vəzifəlidir. Bunun üçün immun sisteminin güclü olması əsas şərtdir. Təbii ki, müxtəlif xroniki xəstəliklər və  bitki məhsullarından az istifadə , vitaminlərin orqanizmdə azalması immun sisteminin zaman-zaman zəifləməsinə səbəb olur. Tarixən insanlar orqanizmlərinin müdafiə qabiliyyətini gücləndirmək üçün müxtəlif vasitələrdən, xüsusilə xalq təbabətində tətbiq olunan təbii vasitələrdən daha çox istifadə edib və  az-çox dərəcədə buna nail olublar.

Məlumdur ki, bitki məhsulları vitaminlər, mikroelementlər və qidalı liflərlə olduqca zəngindir. Bu vitaminlər və mikroelementlərdən bəziləri immun sistemin gücləndirilməsində xüsusi əhəmiyyətə malikdir. Beləki

Güclü antioksidant olan C vitamini orqanizmin əlverişsiz xarici mühit amillərinə qarşı müdafiə qabiliyyətini artırır (müxtəlif infeksiyalar  və stresli amillər), tam dəyərli immun hüceyrələrinin əmələ gəlməsində iştirak edir, damarları möhkəmləndirir.

Narıncı və qırmızı rəngli tərəvəz və meyvələrdə daha çox olan A vitamini orqanizmin müdafiə qabiliyyətini artırır,faqosit hüceyrələrin fasiləsiz işləməsini təmin edir.

Antioksidant olaraq hüceyrələri sərbəst radikallardan qoruyan E vitamini də immun sistemini gücləndirir,orqanizmin hüceyrə və toxumalarını iltihablı  proseslərdən qoruyur.

В qrupu vitaminləri xəstəlikdən sonrakı bərpa prosesində və stres zamanı immuniteti stimullaşdırır,infeksiyalarla mübarizə üçün antitellərin istehsalına kömək edir.

Timus vəzin  (əsas immun vəzi) humoral fəaliyyətinin yüksəldilməsində iştirak edən sink isə immuniteti artıran kortizolun səviyyəsini tənzimləyir,immun hüceyrələrin (faqosit və s.) yaranmasına kömək edir, A və C vitaminlərinin immun stimullaşdırma təsirlərini artırır.

İnfeksiyalara qarşı antitellərin hazırlanmasında iştirak edən selen, E və C vitaminləri ilə bərabər hüceyrələri sərbəst radikallardan qoruyur,immun müdafiənin ən vacib komponenti olan sinkin orqanizmdə saxlanmasına səbəb olur.  

Yod immun müdafiyəyə cavabdeh olan qalxana bənzər vəzinin horman ifrazında iştirak edir. Xüsusilə orqanizmdə C vitamininin çatışmaması immun sistemin zəifləməsinə güclü təsir edir. İnsan bədəni C vitaminini sintez edə bilmir və onu təbii vasitələrlə almalıdır. Bu sistemin güclənməsində mikroelementlərdən sink, selen. A, B, E və D vitaminləri xüsusi əhəmiyyətə malikdir.Mikroelementlərdən selen C və E vitaminləri ilə kompleks əmələ gətirərək orqanizmdən sərbəst radikalların kənarlaşdırılmasında mühüm rol oynayır. Bu biofaktorlardan hər biri müdafiə sisteminin güclənməsində mühüm amil kimi kompleks şəkildə iştirak edir. Bunlarla yanaşı immun sisteminin gücləndirilməsində bir çox digər maddələr də iştirak edir.

Muxtar respublika ərazisi istər yabanı, istərsə də mədəni şəkildə becərilən dərman bitkiləri ilə çox zəngindir və bu bitkilər xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində  hər zaman istifadə olunmaqdadır. Bu dərman bitkiləri içərisində immun sistemini gücləndirən həmərsin, çaytikanı, qatırquyruğu, adi qoz (yarpağı və arakəsmələri), adi quşarmudu, bağayarpağı, kəklikotu, xamanerion və s.bu kimi bitkilər həddən artıq çoxdur. Bu bitkiləri əsasən dəmləmə şəklində istifadə edirlər. Bunlardan bəziləri haqqında  məlumat vermək istərdik.

Düzənlikdən subalp qurşağa qədər bütün rayonlarda yayılan iri bağayarpağı 15-40 sm hündürlükdə uzunsaplaqlı, yaşıl yarpaqları olan çoxillik ot bitkisidir.

Dərman bitkilərindən olan bağayarpağının bir neçə növündən, xüsusən iriyarpaq növündən elmi təbabətdə və eləcə də xalq təbabətində çox qədimdən geniş istifadə olunur. Xalq təbabətində bağayarpağının yarpaqları bəlğəmgətirici, sidikqovucu və sonsuzluğa qarşı eləcə də  şiddətli bronxitdə, kəsiklərin, irinli yaraların, əziklərin, yanıqların sağalmasında və immun sisteminin gücləndirilməsində mühüm rol oynyır.

Təpəli kəklikotu yarımkolcuq, gövdəsi çoxsaylı, budaqlanan, tükcüklü, yarpaqları saplaqlı, yumurtaşəkilli, yumurtaşəkilli-rombik və ya geniş neştərvari, hər iki tərəfi nöqtəli vəzili bitkidir. Çəhrayı çiçəkləri olan  təpəli kəklikotu orta və yüksək qurşağın daşlı-çınqıllı yamaclarında yayılıb.

İmmun sistemini gücləndirən  dərman bitkisi kimi ondan  öskürəyə, xüsusən göy öskürəyə qarşı istifadə olunur. Lakin ,  bir aydan artıq istifadə etmək məsləhət deyildir.

Çoxillik ot bitkisi olan zəif dazı şaxəli gövdəyə malikdir. Yarpaqları qarşılıqlı düzülüb və üzəri vəziciklidir. Parlaq sari çiçəkləri budaqların ucunda toplanıb süpürgə əmələ gətirir. Muxtar respublika ərazisində 9 növünə rast gəlinir.  Tibbi məqsəd üçün ən çox istifadə olunan növü zəif dazıdır. Bitkinin yerüstü hissəsi çiçək açan dövrdə yığılıb kölgə yerdə qurudulur və onun dəmləməsi büzüşdürücü, iltihab əleyhinə, antimikrob və müqavimət artırıcı xüsusiyyətə malikdir. Bitki ən gözəl antidepersantdır.

Daryarpaq xamaenerion 50-100 sm ucalığında, dik gövdəli, çoxillik bitkidir. Subalp qurşağın meşə, rütubətli əraziləri və çay kənarlarında yayılıb. Həlimi kardioloji xəstəliklərdə tətbiq olunur. Tərkibində dəmir və misin çoxluğuna görə  arterial təzyiqin tənzimlənməsinə,qanda hemoqlobinin normallaşmasına köməklik edir. Hətta yarpaqlarının tərkibindəki  C vitamininin miqdarı limondakından 3 dəfə çoxdur. Buna görə də orqanizmdə C vitamini çatmadıqda bu bitkinin çayı məsləhət görülür.

Sarı çiçəkləri olan adi dəvədabanı erkən yazda yarpaq əmələ gəlmədən əvvəl çiçəkləyir. Əsasən çay və dərə kənarlarında yayılıb.

Bəlğəmgətirici, iltihabgötürücü, yumşaldıcı, tərqovucu və spazmolitik təsirə malik olan bu bitki uzun qış mövsümündə soyuqdəymə nəticəsində zəifləmiş immun sisteminin gücləndirilməsində istifadə olunur. Dəmləməsi  tənəffüs yollarının xroniki xəstəliklərində, bronxitdə, qrip zamanı,pnevmoniya, plevrit, bronxialastma və virus xəstəliklərində tətbiq olunur.   

Həmərsin Naxçıvan MR-də 33 növü yayılıb. Bitkinin tərkibindəki vitaminlərin miqdarına və keyfiyyətinə coğrafi amillər böyük təsir göstərir. Meyvələrinin rəngi çəhrayıdan parlaq qırmızı rəngə keçəndə toplanması məsləhətdir. Yerüstü hissələri, meyvələri, toxumları, çiçəkləri və hətta kökləri müxtəlif xəstəliklərdə, məsələn: sinqa, raxit, qanazlığı, vərəm, böyrək və öd xəstəlikləri, avitaminoz  və  s.  istifadə olunur. Xüsusilə də bədənin müqavimətini artırmaq qabiliyyətinə malikdir.

Bəhruz Məmmədov

Naxçıvan Dövlət Universitetinin dosenti

Mürsəl Seyidov

Naxçıvan Dövlət Universitetinin müəllimi, biologiya üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: