Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi, Avropa İttifaqının himayəsi ilə koronavirusa qarşı mübarizəyə, o cümlədən virusa qarşı vaksinin işlənməsinə və xəstələnənlərin səmərəli müalicəsinin axtarışına vəsaitin toplanması üzrə marafon start götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, mayın 4-də Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin rəhbərliyi ilə donorların beynəlxalq videokonfransı keçirilib. Konfransda 7,5 milyard avro (8,2 milyard dollar) vəsait toplanması hədəf götürülüb. Bu vəsait hamı üçün əlçatan və ucuz vaksinin işlənib hazırlanmasını və istehsalını, habelə daha səmərəli diaqnostika və müalicə metodlarının axtarışını sürətləndirməyə imkan verəcək.
"Mən Avropa Komissiyasına və bu mühüm konfransın təşkilində aparıcı rol oynamış ölkələrin hökumətlərinə təşəkkür etmək istərdim... Bu gün məhz belə fəal mövqe tələb olunur", - deyə BMT-nin Baş katibi konfrans iştirakçılarına müraciətində bəyan edib. O xatırladıb ki, pandemiya sözün həqiqi mənasında bir neçə ay ərzində bütün dünyanı cənginə alıb. Koronavirusa 3,3 milyondan çox insan yoluxub, 230 min xəstə dünyasını dəyişib.
BMT Baş katibinin sözlərinə görə, koronavirusun ötürülməsini yavaşıtmaq və insanların həyatını xilas etmək üçün ictimai səhiyyə sahəsində əlaqələndirilmiş tədbirlər bu gün həmişəkindən çox həlledici rol oynayır. Virus bütün planet boyu yürüşünü davam etdirir və bu təhlükəli vəziyyətin öhdəsindən gəlmək gücü olmayan ölkələrə yayılır. Quterreş vurğulayıb ki, virus mövcud olduğu hər yerdə məğlub edilməyincə, qarşılıqlı əlaqədar olduğumuz dünyada heç kim özünü təhlükəsizlikdə hiss edə bilməz. O, COVID-19 koronavirusuna qarşı yeni diaqnostika, müalicə vasitələrinin və vaksinlərin işlənib hazırlanmasının və istehsalının və onların ədalətli paylanmasının təmin edilməsinin sürətləndirilməsi məqsədi ilə qlobal əməkdaşlığın səfərbərliyə alınması üzrə DST-nin təşəbbsünü alqışlayıb.
"Bu yeni vasitələr pandemiyanı tamamilə nəzarətdə saxlamaq üçün lazımdır... Bu, COVID-19 koronavirusundan azad dünyaya aparan yeganə yoldur", - deyə BMT-nin başçısı bildirib. O əlavə edib ki, bu gün vəd edilmiş maliyyə dəstəyi yalnız başlanğıcdır, lakin gələcəkdə, o cümlədən bütün dünyada səhiyyə sistemlərinin möhkəmlənməsi üçün xeyli çox vəsait tələb oluna bilər.
"Bu gün 7,5 milyard avro məbləğində ilkin vəsaitin ayrılması üzrə öhdəliklərin qəbul edilməsini alqışlayıram. Lakin bütün dünyadakı insanların nəticələrdən istifadə edə bilmələri üçün, çox güman, bizə beş dəfə çox vəsait tələb olunacaq", - deyə BMT-nin başçısı bildirib. O deyib ki, bu təşəbbüsün dəstəklənməsi üçün mayın 23-də daha bir görüş keçiriləcək.