Naxçıvanda Böyük Vətən Müharibəsi iştirakçılarının maddi yardımları onların plastik kartlarına köçürülüb
Ölkə Prezidentinin cari il aprelin 24-də imzaladığı “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan Muxtar Respublikasında da sərəncamın tam və vaxtlı-vaxtında icrası təmin edilməklə, 9 May - Qələbə Gününədək müvafiq şəxslərə birdəfəlik maddi yardımların ödənişi həyata keçirilib.
1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçılarının hər birinə 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə isə 750 manat məbləğində birdəfəlik maddi yardımın həmin şəxslərin bank hesablarına köçürülməsi təmin olunub.