Mayın 10-da Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda onlayn gənclər konfransı keçiriləcək.
Gənclər Fondundan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunacaq konfrans respublikanın əksər şəhər və rayonlarından gənclərin və xüsusi qonaqların iştirakı ilə təşkil olunacaq.
Konfrans çərçivəsində Ulu Öndər ilə uzun müddət işləmiş, böyük təcrübəyə malik olan şəxslər Heydər Əliyevlə bağlı xatirələrini və onun bioqrafiyası ilə bağlı maraqlı faktları gənclərlə bölüşəcəklər. Onlar Ümummilli Liderin həyatın bütün sahələrinin inkişafına verdiyi töhfələrdən, eləcə də Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq prioritet istiqamətlərdən biri olaraq müəyyənləşdirdiyi dövlət gənclər siyasəti barədə danışacaqlar.
Konfransda, eyni zamanda, Gənclər Fondu tərəfindən hazırlanan Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdiriləcək, konfrans iştirakçıları ilə müzakirələr aparılacaq.