Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivi ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videobağlantı formatında tədbir keçirib.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Fəxri Xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət edib,nümayəndəliyin kollektivi adından ulu öndərin məzarı önünə gül-çiçək dəstələri qoyub, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirib. Görkəmli aftolmoloq alim Zərifə xanım Əliyevanın məzarı da ziyarət edilib, məzarüstü abidəsi önünə gül-çiçək dəstələri qoyulub,əziz xatirəsi anılıb.
Daha sonra Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin kollektivinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş, videobağlantı formatında tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ulu öndər Heydər Əliyevin keçdiyi böyük,şərəfli,zəngin və mənalı ömür yolundan, müqayisəsiz ictimai və siyasi fəaliyyətindən bəhs edərək qeyd edib ki, Ulu öndər Heydər Əliyevin ömür yolu yalnız və yalnız doğma vətənimizin inkişafına və əziz xalqımızın rifahına,onun yüksəlməsinə həsr olunub. Ən çətin vaxtlarda xalqının yanında olan, xilaskarlıq missiyasını uğurla yerinə yetirən və müasir müstəqil Azərbaycanın qurucusuna çevrilən ulu öndərin əvəzsiz irsi Azərbaycan xalqının milli sərvətidir.
Ulu öndərin keçdiyi uğurlu siyasi yola nəzər yetirən Bəxtiyar Əsgərov bildirib ki,1990-cı ilin iyulunda vətəni Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə doğulduğu doğma Naxçıvanda yaşamış, elə həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilibdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında yekdilliklə partiyanın sədri seçilib.
Onun ölkəmizə hər iki vaxtda rəhbərliyi dövrü, eləcə də Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illər müstəqil dövlətçilik tariximizin şanlı səhifələridir. 1990-1993-cü illərdə Naxçıvandan başlanan müstəqillik yolu Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrildi, milli dövlətçiliyimizin bərpası istiqamətində qəti addımlar atıldı. Görkəmli dövlət xadiminin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, ¬üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Həmin dövrdə ulu öndərin Naxçıvanda yaşayıb fəaliyyət göstərməsi qədim diyarı işğaldan, əhalini isə qaçqın,köçkün taleyi yaşamaqdan xilas etdi. Naxçıvan Muxtar Respublikası işğal təhlükəsindən xilas olaraq dövlət müstəqilliyimiz və milli qurtuluşumuz uğrunda gedən mübarizənin mərkəzinə yaxud bayraqdarına çevrildi.
Bu gün Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələri yazılır. Ölkəmizdə ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Güclü ordu və möhkəm iqtisadi potensial Azərbaycanı yerləşdiyi bölgədə və dünyada etibarlı tərəfdaşa və bir çox sahələrdə lider ölkəyə çevirib. Azərbaycan beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, nüfuzlu tədbirlərə ev sahibliyi edir, inkişafın bütün istiqamətləri üzrə öz milli modellərini ortaya qoyur. Bütün bunlara isə yalnız və yalnız ölkəmizdə Heydər Əliyev yolunun uğurla davam və inkişaf etdirilməsi nəticəsində nail olunub.
Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün ulu öndər Heydər Əliyevin quruculuq xəttinin uğurla davam etdirildiyi Naxçıvan Muxtar Respublikası da davamlı inkişaf yolundadır. Ümummilli liderimiz Heydər Əliyevin ideyalarına dərin sədaqət,məhz böyük liderin seçimi olan görkəmli dövlət xadimi,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun bu diyara uğurlu rəhbərliyi bu gün Naxçıvan Muxtar Respublikasını hərtərəfli yüksəlişə,dayanıqlı və davamlı inkişafa qovuşdurub. Ötən illər ərzində muxtar respublikada elm, təhsil, mədəniyyət, kənd təsərrüfatı, ordu quruculuğu və digər sahələrdə əsaslı irəliləyişə nail olunub.Muxtar Respublikada enerji və ərzaq təhlükəsizliyi,eyni zamanda,vətəndaş rifahı və məmnunluğu tamamilə təmin edilib. Naxçıvan şəhərində, rayon mərkəzlərində, eləcə də ucqar dağ və sərhəd kəndlərində müasir infrastrukturun yaradılması, yeni yolların və körpülərin salınması,tarixi və dini abidələrin bərpası və s.yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, insanlara rahatlıq və firavan həyat bəxş edib. Heydər Əliyev siyasi xətti müstəqil Azərbaycanın dünənini və bu gününü yaşadan, gələcək inkişafına etibarlı zəmin yaradan milli dövlətçilik yoludur.
Dahi rəhbərin ideyaları bu gün Azərbaycan xalqını yaşadan və daim irəliyə aparan, onun gələcəyini müəyyənləşdirən ideyalardır. Nə qədər ki,uzun tarixi keçmişə malik qədirbilən xalqımız-Azərbaycan xalqı var, dahi Heydər Əliyev də daim bizimlə birlikdə,sevilərək yaşayacaq,onun ideyaları isə doğma xalqımızı daha böyük inkişafa,yüksəlişə,qələbələrə qovuşduracaqdır! Necə ki,böyük Heydər Əliyev özü belə ifadə edirdi: “Nə qədər Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam! ””