Bahar çiçəklərinin xoş rayihəsi... - FOTOLAR
Bir bahar günündə yenə doğma kəndimizdəyəm. Nədənsə bu bahar əvvəlki baharlar kimi deyil …Dünyanı bürüyən pandemiya insanları bir qədər təşvişə salıb, müəyyən mənada həyata nikbin baxışlarını azaltsa da təbiət öz nizamındadır. “Bu çətin günlər keçəcək”- deyə pıçıldayır. Ən gözəl libası ilə bahar yenə qonaq gəlib elimizə, günəş şəfəqləri ilə isti nəfəsini pəncərədən evlərimizə salır. Sanki uzadaraq əllərini təbiətin qoynuna səsləyir bizi. Bağı dolaşır, alma çiçəklərinin gözəlliyinə tamaşa edir, baharın gözəlliklərindən zövq alırıq. Təsərrüfatlarda işlər səngimir, hərdən anamla tərəvəz şitillərini sahələrə köçürür, yenicə torpaqdan baş qaldıran bitkilərə alaq vurur, xəfif əsən küləklərlə həyətimizi və həyatımızı gözəlləşdirən, çəmənlərə bəzək verən yaz çiçəklərinin ətrini duyuruq. Hərdən də arxların başında bitən əvəlikdən, yarpızdan yığıb yaz günəşinin altına sərib quruduruq qışa azuqə kimi…Xülasə çölləri, düzləri bəzəyən qara xallı, qıpqırmızı lalələr, nazlı görünüşlü çobanyastığı, xoş ətirli yasəmən, yaşıl çəmənlərdəki zəncirotu-hamımızın sevimlisi olan bu bahar çiçəklərindən söz açmaq istəyirəm .
Qonşumuzun həyətində bir yasəmən ağacı var. Hər baharda çiçək açardı. Xoş ətri məhəlləni bürüyər, gözəlliyi bizi heyran edərdi. Yaşıl yarpaqları az qala çiçəklərinin zərif salxımları arasında gözəgörünməz olurdu ağacın. Baxdıqca gözəlliyindən doymurduq. O qədər vaxt keçib ki, üstündən çox şey dəyişib. Dəyişməyən elə o yasəmən ağacıdır. Uşaqlıqdan onu beləcə görmüşəm eyni boyda, eyni görkəmdə. Məhəllə uşaqları ilə çox oyunlar oynamışıq əhatəsində, ətirli çiçəklərini çox yığmışıq. Sonra biz böyüdük . Daha yasəmənin ətrafında oyunlar oynamadıq, ancaq, çiçəklərini dərdik …yenə dəririk sevə-sevə, doyunca iyləyirik. Yasəmənin zərif ətri qəlbimizdə uzaq illərin xatirələrini oyadır.
Ta qədimdən insanlar bu çiçəyin adını qız övladlarına qoymaqla əbədiləşdiriblər. Paklıq, təmizlik nümunəsi olan yasəmən çiçəklərini iyləmək baş ağrılarını aradan qaldırır, beyini gücləndirir. Çiçəkləri göy üzündəki ulduzlara bənzəyən, bir çoxlarının həyətini, məhəccərinin önünü bəzəyən , xoş ətri ilə hamının sevdiyi, evində olmasından xoşbəxtlik duyduğu ağ , bənövşəyi və çəhrayı rəngdə olan yasəmənlərin ətri havanı bürüyür baharda.
Bu baharda da təbiət qanunauyğunluğunu pozmayıb. Yol kənarlarında, çöllərdə lalələr dizə çıxıb. Bu günlərdə yaşıl otların arasından baş qaldıran lalələr də çölə, çəmənə bəzəkdir. Bir də baxırsan ki, uzaqdan yaşıl çəmənlərdə bir tala qırmızı nəsə var. Ayaq saxlayıb uzun-uzadı seyrinə dalırıq təbiətin bizə bəxş etdiyi bu mənzərənin, çox keçmir ki, özümüzü həmin gözəlliyin ağuşuna atır, fotoşəkillər çəkdirir, qara xallı lalələri dərir və fərqli duyğulara qapılırıq. Bu gözəl çiçəyin cəmi 15 günlük ömrü olmasını bilir və gələn baharda da lalələri yenə görə bilməyəcəyimizi düşünürük. Ömür vəfa edəcəkmi bu çiçəyi bir də görüb dərməyə?
Lalə bir təbiət möcüzəsidir. Mifologiyaya görə baharda bir yarpaq üzərinə ildırım düşüb və od tutub yanan həmin yarpaq eləcə donaraq laləyə dönüb. Deyilənə görə, lalənin ortasındakı qara xal da ildırımdan qalan yanıq izidir. Elə o vaxtdan lalə rəngi və görünüşü ilə yaradıcı insanların , şairlərin də diqqətini çəkib sevgilinin yanağına , bir qədəh şəraba və yaraya bənzədilib. Lalələrin bir növü də tülpan adlanır. Bunun da maraqlı bir tarixçəsi var. Belə ki, bu çiçəyi XVI əsrdə Avropaya türklər aparıblar. Həmin vaxt laləni alan insan adını soruşur, çiçəyi verən isə “tülbənd laləsi” deyir. Lakin həmin insan ölkəsinə qayıdanda tülbənd adını yadında saxlayır və çiçəyin adına tülp deyirlər. Beləliklə mədəni halda becərilən lalə tülpan adı ilə tanınır.
Bir də bu gözəl bahar çiçəyinə həsr olunmuş, illərdir təravətini itirməyən, hər baharda yaşıl çəmənlərdən lalə dərəndə qeyri- ixtiyari olaraq zümzümə etdiyimiz “Lalələr” adlı mahnımız var.
Xəyalımdan nələr gəlib, nələr keçər,
Yaz gələr ellərə durnalar köçər.
Bulaqlar samovar ağ daşdan çəkər,
Bənzəyir çəməndə közə lalələr ,
Lalələr, lalələr….
Baharın rəmzi olan çiçəklərdən biri də çobanyastığıdır. Təbiətə gözəllik verməklə yanaşı, müalicəvi bitki olması ilə də tanınan çobanyastığı aprel , may aylarından ta avqust ayınadək çiçək açır. Təbiətin az qala hər bir bucağında qarşımıza çıxan bu bitki ağ və sarı rəngin vəhdəti ilə çox gözəl bir görünüşə malikdir.
Bu səbəbdən yaz aylarında təbiət qoynuna çıxan insanlar onu ətək-ətək toplayıb qurudar və il boyu bir çox xəstəliklərin müalicəsi zamanı istifadə edərlər.
Sapsarı çiçəkləri ilə yaşıl bağlarda sanki bir xalını xatırladan zəncirotu, başqa adla elqaytaran. Qəribə bir hekayəsi var bu bahar çiçəyinin …Səhərin erkən saatlarında açar, nahara doğru solar. Çox yox cəmi bir neçə gün sonra, bir az da boy atıb ağ topalara bürünər. Yaşıl çəmənlərdən dərib çiçəyindən başımıza tac hördüyümüz, ağ topalarını göyə üfürdüyümüz, kötüyündən sırqa , bilərzik , boyunbağı düzəltdiyimiz bu çiçək bizi uşaqlıq illərimizə qaytarır. Yazda və payızın əvvəlində təbiəti bəzəyən bu bitkinin “elqaytaran” adlandırılması isə onun yazda çiçək açanda elat həyatı keçirən insanların arandan dağa köçməsi və payızın əvvəlində çiçək açanda isə elatların arana dönməsinin xəbər vericisi olması ilə bağlıdır. Yaz aylarında arılar ən ətirli balı da bu çiçəkdən alır. Hətta son vaxtlar kəndlərdə yaşayan insanlar zəncirotunun ləçəklərini yığıb qaynadır və şirəsinə şəkər əlavə edib bişirməklə arısız bal da hasilə gətirirlər. Müalicəvi dərman bitkisi kimi də faydalı olan zəncirotu ta qədimdən müalicə məqsədilə də istifadə olunub və effektli təsiri ilə fərqlənib. Hətta mütəxəssislərin araşdırmalarına görə, zəncirotu bitkisi orqanizmə kimyaterapiyadan daha effektli təsir edir. Artıq Kanadada aparılan tədqiqatlar nəticəsində zəncirotu köklərinin xərçəng hüceyrələrini məhv etməsi təsdiqlənib.
Gur axarlı dağ çayları, ara verməyən yaz yağışları, çiçəkli çəmənləri, laləli düzləri ilə göz oxşayan baharın gözəlliyi həm də rəngbərəng, xoş rayihəsi olan çiçəklərdir. Aprel, may ayları gül, çiçək ayıdır. Hər gün təbiətin qoynunda fərqli bir gülə təsadüf edir, təbəssüm, sevinclə dəririk. Bir yazda belecə asta-asta axıb gedir ömrümüzdən....
Türkanə Əmoyeva