Bir kəndin ağrılı hekayəti

A- A A+

1941 -ci il iyunun 22-də alman faşizminin Sovet İttifaqı üzərinə hücuma keçməsi ilə bəşər tarixində ən dəhşətli savaş olan II Dünya müharibəsinin gedişində yeni qanlı-qadalı mərhələ başlandı. Faşist Almaniyası 1939-1941-ci illərdə Avropanın əksər dövlətlərini-Danimarka, Norveç, Belçika, Niderland, Lüksemburq, Fransa, Yuqoslaviya, Yunanıstanı... ələ keçirib həmin ölkələrin potensialını da cəlb etməklə öz müttəfiqləri olan İtaliya, Macarıstan, Rumıniya və Finlandiya qüvvələri ilə "Barbarossa" planına görə, SSRİ-ni 9-17 həftəyə işğal etməyi qarşıya məqsəd qoymuşdu. 

Bundan sonra işğal edilən SSRİ ərazisinin əhalisini məhv etməklə həmin yerləri müstəmləkəyə çevirib, ABŞ, İngiltərə, Çin və Yaponiyanı diz çökdürərək, dünya ağalığı eşqinə düşən faşistlərin bu nəhəng hərb maşınına tab gətirməkdə Azərbaycan xalqı da böyük əzmkarlıq və şücaət göstəribdir.

Cəbhəyə yola düşən 700 minədək Azərbaycan vətəndaşının yarısı bu qanlı döyüşlərdə qəhrəmancasına həlak olubdur. Naxçıvandan cəbhəyə yollanmış 30 mindən çox döyüşçünün yarıdan çoxu müharibədən qayıtmayıb. Doğulub boya-başa çatdığım Şahbuz rayonunun Keçili kəndindən isə cəbhəyə gedən 81 döyüşçüdən 49 nəfəri Vətən uğrunda həlak olubdur. Onlardan biri də mənim atam idi. Uşaqlığım 1941-1945-ci illərə düşdüyündən yaşıdlarım kimi əyin-paltarsız, yarıac-yarıtox böyümüşəm, yaşa dolduqca o illərin acı xatirələrini necə eşitmişəmsə, yaddaşımda eləcə yaşadıram.

Hitlerə qarğıyan it

Çoban Mehdini də cəbhəyə apardılar. Onun Bənək adlı iti oba camaatına bir dərd oldu. Bir aydan çox atılan kütə, verilən yala baxmadı. Obanın dik, uca yerinə çıxıb üzü aranadək gecə- gündüz sahibinin arxasınca ulamağa başladı. Şahidi olanlar itdəki bu etibara heyrət edirdi. Bənək səsini kəsmirdi ki, kəsmirdi. Sərdəndə ən yaşlı ağbirçək Həcər arvaddan soruşurlar: Bu itin səsində nə var, niyə belə tükürpədici səslə ulayır? Həcər arvadın sinəsi dağlı idi. 30-cu illərin repressiyasında dağ kimi qardaşlarını, qohumlarını itirmişdi. Nisgilin nə demək olduğunu dərindən duyurdu.

- Nə olacaq, Bənək Hitlerə qarğış edir, - deyir.

Bənəyin sahibi elə ilk aylarda döyüşdə həlak olur. Vəfalı it isə gecə- gündüz çoban Mehdi gedən yola baxıb ulayır. Bir səhər açılanda görürlər ki, Bənək sahibi Mehdinin obadakı daş komasında atıb getdiyi əl ağacının yanında uzanaraq ölüb. Milyonlarla insanın qanına bais olan Adolf Hitler sərsəmliklə başladığı müharibəni uduzduğuna görə Bənəkdən 4 il sonra özünü öldürdü. 

Bir nəlbəki un

Səmənnaz nənə hər gün yaşıdı Nargilə arvada dua edərdi: Deyərdi ki, müharibənin ortaları idi, çörək qəhətə çıxmışdı. Kolxoz ambarındakı azacıq toxumu da cəbhəyə göndərirdilər. İki yaşlı nəvəm camaatın yediyi çöl per-pencərinə yaxın durmurdu, acından nalə çəkirdi. Ümidim Nargilə arvada gəldi: Əri Məmmədəli müəllim cəbhədə bir ayağını itirib, şikəst qayıtmışdı. Ona hər ay kilo ilə un norması verirdilər.

Nargilə arvad bir yerə, bir göyə baxıb məni naümid qaytarmadı. Bir nəlbəki un verdi. Onu azı bir həftə südlü horra edib qaşıq-qaşıq nəvəmin üzünə tutdum. Qızım Mələk isə kəndin qadınları ilə cütə, kotana gedirdi. Uşağın ana xiffəti və aclığı məni dara çəkirdi. İllər keçdi, dava bitdi. Bolluq illəri başladı. Bir gün kənd dükanına getmişdim. Un kisələrini qatar- qatar hörmüşdülər, alan yox idi. Gözüm önünə o bir nəlbəki un gəldi. Qəhətlik bizi beləcə sıxıntıda saxlamışdı. Qəhətlik yaddaşımızda belə daşlaşmışdı. 

Dam üstünə atılan açar 

Kalba Qəhrəmanın arvadı da onun dalınca vəfat etmişdi. Üç oğlu yetim böyümüşdü. Elə təzəcə ərsəyə gəlirdilər. Kənd soveti Məmmədxəlili də, İbrahim - xəlili də, Əlini də bir gündə rayondan çağırışa gələnlərə təqdim etdi. Pəri nənə hərbi komissara yaxınlaşıb dedi ki, Əlinin hələ yaşı çatmır, bu ocağı söndürməyin, heç olmasa, birini saxlayın. Olmaz! - dedilər, - qanun- qanundur. Sonbeşik Əli qara damın qapısını kilidlədi, heç kəsləri olmadığından açarı palçıq suvaqlı damın üstünə atdı və üç qardaş cəbhəyə yollandı.

Pəri nənə nalə çəkdi:- Ocağın keçsin, Hitler, yurdda qalan olmadı. Üç qardaşın üçü də müharibədə həlak oldu. Qara damın uçuq- sökük yeri hələ də qalır. Bu nisgil ürəklərdən getmir.

Kənddən birdəfəlik gedən Mahmud 

Müharibənin ağır günləri olduğundan kənddə qoca qadınlar cüt-kotanın qulpundan yapışıb macqal olurdular, yeniyetmə uşaqlar da boyunduraq üstə hodax. Çörək yox idi. Çöl pencəri, üzsüz pendir, üzsüz qatıqdan hazırlanan ayran aşı ilə çölçüləri birtəhər ovundururdular. Cütə- kotana gedənlərə ayran aşı aparıb iş üstə paylayırdılar. Qab-qacaq olmadığından hərə öz payını elə küpədən içirdi.

Növbə Mahmuda çatır. İndi 82 yaşlı Elbəyi baba deyir ki, acından avazıyıb solmuş Mahmud iki əllə küpənin qulpundan yapışıb ayran aşını başına çəkdi. Normanı keçdi, macqal xəbərdar etsə də Mahmud küpəni heç kəsə ötürmədi. Macqal baxdı ki, ta hodaxlara heç nə qalmayacaq. Mahmudun başına iki yumruq vurdu. Mahmud küpəni yenə buraxmadı. Qoca macqal yetim uşağın belə aclığına qəhərlənib ağladı. Mahmud küpənin qulpunu buraxdı. Cüt çubuğunu şuma atıb, üzüaşağı kəndə yollandı, nə qədər çağırdıqsa, geri dönmədi. Səhəri günü eşitdik ki, Mahmud kənddən də küsüb gedib. Kimsəsiz yeniyetmə Hacıvar kəndinə pənah gətirir. Böyüyüb boya- başa çatır, 62 il ömür edir. Ömrünün son gününədək bir dəfə də olsun doğulduğu kəndə qayıtmır. 

Nuhun vermədiyi pay 

Müharibənin ortalarında da yaşı çatanları bir- bir cəbhəyə yola salırdılar. Rayondan gələn hərbi komissar çağrışçılara xeyir-dua verən el ağsaqqalı Hacı Nurəli babadan soruşur:

- Baba, dünya görmüş adamsan, Hitlerin ordusu az qala sovet torpağının yarısınadək gəlibdi. Səncə, bu müharibənin axırı necə olacaq?

Kənddə böyük nüfuz sahibi olan, öz halal əməyi ilə 5 hektar meyvə bağı salmış Hacı Nurəli baba qəddini düzəldib deyir:

- Ay oğul, Nuh peyğəmbər torpaqları böləndə hər kəsin payını özünə verib. Hərənin öz torpağı var. Ağızları ovulacaq, qayıdıb öz yerlərinə gedəcəklər...

Belə də olur. Kolxoz quruculuğunda 7 oğlu şərə-böhtana salınıb öldürülən, tutulan ağsaqqalın təsəllisi cəbhədə döyüşən Salman nəvəsinə gəlsə də 131 il ömür sürən qoca dünyadan köçdü, nə qələbəni gördü, nə də sinəsi orden-medalı cəbhədən qayıdan Salman nəvəsini. Salman ömrünün axırınadək babası Hacı Nurəlinin zəngin bağına bağbanlıq etdi. Aldığı qəlpə yaralarından çox yaşaya bilmədi, 49 yaşında dünyasını dəyişdi. Ancaq bağı elə qorumuşdu ki, Hacının 180 il əvvəl, gəncliyində əli ilə əkdiyi ərik, armud, alma, qoz ağacları indinin özündə də şövqlə çiçəkləyir, bar verir.

Bir çuval buğda qırpı

Payızın son ayı idi. Xırman sovulmuşdu. Olub-qalan taxıldan az miqdarda camaata, qalanını da cəbhəyə vermişdilər. Mələk ana həmərsin, yemişan meyvələri yığıb qış ruzisi eləmək üçün kövşənliyə gedir. Cəbəllikdəki həmərsün kolları arasında iri bir təndir kimi hörülmüş buğda qırpı görür.

Sən demə, mişovul yaxınlıqdakı buğda zəmisindən qırparaq gətirib cəbəllikdə hörübmüş. Çölün-çölənin tükənən vədəsində belə bir qismət üstə çıxan Mələk ana dərhal kəndə qaydır, qardaşları Əsəd və Əmirallahın hərəsinə bir uşaq kisəsi düzəldir. Buğda qırpını kisələrə yığıb evə gətirirlər. Toxmaqla döyüb təmiz buğdanı əl kirkirəsində yarma çəkirlər. Bir xeyli müddət bu Tanrı qisməti gözlərinə işıq gətirir. Qonşuları Reyhan arvada, Züleyxa arvada bir ləyən yarmanı pay verəndə bu sevinc yerə-göyə sığışmır, xəzinə tapsaydılar, belə sevinməzdilər. 

Əllərimi qaytarsalar... 

Qonşu Biçənək kəndində bir Rəhim dayı vardı. Hər iki əlini müharibədə biləkdən itirmişdi. Deyirdi ki, Macarıstan torpağını faşistlərdən azad edərkən üz-gözümdən, bədənimdən müxtəlif qəlpə yaraları aldım, əllərimi isə itirdim. Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi Aleksey Meresyevin iradəsi haqqında povest yazılıb. Hər iki ayağını itirən qırıcı təyyarəçi Aleksey Meresyev protez ayaqlarla uzun müddət məşq edərək, yenidən döyüşə qayıdıb, faşistlərdən qisas alıb.

Bəs Rəhim dayı necə? O, dərin qəlpə yaraları ilə 1947-ci ilədək hospitallarda yatıb. Sağalıb evə göndəriləndə təkidlə güdül qollarının yarılıb haça edilməsini tələb edib. Axır ki, tələbi eşidilib. Biləkdən yuxarı dirsəyədək hər iki qolunda əməliyyat aparıb qollarını yararaq haça etmişdilər.

Rəhim dayı70 yaşadək Biçənək kolxozunda kərənti ilə ot biçənlərin həmişə öndəri olmuşdu. O, bir qolunun haçasını kərəntinin əlcəyinə bənd edir, o biri haça ilə kərəntinin dəstəyini sinəsinə sıxaraq enli lay çəkərdi.

Bir dəfə kənd içində iş vaxtı boş-bekar gəzən yaşıdını görəndə deyir: - Əllərimi qaytarsaydılar, bu kəndin iş-gücünü təkbaşına görərdim, niyə işləmirsən?

1946-cı ildə dünyanın gözü Nürnberqdəki faşizm cəlladlarının beynəlxalq məhkəməsinə dikildi. İkinci Cahan müharibəsinin sağ qalan, ələ keçən, 60 milyonadək insanın qanına bais olan, ölkələri, məmləkətləri viran edən faşist cəlladları boğazından asılmaqla edam edildi, uzunmüddətli həbslər kəsilərək ifşa olundular. Lakin dünyanın gözü qarşısında, xainliyinə görə heç bir millətin qonşuluqda yer vermədiyi ermənilər torpaqlarımızda dövlət qurub, xalqımıza qənim kəsildilər. Sovet imperiyasının dağılmasından istifadə edərək havadarlarının köməyilə 20 faiz ərazimizi işğala məruz qoydular, 1 milyon vətəndaşımız yurd-yuvasından didərgin düşdü. BMT-nin təcavüzkar Ermənistan haqqında dörd qətnaməsi icrasız qalıb. Erməni faşizmi yalan və böhtanlar üzərində bütün Türk dünyasına qənim kəsilib, iri dövlətlərin məqsədli oyun kartına çevrilib. Bəşəriyyəti faşizm taunundan xilas edən Bakı neftinin nurlu işığı, şübhəsiz, erməni faşizminə də son qoyacaq. İntəhası geci-tezi var.

Partizan müəllimimizin hünəri

Gəncliyin qaynar çağı idi. Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun III kursunda oxuyurduq. Qış fəsli idi. Respublikanın flaqman qəzeti olan "Kommunist"də üzvi kimya müəllimimiz, professor Mikayıl Qulubəyov haqqında bir oçerk dərc edilmişdi. Oxuduq, heyrət bizi bürüdü. Əsirlikdən qaçaraq Yuqoslaviyada partizan dəstəsinə qoşulan Mikayıl Qulubəyov Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi partizan Mehdi Hüseynzadənin sağ əli olur. İki dəfə yaralanan Mehdini bir kimyaçı həkim kimi Mikayıl müəllim sağaldır. Son döyüşdə faşist snayperi Mehdini qaranlıqda vura bilir. Almanlar onun cəsədindən də qisas almağı qarşıya məqsəd qoymuşdular. Mikayıl Qulubəyov onu bacardıqca uzaqlaşdırıb meşənin dərinliklərinə aparır və xalqımızın qəhrəman oğlu Mehdi Hüseynzadə Mikayıl Qulubəyovun qucağında can verir. Mikayıl Qulubəyov qürbət eldə gecənin zülmətində fəhmlə üzü qibləyə ona özü tək məzar qazıb, dəfn edir. Bir həftə sonra partizan yoldaşları ilə Mehdi Hüseynzadəni Sloveniya qardaşlıq qəbiristanlığında yenidən dəfn edirlər...

Bizim 22 nəfərlik qrupumuza üzvi kimya fənnindən dərs deyən professor Mikayıl Qulubəyovun bu fədakarlığı ilə mətbuat səhifəsində tanış olandan sonra o, bizim gözümüzdə qat-qat yüksəldi. Üzvi kimya fənnindən imtahana xüsusi iradə ilə hazırlaşdıq, 22 nəfərdən 11- imiz "əla" qiymət aldıq. Bu göstərici o dövrün sovet ali məktəbləri üçün, əslində, bir qələbə idi. Bu xəbər institutun bütün fakültələrinə yayılmışdı. Qrup nümayəndəsi kimi mən əsgəri qaydada professorun qarşısında təzim edib bildirdim ki, biz 40 gündür gecə-gündüz yatmırıq. Bu, bir tələbə kimi, sizin partizan hərəkatındakı şücaətlərinizə və alman faşizmi üzərində qələbənin qazanılmasındakı xidmətlərinizə kiçik töhfəmizdir.

Professor qalan on bir tələbənin bilik səviyyəsini soruşanda dedim:

- Professor, onların çoxu atasız böyümüş, bir qədər də zəif təhsil almış tələbələrdir, "kafi" qiymətə ancaq cavab verə bilərlər.

Mikayıl müəllimin nurlu siması birdən tutuldu:

- "Kafi" alanlara təqaüd verilmir. Onların qiymət kitabçasına "yaxşı" yaz, gətir, imza edim. Qoy təqaüddən qalmasınlar. Eynəyi gözündən götürərək üzünü həmin tələbələrə tutub dedi:

- Öldürməyə nə var oğul, o kəsə deyərəm ki, yaşatsın! Gedin yaşayın, təqaüddən qalmayın, amma imtahanlara yaxşı hazırlaşın!

Uzun illərdir ki, professor Mikayıl Qulubəyovun bu nəcib hərəkəti yadımızdan çıxmır. Ruhu şad olsun! Vətən belə oğulların sayəsində Vətən olmuşdur.

 Qaşdar Əliyev,

 Şahbuz rayon, Ayrınc kəndi  

"Xalq qəzeti"

22 iyun, 2012 – ci il

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: