Torpağın da canı var deyirlər. Hiss edir, duyur, nəfəs alır, can verir, qucaq açır, yurd olur, yuva olur, məmləkət, vətən olur.. Torpağın da canı var deyirlər. Ayrı düşəndə, köksünə yad əllər, yad ayaqlar dəyəndə dərd çəkir, qəm yeyir, “solub-saralır” o da. Qara rəngi bəxtinə çıxanda yolları, izləri əvvəlki olmur.. Torpağın da canı var axı. Bütöv bir məmləkət torpağı bütöv bir insan bədəni kimidir. Qolsuz-ayaqsız insan tam ola bilərmi?!.. Vətən torpağı da ayrı düşəndə tam olmur, bütöv olmur ..
28 ildir Şuşa torpağı da yarım “yaşayır”. Əsrlər boyu duyduğu o doğmalığı, eşitdiyi doğma səsləri, avazları eşitmir. Torpağında at oynadan, qılınc vuran ər igidlərə, xanım-xatın qızlara həsrət qalıb. Muğam səsi, əzan sədası ucalmır daha səmasında. Cıdır düzü, İsa bulağı da əvvəlki deyil artıq. Tənhalaşıb, yalnızlaşıb o yerlər də. Əvvəlki kimi qucaq açmır hər gələn-gedənə. Ana nəvazişini, şəfqətini itirib daha o dağlar, o cığırlar, o düzlər.. Necə itirməsin?! Qucaq açmaq olarmı qanlı əlləri ilə onu anasından qoparan yağı düşmənə?!.
Yarım yaşayır Şuşa.. Dərd çəkir, xiffət edir. Xan qızı Natəvan, Molla Pənah Vaqif, Üzeyir Hacıbəyov, Bülbülün diyarı, Azərbaycanın nazlı qızı, gözü Şuşa.. Nə əvvəki gözəlliyindən əsər qalıb, nə də əvvəlki əzəmətindən. Alınmaz qalamız Şuşa.. Xarabaya dönüb hüsncamalı.
28 illdir həsrətik Şuşaya. Nə torpağına ,daşına toxuna bilirik,nə də bizə doğma olan ocağın istisini duya bilirik. Ağ-qara kadrlardakı mədəniyyət beşiyinı eləcə yaddaşımızda yaşadırıq. Elə çətindir ki, Şuşa. Yoxluğun millətimin qaysaq tutmayan yarasına çevrilib... .
Deyirlər insan torpaqdan yaradılıb. Mayası torpaqdan yoğrulub. Buna görə bəlkə də torpağı anamız bilib, müqəddəs saymışıq. Uğruna can verib, canlar almışıq. Qanımızla, canımızla bağlanmışıq yurdumuza. Harda olsaq da, ona qovuşmaq ümidi ilə yaşamışıq. Uğrunda canından keçənləri ölümsüz saymışıq. Mayamıza qatılan torpaqla olan bağımız buna görə qırılmazdır. 28 ildir uzaq olsa da, çoxumuz onu tanıyıb bilməsək də, suyundan içmək, düzlərində gəzmək nəsibimiz olmasa da, damarlarımızdakı qanda hiss etməyimiz buna görədir bəlkə də. Buna görə doğma yurdumuzla qovuşa bilməmək belə ağırdır hər birimizə..
Səndən uzaqda can verən hər bir övladın yarım gedir bu dünyadan, vətən. Uğruna verilən hər bir can isə qürurla girir qoynuna. “Ana” deyib, boynuna sarılaraq rahat uyuyur. Səni tam görmədən dünyadan köçmək hamımıza ar gəlir. Uğrunda vuruşmamaq , qan tökməməyi eyib bilirik. Səndən aldığımız ruhu, canı sənə, sənin uğrunda geri qaytarmağı isə borcumuz.. Az qalıb, vətən. Çox az qalıb. Qanlı caynaqlarını canına keçirənlər də bunu bilir, görür artıq. Anlayırlar ki, illərin həsrəti artıq son həddindədir. Anlayır ki, daha əvvəlki deyilik. Susmuruq,susmağı daha bacarmırıq, barışmırıq yoxluğunla.Səni unutdurmayacağıq. Nə gücümüz, nə siyasətimiz, nə də birliyimiz qarşısında dayana bilməyəcəklər. Biz rəhbərimizin arxasında bir olub dayanmışıq. Gözləyirik ki, o gün gəlsin. Gözləyirik ki, bu həsrəti hansı yolla olur olsun bitirək. Gözləyirik ki, elimizin nazlı qızını da anasına qovuşdura bilək..
Sən də gözlə. Biraz səbr et. O gün çox yaxındadır!
Səriyyə Alməmmədova