Bir ömürlük həsrət

A- A A+

Məktəb zənginin çalınması ilə pilləkənləri tələm-tələsik düşüb məktəbdən uzaqlaşmağım heç bir dəqiqə də çəkmirdi. Torpaq yolu keçib, çəpəri adlayıb təngənəfəs  həyətlərinə çatırdım. Niyə qaçdığımı, hara təlsədiyimi heç özüm də bilmirdim.  Onu həmişəki yerində -armud ağacının altında əyləşən görürdüm,  əlində nə vaxt başlayıb nə vaxt qurtardığını bilmədiyim, bəlkə özünün də sayını unutduğu toxuduğu corabı, mili və yumağı ilə.

Məni görən kimi gülümsəyəcək. Yenə qaça-qaça gəldiyim, tərlədiyim üçün tənbehləyəcək.  Hörüyü açılan saçımı yenidən açıb daramaq istəyəcək, darayacaq da, bildiyi qayda ilə hörəcək, arada yaxşı hörmədiyi üçün anamın qarasınca danışacaqdı.

Sonra başımı dizinin üstünə qoyacam, o da  öz nağıllarına başlayacaq...göydən üç alma düşməyən nağıllarına...

Onun nağıl kimi danışdıqları sonralar müharibə haqqında oxuduğum kitablardan, baxdığım filmlərdən daha dəhşətli, daha real idi. Bütün acısı, kədəri ilə yaşamışdı o illəri. Artıq tarix olan  köksünə çalın-çarpaz dağ çəkilən ötən yüzillik onun simasında silinməyən izlər buraxmışdı, ötən zaman bənizindəki qırışlarda yuva qurmuşdu. Müharibə nağılları danışırdı - hamının gedib, çox az adamın qayıtdığı nağıllar. Kimlərsə elə hey harasa gedirdi və heç qayıtmırdı. Bir şairin də dediyi kimi, faciə getmək deyildi, gedənlərin qayıtmaması idi. Və o nağılların sonunda göydən üç alma düşmədi, heç gedənlər də geri  qayıtmadı...

Ona da  elə müharibəyə gedənlərin yolunu gözləmək qaldı. Bu elə sıradan bir gözləmək deyildi, artıq 75 il hər an, hər gün, bax elə indicə qapı açılacaq, gələcəklərmiş kimi gözləyərdi.  “Üçü də” deyib başlayardı mənim nağıl bildiyim həqiqətinə. Müharibəyə üç doğmasını-qardaşını yola salıbmış, İkinci Dünya Müharibəsi başlayanda. Kimin həddinə idi kənar durmaq, boyun qaçırmaq... O da eləcə yola salıb doğmalarını, bir nəfəsi bir kağızla əvəz edənlərin sırasında eləcə gözləyib, gözləyib...

Ağaclar çiçəklidir, hava da nəmli... Sıradan bir may günüdür. Yenə o armud ağacının altında oturmuşuq, sakit, səssiz... Nə mən uzun yolu, qaçıb  yorulmuşam, nə də onun nağıl danışacaq taqəti var. Xəstədir, əlləri əsir, gözləri bir addımlıqdakı üzü, qulaqları bir addımlıqdakı səsi ancaq görür, duyur..

Eləcə gözünü dikib uzaqlara baxır. Mən onun baxdıqlarını görməyə, susduqlarını duymağa, unutduqlarını xatırlamağa çalışıram sönmüş yaddaşından.

Suallar verirəm: Müharibəyə ilk kimi yola saldınız? İli, ayı, günü xatırlayırsanmı? Məktub yazarlarmıydı?

“Yadımdadı”  deyir, tarixi. Sevinirəm, nə yaxşı.

“Buğda biçiləndə”

...gözümü açıb onu elə görmüşəm... saçları ağ, başında yaylığı, yenə yad adam görən kimi yaylığının ucunu ağzına çəkir, gözləri həmişə nəmli... Nə əlində, nə dizində taqət var...amma ürəyində var -gözləmək, ümid etmək taqəti.  Bəlkə də özü də bilir aradan 75 il keçib, yenidən qayıdarmı? Tutaq ki, lap elə qayıtdı yenə 18, 20, 23 yaşlı o cavan oğlanlarmı qayıdar? Yaşlanmazlarmı? Ehhh, onlar böyüməyən uşaqlar, gənclər kimi elə yadaşlarda yaşayırlar.  

Mənə xarici görünüşlərini  təsvir edir, ağlında, xatirəsində qaldığı qədəri ilə. Bəzən adlarını qarışdırır, gedən kim idi, qalan kim..

“Sağ qaşının üstündə çapıq, ayaq barmağının üstündə  xal var idi”

Onun bütün ömrü beləcə yadında qalan nişanələri oğul-uşağa danışmaqla keçdi. “Birdən gələrlər, bu nişanələrdən tanısınlar” deyə. Sanki nə vaxtsa  gələcəklər, qapını açıb içəri girəcəklər, o da qaçıb boyunlarına sarılacaqdı. Bir Allah bilir ki, yola saldığı bu illərdə o gəlişin xəyalını neçə yol qurub, dağıdıb. “Birdən gələrlər nə vaxtsa tapa bilməzlər məni, evin nişanını düz verən olmaz..”. Bu başına gələcəyindən qorxduğu ən böyük kabus idi.

Qardaşlarının nə vaxtsa qayıdacaqlarına, o vaxt elə çox inanmışdım ki... Onun kimi əlimi göyə qaldırıb, nəsə dilinin altında dediyi, mənasını bilmədiyim sözləri ala-yarımçıq təkrarlamışdım mən də.  Əlin açırdı “o gözə görünməzə” , dua edirdi..

Belə baxanda ümid etməyə haqqı da var idi, əməlli-başlı bir sənəd,  “qara kağız” gəlməyib. Qara kağız alanların gözü yoldan-izdən yığılıb, çəkilib komasına gəlməyəninə ağlayıb. Gələn kağızları da əmməli başlı oxuyub, başa salan olmayıb.  O məşhur şeirdə deyildiyi kimi-ondan xəbər gəlməyib, xəbər gəlib öləndən.

Müharibənin miqyası cəbhədə həlak olanlarla deyil, həm də geridə qalanların yaşadıqları acı ilə  ölçülür. Rəqəmlər deyir ki, kənddən, eldən - vətəndən  müharibəyə 650 min Azərbaycan vətəndaşı yollanıb, 420 mini geri qayıtmayıb. O 650 min özündə neçə min insanın  arzusunu, xoşbəxtliyini, səadətini özüylə aparıb. Məmməd Arazın təbirincə desək “faşist yanğısında sevgisi yanan, yetim qarıların sayına görə” birinci olub  Odlar Yurdu.

Danışır ötüb keçənləri, indi onun anlatdıqları daha çox düşündürür məni. Neçə evlərin qapısına  qıfıl vurulub, ev olub 4 oğlunu yola salıb, ev olub 5, izləri ot bitirib, geriyə dönən olmayıb. Qadınlar sahib çıxıblar, həm ocağa, həm evə, həm elə. Arxa cəbhənin əsgəri, generalı olmağı bacarıblar. Təsərrüfatın atalarından, qardaşlarından geriyə qalan işlərinə qəhmər çıxıblar. Aclıqla, qıtlıqla, yoxsulluqla mübarizədən yorulmayıblar. Bir tikə çörək üçün  qar-qış demədən əkində, biçində, tarlada, xırmanda ömürlərini tükədiblər. Ailə başçısını itirən minlərlə azərbaycan qadını  bütün o çətinliyin , dözülməzliyin fonunda  atasızlığı, kimsəsizliyi hiss etdirmədən vətənə oğul böyüdüb. Və inanıblar ki, düşmən təkcə cəbhədə vuruşmaqla deyil, həm də arxada qalanların əməyi ilə yenilər…yorulmadan gündüz-gecə isti corab, isti papaq toxuyublar.. Bəlkə də elə ona görədir əlindən ipi, yumağı əskik olmazdı. Elə hey toxuyurdu, günü günə, ayı aya, ili ilə calayardı…

Nə  al-güllü yaylığını başına salıb toya- büsata gedən gördülər onu, nə də oğul-qız toyunda bir yol qol qaldırıb oynayan. Doğmaya da, yada da  and içəndə “dayının canına” dedi. Axı, sağ adamın canına and içirlər... Onun inamı bir əsri yarı elədi, ötüb keçdi, nə yoruldu, nə yolda qaldı.

Mənə görə Şahbuzun Məmməd Araz elində - ucqar Nursu kəndində yaşayan Dilbər nənə müharibəyə gedənlərin arxada qoyduğu qadınların  ümumiləşmiş obrazıdır. Filmlərdə, kitablarda, şəkillərdə,  xatirələrdə gördüyümüz müharibənin acısını əks etdirən hər şeydə o da var. Bunu da bilirəm ki, onun kimi yüzlər, minlər var. Bu gün ən çox da onların bayramıdır. Qazanılan qələbədə onların imzası, möhürü, şücayəti var. Onların inadı, əzmi, cəsarəti məğlub etdi faşizmi.

Və bu günü bayram etməyə ən çox onun haqqı çatır, ən çox onun qələbəsidir. BİR ÖMÜRLÜK HƏSRƏTİN qazandığı qələbənin bayramı...

                                                                                   Fizzə Bağırova,

                                                                                      "NUHÇIXAN"

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: