DMT: meteoroloqlar təyyarələrdən havanı müşahidə məlumatlarının çatışmazlığını hiss edirlər

A- A A+

Dünya Meteorologiya Təşkilatı (DMT) COVID-19 pandemiyasına qarşı mübarizə məqsədi ilə dünyada həyata keçirilən tədbirlərin meteoroloji müşahidələrin sayına və keyfiyyətinə ciddi təsirindən narahatdır. Belə ki, təyyarələrdən bu cür müşahidələrin miqyası pandemiyadan əvvəllə müqayisədə, orta hesabla, 75-80 faiz azalıb. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin saytına istinadla xəbər verir ki, stansiyalarının çoxu avtomatik deyil, əl rejimi ilə işləyən Afrikada, Mərkəzi və Cənubi Amerikanın bəzi bölgələrində isə yerüstü monitorinq aparılmır.

DMT yerüstü, dəniz və peyk cihazlarından istifadə edərək atmosferin vəziyyətinə və okeanın səthinə müşahidələri təmin edir. Ekspertlər hava proqnozlarının, tövsiyələrin və bildirişlərin hazırlanması üçün həmin məlumatları təhlil edirlər.

DMT-nin Baş katibi Petteri Taalas bildirib: "Milli meteorologiya və hidrologiya xidmətlərinin əməkdaşları əsas funksiyalarını fasiləsiz yerinə yetirməyə davam edirlər, lakin xüsusilə inkişaf etməkdə olan ölkələrdə koronavirus pandemiyasının yaratdığı daha ciddi çətinliklərlə üzləşirlər". Onun sözlərinə görə, pandemiya ilə əlaqədar tətbiq edilmiş məhdudiyyətlər onların işinə mənfi təsir göstərir.

Atlantik qasırğalar mövsümü yaxınlaşdıqca, COVID-19 pandemiyası ayrı-ayrı ölkələrə xas təhlükəli təbiət hadisələri ilə bağlı əlavə risklər yaradır. Bunun üçün hökumətlərin erkən xəbərdarlığın və hava müşahidələrinin bütün imkanlarından istifadə etmələri olduqca əhəmiyyətlidir.

Müşahidə sistemi komponentlərinin çoxu, məsələn, peyk məlumatları, habelə yerüstü müşahidə şəbəkələri qismən və ya tamamilə avtomatlaşdırılıb. Onlar əhəmiyyətli nasazlıq olmadan bir neçə həftə ərzində, bəzi hallarda isə daha çox fəaliyyət göstərə bilər. Lakin onlar da texniki qulluq və avadanlığın yerinin dəyişdirilməsini tələb edir.

Kommersiya hava gəmiləri təyyarələrdən meteoroloji məlumatların ötürülməsi sisteminə böyük töhfə verir. Onlar meteoroloji müşahidə məlumatlarının toplanması, emalı, format edilməsi, habelə radio və peyk rabitəsi ilə yerüstü stansiyalara ötürülməsi üçün bort vericilərindən, kompyuterlərindən və sistemlərindən istifadə edir. Koronavirus pandemiyasına qədər aviaşirkətlərin köməyi ilə hər gün havanın temperaturuna, küləyin sürətinə və istiqamətinə və s. dair 800 mindən çox müşahidə həyata keçirilirdi. Bu informasiyanın toplanmasında 43 aviaşirkət və bir neçə min təyyarə iştirak edirdi. Lakin kommersiya reyslərinin pandemiya ilə əlaqədar azalması aviasiya platformalarından meteoroloji müşahidələrin 75-80 faiz azalmasına gətirib çıxarıb.

Bəzi ölkələr təyyarələr vasitəsilə məlumat toplaya bilmədikləri üçün əlavə radiozondları hərəkətə gətirirlər. Bu, əsasən Avropada qitənin Meteoroloji Xidmətlər Şəbəkəsinin köməyi ilə həyata keçirilir.

İnkişaf etmiş ölkələrin çoxunda yerüstü meteorologiya xidmətləri, demək olar ki, tamamilə avtomatlaşdırılıb. Lakin inkişaf etməkdə olan ölkələrin çoxunda əvvəlki kimi əllə idarə olunur. Bu işi hazırda özünütəcrid vəziyyətində və ya karantində olan mütəxəssislər görürlər.

DMT Yer kürəsi səthinin okeanlarla örtülmüş üçdəiki hissəsindən çox mühüm informasiya təqdim edən dəniz müşahidə sistemlərindən daxil olan müşahidələrin mübadiləsinin monitorinqini həyata keçirir. Bu sistemlər də yüksək dərəcədə avtomatlaşdırılıb. Gözlənildiyinə görə, bu sistemlərin komponentlərinin çoxu yaxın bir neçə ayda dürüst işləyəcək. Lakin dreyf edən siqnal üzgəclərinin və üzücü nişanların yerini dəyişdirmək, körpülərə qulluq etmək, gəmilərdə müşahidə sistemlərini kalibrləmək və təkmilləşdirmək lazım gələcək.

DMT hava müşahidə sisteminin kosmik komponentinin sabit olmasını müsbət məqam adlandırıb. Hazırda 30 meteorologiya və 200 tədqiqat peyki yüksək dərəcədə avtomatlaşdırılmış fasiləsiz müşahidələri təmin edir. Gözlənildiyinə görə, müşahidə sisteminin kosmik komponenti qısamüddətli perspektivdə öz iş qabiliyyətini tam saxlayacaq.

DMT-də vurğulayıblar: mövcud böhran və təyyarələrdən məlumat toplanması ilə bağlı problemlər bir daha göstərib ki, bir-birini tamamlayan müşahidə sistemlərinin olması nə dərəcədə əhəmiyyətlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: