Sözün zəfəri

A- A A+

Ədəbiyyat həmişə bizi qabaqlayır. İnsanların onu ötməsi nə qədər mümkünsüzdürsə, ona yetişməsi də bir o qədər çətindir. Çünki ədəbiyyat dövrün, zamanın nəbzini tutmaqla formalaşır, inkişaf edir. Və dövrümüzün hadislərəri o qədər sürətlə cərəyan edir ki, onu izləmək mümkünsüz hal alır. Tarixən və günümüzün sürətlə dəyişən ictimai-siyasi vəziyyəti, sosial durumu sözsüz ki, ədəbiyyata təsirsiz qalmır. Hər dövrün özünəxas abu-havası, təbiət hadisələri, itkiləri, yüksəlişləri, baş verən müharibələr və daha nələr-nələr ədəbi müstəvidə özünə mövzu kimi yer tapır. Azərbaycan ədəbiyyatı da bu ənənələr əsasında formalaşıb və inkişaf edib.

Təkcə XX əsr Azərbaycan ədəbiyyatına nəzər salsaq görərik ki, bu dövrdə dəfələrlə mövzu dəyişikliyi yaşanıb. XX əsrin əvvəllərində söz sənətimiz dini xurafatı və geri düşüncəni milli təəssüb hissi ilə qamçılayarkən daha sonra ədəbi əsərlərdə sosializm quruluşunun gətirdiyi mövzular yer almağa başladı. Bu dövrlərdə repressiyalar və məhrumiyyətlər də ayrı məsələ. Deməli ictimai-siyasi, sosial-iqtisadi məsələlərə və zamana güzgü olan ədəbiyyata o dövr quruluşunun təziqi nə qədər güclü olsa da ədəbiyyat öz müqəddəs amalından dönmür. Məhrumiyyətlərə və təzyiqlərə baxmayaraq. Repressiyalar, məhrumiyyətlər görən ədəbiyyatımız 70 il sovet reallığına qarşı mübarizədə də işıqlı səhifələr yazdı. Ədəbiyyat bəşər tarixinin ən böyük qanlı savaşlarından olan İkinci Dünya Müharibəsinə də  münasibətsiz qala bilməzdi.

İkinci Dünya Müharibəsindəki qələbinin üzərindən 75 il ötür. Söz yox ki, müharibənin dəhşətləri, ağrı və acısı rəssamların əsərlərində, musiqidə, kinoda və xüsusilə ədəbiyyatda öz təsvirini tapıb. Azərbaycan ədəbiyyatında İkinci Dünya Müharibəsinə həsr olunmuş kifayət qədər əsər yazılıb. Hansı ki, bu əsərlərdə müharibədə iştirak etmiş yüzminlərlə həmvətənlilərimizin döyüşlərdəki rəşadəti, əzmi və cəsarəti əks olunmaqla yanaşı insanlarda düşmənə nifrət, vətənə məhəbbət və birlik duyğuları aşılanıb. Həmçinin söz sənətimiz qəhrəmanların yetişməsində də mühüm rol oynayıb. Çünki bu əsərlər insanlara güclü təsir göstərərək vətənpərvərlik duyğularını coşdurur, “böyük vətən” uğrunda mübarizəyə səsləyirdi. Müharibə mözusunda yazılan əsərlərin mənəvi təsirlərindən biri də müasir, İkinci Dünya Müharibəsinə şahid olmayan insanlara o dövr haqqında təsirli təsvir yaratmaqdır.  Bu mənada S.Vurğun, S.Rüstəm, M.Rahim, İ.Səfərli, Ə.Cəmil, R.Rza, Ə.Məmmədxanlı, M.Hüseyn, Mir Cəlal və başqa onlarla ədibin adını çəkə bilərik ki,  onların yaratdqıları şeir, povest, hekayə və romanlar Azərbaycan ədəbiyyatında adı çəkilən mövzuda istiqamətverici əsərlərdir. Ancaq müharibənin yaşandığı və sonrakı dövrlərdə ədəbi mühitdə nəsr və dramaturgiya ilə müqaisədə poeziya daha məhsuldar sahə kimi diqqəti çəkir. Bədii ədəbiyyatın 40-50-ci illərində poeziya bir sənət nümunəsi kimi qəhrəmanlığın, cəbhəyə çağırışın, vətən uğrunda mübarizənin, xalqın dar günündə döyüşkənlik ruhunu formalaşdırmağın əsəs təbliğatçısı kimi ön plana çıxırdı. Bu cür bədii nümunələrdən biri də elə müharibənin ilk illərindən qələmi ilə arxa cəbhədə vuruşan xalq şairi Səməd Vurğunun qələmə aldığı bu misraları xatırlamaq yerinə düşər.

Bilsin ana torpaq, eşitsin vətən,

Müsəlləh əsgərəm mən də bu gündən.

Bu misraları Səməd Vurğunun qəhramanlıq mövzusunda yazılan gözəl şeir nümunələrindən biri və bundan sonra müharibə mövzusunda yazıb-yaradan şairlərin şüarı kimi səciyyələndirmək olar. Çünki bu misralar şairin vətəndaş mövqeyinin bariz çağırışı idi. Təəsübkeş şairin bu niyyəti “Cəbhələr çağırır, gəl düşək yola, Zəfər bizimkidir, uğurlar ola!” misralarında bir daha öz təsdiqini tapır. Yaxud şair başqa bir şeirində arxa cəbhədə nigaranlıqla xəbər gözləyən insanlara da mənəvi ruh verir.

 Ay ellər, obalar, gözünüz aydın!

Düşmənin səfləri dağılır bu gün.

Bizim qoç igidlər nərə çəkdikcə,

Zalımın məzarı qazılır bu gün.

XX əsrin ikinci yarısında müharibə mövzusu təkcə Səməd Vurğun qələmi ilə ədəbiyyata yol tapmadı. Bir çox şairlərimiz arxa cəbhədə sözü ilə döyüşməyə başladı.  Xalqın döyüş əzmini və qəhramanlığını əks etdirən poetik nümunələrlə yanaşı qələbəyə sonsuz inam da şeirlərə mövzu oldu. Buna misal olarq “Gün o gün olsun ki” şerini xatırlamaq yerinə düşər.

                                        Gün o gün olsun ki, qurtarsın dava,

Dağılsın buludlar, açılsın hava!

Alınsın düşməndən intiqam, qisas,

Torpaq nəfəs alıb, dincəlsin biraz.

Gün o gün olacaq, o gün gələcək

Bəşər dincələcək, həyat güləcək.

Əksər şairlərdə olduğu kimi,  Süleyman Rüstəm yaradıcılığında da müharibə mözusuna yanaşmalar müxtəlifdir. Ön cəbhədə canlarını ortaya qoyanlarla, arxa cəbhədə əzm, sədaqət və fədakarlıq göstərənlər də bədii boyalarla təsvir olunurdu. "Ana və poçtalyon " şeiri bu qəbildən olan möhtəşəm  sənət nümunələrindəndir.

Dörd ay vardı, ananın gözləri yol çəkirdi,

Başqa bir dərdi yoxdu, oğul dərdiydi dərdi.

Sorur:-“Balam hanı?”- Hər cəbhədən gələndən

Ondan xəbər gəlməyir xəbər gəlir öləndən.

Yerəmi batdı oğlum, göyəmi çıxdı oğlum?!

Bəlkə mən yanılmışam əzəldən yoxdu oğlum?!

El bilir, uşaqlıqdan o naxələf olmayıb.

Ürəyimə damıb ki, oğlum tələf olmayıb.

Səbəb nədir ki, yazmır anaya bircə kağız!

Oğul, oğul deməkdən qabar oldu dil, ağız!

Göründüyü kimi ön cəbhədə tarix yazanların bir də arxa cəbhədə təlatümlü düşüncələrlə, həsrət burulğanlarında gözləyənləri var idi və bu qəhrəmanlar da poeziyanın mövzusuna çevrilir. Şair hər ayaq səsinə ürəyi qopan bir ananın timsalında yüzminlərlə ananın nigaranlığını bədii boyalarla canlandırır. Əslində Azərbaycan qadınının dünyaya ibrət məğrurluğu, vətənə sədaqəti və fədakarlığı elə qadın şairlərimizin qələmi ilə bədii müstəvidə maraqlı süjetlərlə öz həllini tapıb. Mirvarid Dilbazinin “Vətənin keşiyində” şerində davada olan oğul ana öyüdünü bu cür dilə gətirir.

Laylasında anam mənə

Belə demiş dönə-dönə:

“Bir anan mən, biri vətən.

Yadda saxla bunları sən,

Canın kimi sev vətəni,

O bəsləmiş, oğul, səni.

Bayrağını möhkəm saxla

Sərhədini tez-tez yoxla”.

Böyük Vətən Müharibəsi illərində şairlərimiz təkcə arxa cəbhədə qələmlə döyüşmürdü. Bir çox sənətkarlarımız müharibənin iştirakçısı olmuşdur. Onların əsərlərində isə müharibə mövzusu daha təsirli boyalarla əksini tapmışdır. Çünki bu şairlər müharibənin dəhşətlərini, ölümləri öz gözləri ilə görüb, həyat və vətən uğrunda mübarizədə öncüllük ediblər. Yaradıcılığında müharibənin yeni bir səhifə açdığı Əhməd Cəmil kimi. Onun “ Ananın öyüdü”, “Mamay kurqanında” şeirlərində savaş həqiqətlərini özündə yaşadır. Yaxud da “Can nənə bir nağıl de” şeiri boyasız, pafossuz şəkildə yazılıb, müharibə dövrünün real həyat hadisəsidir.

 -Bəs ay nənə, atam indi haradadır, görəsən?!

-Bıy başıma nələr, oğul, yatmıyıbsan hələ sən?!

-Axı, nənə, heç demirsən atam haçan gələcək,

İndi onu səngərdə bəs üşütmürmü qar, külək?

-Ömrüm-günüm, körpə quzum, qurban olum adına,

Niyə köks ötürürsən o düşəndə yadına?

Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.

Deyir oğlum darıxmısan, görüşərik bu bahar.

Baxçalarda çiçək açar gülöyşə nar, yasəmən,

Qaranquşla bir zamanda qayıdaram kəndə mən...

Heç darıxma, dərdin alım, atan gələr, o zaman

Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!

Böyük Vətən Müharibəsində iştirak edən ədbilərimizdən biri də Naxçıvan torpağının yetirməsi, istedadlı şair-dramaturq İslam Səfərlidir. Nəğməkar şair kimi şöhrət qazanan sənətkarın yaradıcılığında müharibə mövzusunda yazılmış şeirlər heç də az deyil. Müharibədən sonra ədəbi fəaliyyətinə davam edən şair müharibə illərini bu cür xatırlayır

Bir düşündük, bir danışdıq,

Bir sıçradıq düşmən üstə.

“Ana” dedik, “Vətən dedik”

Dar ayaqda, son nəfəsdə.

Təkcə müharibə illərində deyil müharibədən illər sonra da Azərbaycan poeziyasında bu mövzu akual idi. Adətən ən yaxşı əsərlər hadisənin üstündən bir qədər zaman keçəndən sonra yazılır. Obrazlı şəkildə desək, mövzunun bişməsi üçün zaman dərmandır. Bu mənada M.Arazın da yaradıcılığında dəyərli sənət nümunələri var. Məsələn, şairin 1956-cı ildə qələmə aldığı “Müharibə olmasa” adlı şeiri örnək nümunədir.

Əridib silahları

Biz marten sobasında,

Körpü yarada billik

Yerlə Mars arasında-

Maribə olmasa!

 

Sevənlər aləmində

Nə qəm, nə həsrət olar.

Bəşərin gülləsi-söz,

Sözü-məhəbbət olar-

Müharibə olmasa!

Əsrlərdir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol oynayan Naxçıvan ədəbi mühiti də poeziyamıza müharibə mövzusunda dəyərli əsərlər bəxş eibdir. Təkcə İkinci Dünya Müharibəsinin deyil Qarabağ savaşının da reallıqları naxçıvanlı qələm sahiblərinin yaradıcılığında öz əksini tapıbdır. İslam Səfərli,  Məmməd Araz, Müzəffər Nəsirli, Əvəz Sadiq, Əkbər Məftun, Hüseyn Razi, Asim Yadigar, Vaqif Məmmədov və adını çəkmədiyimiz bir çox şairlər yaradıcılığında müharibə mövzusuna yer verib.

Bu gün də xalqımız və ədəbiyyatımız üçün müharibə mövzusu aktualdır və aktual olmalıdır. Çünki torpaqlarımızın işğal altında olduğu bir dövrdə ədəbiyyat 70-80 il bundan öncə göstərdiyi xidmətin daha təsirlisini göstərməli, yetişməkdə olan gəncliyə milli vətənpərvərlik ruhunu aşılamalıdır. Müharibə mövzusu, döyüşə, qələbəyə çağırış, qəhrəmanlığa səsləniş ədəbiyyatımızın aparıcı mövzularından biri olmalıdır. Şair və yazıçılarımız böyük qələbənin başlanğıcı olan Aprel zəfərini ədəbiyyatda geniş şəkildə işıqlandırmalı, bir gün mütləq yaşanacaq Qarabağ zəfərinə gedən yolda xalqda  döyüş əzmi, mübarizə, cəsarət, milli heysiyyət və ruh yüksəkliyi kimi yüksək mənəvi duyğular  formalaşdırmalıdır. Çünki ulu öndər Heydər Əliyevin sözləri ilə desək ”İnsalara ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən vasitə yoxdur”. Ötən əsrdə olduğu kimi, sözümüzün zəfəri Qarabağ zəfəri ilə tamamlansın.   

                                        Əhməd Əhmədov

                                    Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: