Heydər Əliyev irsinin işığında ədəbi dilimizin inkişafı

A- A A+

Dövlətçiliyin əsas atributlarından biri kimi dil xalqın milli varlığı, milli sərvətidir.  Torpaq, bayraq  qədər  müqəddəs olan dilin müstəqil inkişafı, zənginləşməsi və nüfuzu bilavasitə dövlətçiliklə bağlıdır. Bu amillər qloballaşma dövrü olan müasir dövrümüzdə dövlət dilinin  istifadəsinə və inkişafına yüksək həssaslıq və diqqətlə yanaşmağı tələb edir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin bütün fəaliyyəti dövründə ana dilinə, dövlət dilinə sevgi mühüm yer  tutub. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”- deyən dahi rəhbərin  fəaliyyətinin birinci mərhələsində, dəqiq desək 1978-ci ildə - sovet ideologiyası şəraitində Azərbaycan dilinin konstitusiyaya dövlət dili kimi daxil edilməsi zamanına görə əsl qəhrəmanlıq və uzaqgörənlik mümunəsi  idi. Azərbaycanın milli müstəqilliyini elan etdiyi 1991-ci ildən sonra  isə dövlət dil siyasəti xüsusi keyfiyyət qazandı. Müstəqil dövlətin iradəsini ifadə edən bu siyasəti Azərbaycan xalqının Ümummilli lideri həyata keçirdi. Heydər Əliyevin  1993-cü ildə hakimiyyətə qayıdışı ilə respublika hərcmərclik mərhələsindən çıxıb həqiqi müstəqillik yoluna qədəm qoydu.          Ümumilli liderin Azərbaycan Respublikasına rəhbərliyinin müstəqillik dövrünü əhatə edən  ikinci mərhələsində - 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı ilə yeni tarixi mərhələdə dövlət dili siyasətinin miqyası daha da genişləndi.

Ümumiyyətlə, bu dövrdə Heydər Əliyevin təşəbbüsü ilə ədəbi dilimiz sözün əsl mənasında yüksək status qazandı, dövlət dili haqqında qanun qəbul olundu, latın qrafikası bərpa edildi. 2001-ci ilin 9 avqustunda imzalanan möhtəşəm bir fərmanla 1 avqust tarixi ölkəmizdə Ana dili və əlifba günü elan olundu. Azərbaycan əlifbası və ana dili gününün təsis edilməsi ulu öndər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin, 1993-cü ildən etibarən həyata keçirdiyi milli dövlətçilik siyasətinin davamı və qanunauyğun nəticəsi idi.

30 sentyabr 2002-ci il tarixində   “Azərbaycan Respublikasında Dövlət Dili haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli fərmanı kimi ictimai-siyasi əhəmiyyət daşıyan sənədlər müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin dövlət dilinin inkişafına verdiyi töhfələrin mühüm bir hissəsidir.

Heydər Əliyevin milli dil siyasəti onun layiqli varisi, ölkə prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, ölkə prezidentinin  9 aprel 2013-cü il tarixli Sərəncamı ilə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı qəbul edilib. Proqram çərçivəsində dövlət dil siyasəti bütün parametrlər üzrə həyata keçirilir. Dil komissiyası, Terminologiya kommissiyası, Toponimika komissiyası, Orfoqrafiya komissiyası yaradılıb və bu komissiyalar zaman keçdikcə xeyli təkmilləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı müstəqil ölkəmizdə dövlət dili istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin məntiqi davamı, həyata keçirilən tədbirlərin yeni mərhələsidir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında  da dilimizin saflığının qorunub inkişaf etdirilməsi və Dövlət proqramının tətbiqi istiqamətində mühüm işlər həyata keçirilməkdədir. Ali Məclis Sədrinin bu sahədə gördüyü mühüm işlərdən biri, Naxçıvan şəhərinin mərkəzində Ana Dili abidəsinin ucaldılmasından ibarətdir. Digər diqqətəlayiq fakt  dilimizi qoruyub inkişaf etdirən Naxçıvan Yazıçılar Birliyinin fəaliyyətinin genişləndirilməsidir. Birliyin nəzdində Tərcümə Mərkəzi fəaliyyətə başlayıb və qısa müddət ərzində xeyli faydalı işlər görülüb. “Əcəmi” nəşriyyatının maddi-texniki bazası xeyli möhkəmləndirilib, son illər  Naxçıvanın tarix və mədəniyyətinə aid yüzlərlə kitab və ensiklopediyalar nəşr olunub, dilçilik və folklorşünaslıqla bağlı bir-birindən maraqlı elmi konfrans və tədbirlər keçirilib, onlarla elmi əsər və monoqrafiyalar ərsəyə gətirilib. Ali Məclis Sədrinin Sərəncamı ilə oxunması zəruri olan kitabların, bədii sözün daşıyıcısı olan dəyərli ədəbi nümunələrin diyarımızın gəncləri tərəfindən geniş şəkildə öyrənilməsi də dilimizin, sözümüzün təbliğinə, onun keçmişinə, klassik ədəbi irsə hörmətin artmasına münbit zəmin yaradıb.

Beləliklə, qloballaşma dövründə ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə miqyasında  ana dilimizin, Azərbaycan dilinin inkişafında, yeni mərhələ başlanıb.   Bu dövrdə dilçilər və ümumiyyətlə ziyalılar qarşısında duran əsas məsələ ana dilinimizn saflığını qorumaqdan, ədəbi dil normalarına riyayət olunmasına nəzarət etməkdən,  dili yad ünsürlərdən təmizləməkdən ibarətdir. Ulu öndərin söylədiyi kimi: “Dilimizi qorumaq, daha da inkişaf etdirmək bizim ən müqəddəs vəzifəmizdir”.

                                                                                       Əbülfəz Quliyev

                                                                          AMEA-nın müxbir üzvü

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: