Folklorumuza Heydər Əliyev sevgisi

A- A A+

Ömrü boyu Azərbaycan ziyalılarının qayğısını çəkən, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi böyük övlad sevgisi ilə yorulmadan təbliğ edən ümumilli liderimiz Heydər Əliyev xalqını, vətənini sevən, onun hər uğuruna ürəkdən sevinən ən böyük azərbaycanlı idi. O, Azərbaycanın bütün sahələrdə böyük uğur qazanmasında misilsiz xidmətlər göstərən dahi şəxsiyyət idi.

Heydər Əliyev ədəbiyyatımızı milli sərvətimiz kimi dəyərləndirərək deyibdir: “Ədəbiyyatımız bizim böyük milli sərvətimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm. Bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm”.

Akademik İsa Həbibbəylinin dediyi kimi: “Böyük dövlətçilik təcrübəsinə, yüksək liderlik qabiliyyətinə malik olan bu qüdrətli dövlət xadiminin yenidən siyasi cəbhəyə qayıdışını təkcə xalq deyil, həm də zaman tələb edirdi. Çətin sınaqlarda möhkəmlənmiş zəngin siyasi təcrübəyə malik Heydər Əliyev Azərbaycan  xalqı  qarşısında  həmin məsuliyyətli tarixi  vəzifəni qəbul etmiş, böyük xilaskarlıq missiyasını dönmədən, qətiyyətlə həyata keçirmişdir”

Heydər Əliyev dövründə klassik şairlərimizin əsərlərinin çapı, təbliği ilə yanaşı şifahi xalq ədəbiyyatı nümunələrimiz də unudulmadı. Folklor nümunələrinə göstərilən diqqət və qayğı həm də xalqımızın özünü tanıması, özünə qayıdışı kimi dəyərləndirilməlidir. Dilimizdə yasağa çevrilən “Dədə Qorqud”, “Oğuz”, “Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan yaddaşı” anlayışları geniş surətdə işlənməyə başladı. Tarix- diyarşünaslıq muzeylərimizin bütün rayonlarda fəaliyyətə başlaması, folklor qruplarının yaradılması, “Aşıq Pəri Məclisi”nin, “İrs”, ”Gülüstan”, “Yallı” və sair xalq kollektivlərinin yaradılması, “Bulaq”, “Ozan” verilişlərinin açılması, saz bayramlarının, folklor festivallarının keçirilməsi milli kökə, milli dəyərlərə qayıdışın bariz ifadəsinə çevrildi.

Klassik şair və yazıçılarımızın yubileylərinin keçirilməsi ilə yanaşı, folklor tədqiqatçısı olan alimlərimizin, qüdrətli aşıqlarımızın yubileylərinin keçirilməsi də yaddan çıxmadı, unudulmadı.

Milli varlığımızın tərcümanı  “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin YUNESKO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Heydər Əliyev qaldırdı. YUNESKO yubileylə bağlı təklifi qəbul etdi. Yubileylə bağlı hazırlıq işləri görüldü. Dastanla bağlı elmi kitablar yazıldı. Xatırladaq ki, elə 70-ci illərdə xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən “Dədə Qorqud” filminin xeyir-duasını da Heydər Əliyev vermişdir.

Ulu öndər dastana yüksək qiymət verərək deyibdir: “Oğuz türklərini tarixini əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı yüksək bəşəri ideyalar tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olmuşdur”

2000-ci il aprel ayının 10-da “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi Bakı şəhərində təntənə ilə qeyd olundu. Həmin zirvə toplantısında Heydər Əliyev deyibdir: “Azərbaycanda “Kitabi-Dədə Qorqud” irsinin öyrənilməsi, tədqiq  edilməsi, təbliğ olunması sahəsində böyük işlər görülmüş və bunlar dastanı bizim xalqımıza, bütün türk dünyasına, türkdilli xalqlara yenidən tanıtmış və onun nə qədər zəngin sərvət olduğunu bütün dünyaya nümayiş etdirmişdir”.

Azərbaycan  Respublikasının  Prezidenti cənab  İlham  Əliyev də bu ənənəni əzmlə davam etdirib. Dövlət başçısı 2007-ci ildə “Dədə Qorqud heykəli və Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Sərəncam imzalayıb. 2013-cü ildə Dədə Qorqud  parkı salınıb və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin açılış mərasimində Prezident İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Həmin il Prezident İlham Əliyev “Dədə Qorqud” dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı Sərəncam imzalayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” 20 fevral 2015-ci il tarixli Sərəncamı  bu dastanın xalqımız üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha dünyaya bəyan etməklə yanaşı, Heydər Əliyev ideyalarına sədaqətini də bir daha nümayiş etdirdi.

“Kitabi-Dədə Qorqud” dastanları ilə bağlı böyük tədqiqat aparan Xalq yazıçısı Anarın bir fikri olduqca maraqlıdır. Anar yazır: “Hər hansı xalq ədəbi irsi nə qədər zəngin olsa da bir, ya iki əsas kitaba, təməl kitaba, Ana kitaba malikdir. Belə baş kitab xalqın varlığını ən dolğun və bitkin şəkildə əks etdirir... Xalqımızın şah əsəri, Ana kitabı Dədə Qorqud dastanıdır”.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bu dastanı “Ata kitabı”mız adlandıraraq yazır:  “Azərbaycan Respublikasının Prezidenti  Heydər Əliyevin “Kitabi - Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında  imzaladığı fərman ulu Ata kitabımızın yenidən araşdırılması, beynəlxalq səviyyədə məqsədyönlü şəkildə təbliği, dünya dillərinə tərcümə olunması, yeni nəşrlərin meydana çıxması baxımından geniş imkanlar açır.

Ulu öndərin qayğısı sayəsində folklor kitablarının, klassik ədəbiyyat nümunələrinin nəşrləri onu göstərdi ki, Azərbaycanda bu sahədə çox böyük işlər görülüb.  Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Aşıq Ələsgərin 150 illik (1972), Aşıq Alının 180 illik (1981) yubileyləri böyük təntənə ilə qeyd olunmuşdur. Aşıq Ələsgərin 1972-ci ildə 150 illik yubileyi Bakı ilə yanaşı Moskvada da qeyd olunubdur.

El içərisindən çıxmış bir aşığın yubileyinin Moskvada keçirilməsi həmin dövr üçün böyük nailiyyət idi. Həmin tədbirə Sovetlər Birliyinin bütün respublikalarından söz-sənət adamlarının Kremlin Qurultaylar Sarayına toplaşması əslində Azərbaycan saz-söz sənətinin qüdrətini göstərirdi. 1996-cı ildə Heydər Əliyev Aşıq Ələsgərin 175 illik yubileyinin keçirilməsi ilə bağlı yeni sərəncam imzaladı. Aşıq Ələsgərin əsərləri yenidən nəşr olundu. 2001-ci ildə isə Aşıq Ələsgərin 180 illik yubileyi qeyd olundu.

1981-ci ildə Aşıq Alının 180 illiyi Heydər Əliyevin təşəbbüsü ilə qeyd olundu, Aşıq Alının şeirləri ayrıca kitab şəklində oxuculara çatdırıldı. Ötən əsrin 70-80 ci illərində aşıqlardan Abbas Tufarqanlının, Sarı Aşığın, Dilqəmin, Xəstə Qasımın, Hüseyn Bozalqanlının, Aşıq Hüseyn Cavanın və başqalarının şeirləri toplanıldı, kitabları çap olundu.

Ötən əsrin yetmiş-səksəninci illərində istedadlı el sənətkarlarının  yaradıcılıq və ifaçılıq sahəsində qazandığı böyük uğurlar da məhz Heydər Əliyevin adı ilə bağlıdır. Aşıq Hüseyn Cavan, Aşıq Şəmşir Qocayev, Aşıq Şakir Hacıyev, Aşıq Əkbər Cəfərov, Aşıq Ədalət Nəsibov, Aşıq Pənah Pənahov və Aşıq İmran Həsənov “Əməkdar incəsənət xadimi”, musiqi folklorunun bənzərsiz ifaçıları olan İzzətalı Zülfüqarov, Ələsgər Şəkili və Əli Kərimov isə “Azərbaycanın əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görüldülər. Müstəqillik illərində də bu ənənə davam etdirildi. Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov kimi qocaman ustadlara fəxri Prezident təqaüdünün verilməsi, Aşıq Əhliman Rəhimov və  Ədalət Dəlidağlının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsi dediklərimizə əyani sübutdur.

Bu gün Azərbaycanın ayrı-ayrı rayonlarında musiqi məktəblərində saz dərnəklərinin fəaliyyət göstərməsi ənənəsi də müstəqillik illərində ulu öndərin saza-sözə dəyərinin nəticəsi kimi qiymətləndirilməlidir. Saz-söz bayramlarının keçirilməsi, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə Azərbaycan aşıqlarının, folklor qruplarının çıxışları bir daha sübut edir ki, bu gün Azərbaycan  folkloru dünya səhnələrinə də yol tapa bilib.

Professor  Məhərrəm  Qasımlı “Heydər Əliyev və Azərbaycan folkloru” adlı geniş məqaləsində ulu öndərin folklorumuza sonsuz sevgisini dolğun çalarlarla oxuculara təqdim edib. Məhərrəm Qasımlı adı çəkilən məqaləsində yazır: ”Dilimizin, ruhumuzun incəliklərinə, tariximizin dərin qatlarına, ədəbi, mədəni abidələrimizə müdrik meyarlar və dəqiq elmi-nəzəri ölçülərlə qiymət verən Heydər Əliyev təkcə Azərbaycan hüdudlarında dəyərləndirmələr aparmırdı. Onun mülahizə və düşüncələri Azərbaycan mənəvi-mədəni gerçəkliklərini Şərq mədəniyyəti kompleksi, ümumtürk konteksti daxilində təqdim və təhlil edirdi”.

Ümummilli liderimiz Heydər  Əliyev təkcə Azərbaycan folklorunu deyil, eləcə də türk xalqlarının qədim dastanlarını, klassik şairlərini, el sənətkarlarını böyük məhəbbətlə sevir və onların yubiley tədbirlərində də iştirak edirdi. Heydər Əliyev böyük fəxrlə qeyd edirdi ki, qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”,”Alpamış”, “Koroğlu” dastanları, xalqımızın hamısına mənsub olan şairlərimiz, yazıçılarımız- Nizami, Yunis Əmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhdimqulu, Abay və digərləri xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, onu dünyada tanıdan ölməz əsərlər yaradıblar və bunlar nəsillərdən-nəsillərə xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə edib, hazırlanıb, vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndiribdir.

Heydər Əliyev böyük şəxsiyyət kimi elə arxalanıb, ana dilimizi ən güclü silah sayıb, ədəbiyyatımızı, folklorumuzu sevə-sevə təbliğ edib, xalqın  gücünə arxalanaraq zirvələr fəth edibdir. Tarixdə xalqa, onun milli dəyərlərinə, ədəbiyyatına bağlı Heydər Əliyev kimi ikinci bir düha, şəxsiyyət tapmaq qeyri-mümkündür.  Bu dahi şəxsiyyət xalqımızın fəxri olmaqla yanaşı, həm də dilimizin, folklorumuzun ən böyük  qoruyucusu kimi tarixdə bundan sonra da yaşayacaqdır.

                                                                

                                                                             Sədaqət Nemətova

                                           Filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: