Ulu öndər Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri kоnsepsiyasi

A- A A+

Heydər Əliyev dünya tarixinə parlaq və silinməz iz qoymuş, boyük şəxsiyyət, müdrik dövlət xadimi, fenomenal biliyə malik olan dahi bir liderdir. Ulu Öndər deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və müəllifliyi ilə ərsəyə gələn və 1999-cu ildən həyata keçirilən “Təhsil sahəsində İslahat Proqramı” inkişaf etmiş demokratik cəmiyyət quruculuğunda önəmli və müstəsna əhəmiyyət kəsb edir.

Ümumtəhsil məktəblərində qazanılan biliklərin mahiyyətini, mündəricəsini yüksək qiymətləndirən ulu öndər hər bir insanın həyat mövqeyinin formalaşmasında, cəmiyyətdə öz yerini tutmasında orta təhsilin çox böyük əhəmiyyət daşıdığını vurğulayırdı. Ulu öndərimizin aşağıdakı dəyərli fikirləri bu baxımdan səciyyəvidir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, ...cəmiyyətimizin şüurlu üzvü olacaqdır”.

 Bu mövzunun davamı kimi qeyd edək ki, dahi rəhbərin orta təhsilin qarşısında duran vəzifələrlə bağlı qiymətli tövsiyə və tapşırıqları da bütün zamanlar üçün dəyərini saxlayan əsl fəaliyyət proqramıdır. Ulu öndərin “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” 23 iyun 2000-ci il tarixli Fərmanı da təhsil sektorunda müasir islahatlara, yenidənqurmaya geniş imkanlar açan mühüm tarixi sənəddir.

Təhsil islahatlarının həyata keçirilməsinə başlandığı ilk gündən Azərbaycan dövlətinin faydalı təşəbbüsləri, yenilikçi müəllimlərin qabaqcıl iş təcrübəsinin yayılması, onların iş metodlarının ümumiləşdirilməsi pedaqoji ictimaiyyətə çatdırılması təhsil sahəsində ortaya çıxan problemlərin aradan qaldırılmasında mühüm rol oynadı. Respublikanın adlı-sanlı alimləri, təhsil işçiləri, pedaqoqlar, müəllimlər, ziyalılar islahatın gedişinə dair öz mülahizələrini söyləyərək, müasir təhsil quruculuğunun müxtəlif aspektlərini şərh edirlər.

“Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 ok­tyabr 2002-ci il tarixli Sərəncam da müdrik rəhbərin təhsilə göstərdiyi qayğının daha bir parlaq təzahürüdür. Ulu öndərin uzaqgörən siyasi kursunun mübariz davamcısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edibdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyibdir: "Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir".

Yeni təhsil müəssisələrinin yaradılması, məktəblərin müasir tədris vasitələri ilə təmin edilməsi, şagirdlərin dövlət hesabına pulsuz dərsliklərlə təmin olunması, müəllim əməyinin yüksək qiymətləndirilməsi, onların maddi vəziyyətinin əsaslı şəkildə yaxşılaşdırılması, istedadlı gənclərə böyük dövlət qayğısının göstərilməsi, onların xaricdə təhsilə göndərilməsi və sair sahələrdə də ümummilli liderimizin misilsiz xidmətləri müstəqil Azərbaycanda təhsil siyasətinin geniş üfüqlərindən soraq verir.

Təhsil sahəsində sürətli dəyişiklik və yeniləşmələr müəllim hazırlığının da kökündən yeniləşməsini qarşıya qoyur, bu isə indiki dövrdə  cəmiyyətin inkişafının ən mühüm problemlərindən biridir  və müasir tələblərə görə təhsil sisteminin daim təkmilləşdirilməsinə ehtiyac olduğu özünü əks etdirir. Azərbaycanın gələcəyi ölkəmizin bütün regionlarında yaşayan istedadlı şagirdlərindən, tələbələrindən asılıdır, buna görə də ölkəmizin təhsil sistemində aparılan bütün dəyişikliklər və yeniləşmələr bu ideyada əksini tapmalıdır.

Müstəqillik qazandıqdan sonra yeni cəmiyyət quruculuğunun sivilizasiyalı, demokratik modellərin axtarışı prosesində, təhsil sisteminin yeniləşməsində dünya təcrübəsinə inteqrasiya geniş miqyas alıbdır. Azərbaycanın gələcəyi baxımından daha çox əhəmiyyət kəsb edən faktorlardan birini də məhz ölkə gənclərinin dünyanın müxtəlif mütərəqqi demokratik dövlətlərindəki nüfuzlu təhsil ocaqlarında təhsil almalarını təmin edən, daha çox ictimaiyyətin diqqətini cəlb edən mövcud dövlət proqramı təşkil edir. Bu proqram çərçivəsində artıq yüzlərlə azərbaycanlı gənc müxtəlif tanınmış dünya universitetlərində təhsil almağa göndərilibdir. Təhsil islahatlarının sistemli aparılması, bu zaman bütün gələcək nəticələrin təhlil edilib araşdırılması və nəzərə alınması da mühüm əhəmiyyət daşıyır. Təhsilimizin böyük banisinin qeyd etdiyi kimi: “Biz təhsil sahəsində yeniləşmənin tərəfdarıyıq, dünya təcrübəsindən səmərəli istifadə eləməyi sizdən tələb edirik. Təhsil islahatlarının sistemli aparılması, bu zaman bütün gələcək nəticələrin təhlil edilib araşdırılması və nəzərə alınması da mühüm əhəmiyyət daşıyır. Gələcəyimiz olan şagirdlərin (tələbələrin) əsaslı şəkildə təhsil almaları üçün vətənpərvər və peşəsini həqiqətən sevən, xalqına xidmət göstərəcək elmi-pedaqoji kadrlar hazırlanmalıdır.

Müəllimlərlə şagirdlər və  tələbələr arasında təlim-tərbiyə, qarşılıqlı hörmət yüksək səviyyədə qurulduqda onların hərtərəfli müvəffəqiyyəti bir o qədər üstün olar. Yəni, şagird və tələbələrə hörmət və qayğı ilə, tələbkarlıqla yanaşdıqda, onda bu proses birtərəfli yox, qarşılıqlı olur. Ulu öndərimiz Heydər Əliyevin zəngin və mənalı həyat yolu nümunəsində gənclərin tərbiyə edilməsi, onun siyasi irsinin öyrənilməsi zəminində gənc nəslin fəal həyata hazırlanması sahəsində əhəmiyyətli addımlar atmaq mühüm tərbiyəvi amillərdən biridir. Buna görə də çalışmaq lazımdır ki, onlarda ancaq müsbət keyfiyyətlər inkişaf etsin, bu isə  məktəb rəhbərlərindən və müəllimlərin onlara qarşı münasibətlərindən çox asılıdır.

Heydər Əliyev təlimində təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın vəhdəti sоn dərəcə mühüm prinsip kimi əsaslandırılıbdır. Təhsil оcaqlarının tərbiyəedici funksiyasına xüsusi diqqət yetirən ümummilli liderin aşağıdakı sözləri də bu ali həqiqətin ifadəsidir: “Təhsil оcaqlarında gənc­lərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.

Görkəmli şəxsiyyət Heydər Əliyevin milli təhsil və tərbiyə məsələlərinə dair nəzəri kоnsepsiyası sоn dərəcə qiymətli оlub, çağdaş dövrdə də, gələcək yüziklərdə də öz dəyərini, əhəmiyyətini saxlamaq gücünə malikdir. Bu konsepsiya hər bir təhsil alanın, hər bir pedaqоqun, ümumən, hər bir Azərbaycan vətəndaşının fəaliyyət devizi, həyat amalıdır. 

Vüsalə İsmayılova

Naxçıvan Dövlət Universitetinin dosenti,

 pedaqogika üzrə fəlsəfə doktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: