Naxçıvanda xüsusi qayğıya ehtiyacı olan ailələr daim diqqət mərkəzində saxlanılır - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə 15 May – Beynəlxalq Ailə Günü münasibətilə muxtar respublikanın Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə, 10 aztəminatlı, çoxuşaqlı və sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilib.
Komitənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ailələrlə görüş zamanı dövlətimiz tərəfindən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərildiyi vurğulanıb. Bildirilib ki, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biridir. Bu gün əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.
Beynəlxalq Ailə Günü ilə əlaqədar ailələrlə keçirilən görüşlərdə onlara ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilib.
Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Vurğulanıb ki, belə tədbirlər qarşıdakı günlərdə də muxtar respublikanın digər rayonlarında və Naxçıvan şəhərində təşkil olunacaq.
Mövcud vəziyyətlə əlaqədar ailələrlə baş tutan görüşlər sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilib.