Uzunoba çimərliyi iyulun 1-dən fəaliyyətə başlayacaq - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvanın istirahət guşələrindən biri olan Uzunoba çimərliyi növbəti mövsümə hazırlaşır. Naxçıvan şəhərindən 9 km aralıda yerləşən çimərliyin ümumi sahəsi 14 min 850 kvadratmetrdir. Bir neçə ildir ki, hər yay fəaliyyətə başlayan çimərlikdə həm böyüklər, həm də uşaqların üzməsi üçün sahələr nəzərdə tutulub. Hazırda sahildəki duş kabinələri, paltar dolablarında son təmir işləri aparılır. Çimərliyin ətrafına 50 həmişəyaşıl ağac əkilib və əraziyə su xətti çəkilib, qumluq sahə yaradılıb. Bundan başqa çimərlik istirahət zonasında ekstremal şəkildə əylənmək və idmanla məşğul olmaq üçün su motosikletləri, qayıqlar və voleybol meydançasından da istifadə etmək olar.
Uzunoba çimərliyində istirahət edənlər ictimai iaşə xidmətindən də faydalana bilərlər. Müştərilərə, əsasən, yerli istehsal olan müxtəlif sərinləşdirici içkilər, dondurmalar, çay və kofe təqdim olunur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedici qrupu sahildəki nəzarət qülləsindən göldə çimənlərin təhlükəsizliyi üçün ətrafı davamlı nəzarətdə saxlayır. Hər hansı qayda pozuntusu zamanı səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara xəbərdarlıq edilir. Qrup əməkdaşlarının hamısı lazımi geyim və rabitə cihazları ilə təmin olunurlar.
Qeyd edək ki, çimərlik səhər saat 6-dan, axşam saat 20-yədək işləyəcək.
Cavid Səfərli