“Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020” mövzusunda onlayn konfrans - FOTOLAR
Naxçıvan Müəllimlər İnstitutu tərəfindən Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutunun fəal iştirakı ilə “Ümumi təhsildə kurikulum islahatları: nəticələr və perspektivlər–2020” mövzusunda onlayn respublika elmi-praktik konfransı keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki , iclası giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq konfransın əhəmiyyəti və institutda fənn kurikulumlarının tətbiqi ilə bağlı görülmüş işlərdən danışıb. Kurikulum islahatlarının tarixinə toxunan rektor qeyd edib ki, ötən tədris ilində ölkəmizdə müstəqillik illərinin ən mühüm təhsil islahatlarından olan ümumi təhsildə kurikulum islahatlarının tətbiqi ilə tam orta təhsil almış ilk məzunlar müstəqil həyata qədəm qoyublar.
120-dən çox nümayəndənin qatıldığı konfransda Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Universitetinin professor müəllim heyəti, Azərbaycan Respublikasının Təhsil İnstitutunun, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin əməkdaşları ilə bərabər muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri müəllimlərinin 80-dən çox məruzəsi dinlənilib.
Konfrans “Ümumi təhsildə kurikulum islahatlarının əsas istiqamətləri: hədəflər və reallıqlar”, “Məzmun standartları, qiymətləndirmə və monitorinq: direktiv sənədlər və məktəb təcrübəsi”, “Təlim strategiyaları və müasir pedaqoji texnologiyalar: fəaliyyət və nəticələr”, “Məktəbəqədər və ibtidai təhsildə kurikulumların tətbiqi məsələləri”, “Təbiət fənləri üzrə kurikulumların tətbiqi məsələləri”, “Humanitar fənlər üzrə kurikulumların tətbiqi məsələləri”, “Şəxsiyyətyönümlü kurikulumların tətbiqinin psixoloji problemləri”, “Kurikulum islahatları və tərbiyə məsələləri” bölmələri üzrə öz işini davam etdirib.