Mən demişəm ki, bir çox ölkələr indi iqtisadi cəhətdən əziyyət çəkir, o cümlədən də biz. Mənim bu yaxınlarda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri ilə videokonfrans şəklində görüşüm olmuşdur. Orada qeyd olundu ki, Azərbaycan pandemiya dövründə iqtisadi sahədə də yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında söyləyib.
Dövlətimizin başçısı deyib: “Biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Ona görə bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq”.