Naxçıvanda bəbir balalarının yeni görüntüsü qeydə alınıb - VİDEO
Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında Soyuq dağ ərazisində ötən il quraşdırılan foto və videoçəkiliş qurğuları vasitəsilə dünyaya gəlmiş iki bəbir balası qeydə alınıb.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu günlərdə əməkdaşlar tərəfindən ərazidə keçirilən monitorinq zamanı həmin bəbir balalarının yeni görüntüsü əldə edilib.
Bölmədən bildirilib ki, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev və aparıcı elmi işçi Samir Quliyev muxtar respublika ərazisində yayılan nadir və nəsli kəsilmək üzrə olan vəhşi heyvan növlərinin aşkar edilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər aparırlar. İsmayıl Məmmədovun sözlərinə görə, həmin körpə bəbir balaları artıq böyüyüb və müstəqil həyata hazırdırlar.
Qeyd edək ki, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq (İDEA) və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə muxtar respublika ərazisində quraşdırılan xüsusi qurğularla heyvanların yaşam tərzinə müdaxilə etmədən onların həm şəkilləri, həm də videogörüntüləri əldə edilir.
Qafqaz bəbiri də bütün dünyada qorunma statusuna malikdir və bu növün az sayda fərdləri var.