Yaz səhərinin dan ulduzu uzaq dağın arxasında yox olur. Göy üzündəki boz-qara buludların işığı günəşin yolda olduğunu xəbər verir. Bir mənəm, bir də səssizlik... Baş-başa verib saat əqrəbində zamanın addımlarını sayırıq. Pəncərə şüşəsini silib, yenidən sübhün gəlişinə qulaq verirəm... yağış çisələyir, külək yaşıl ağaclardan tökülən ağ-sarı çiçəklərlə rəqs edir. Təbiətin səssizliyi ahənrüba kimi məni özünə çəkir. Küçələrin nigaran baxışlarını görüb, zamanı da götürüb çölə çıxıram...indi tək deyiləm, ruhum da mənimlədir:
Tənhalığın ağuşunda yox olub,
Sənlə dolu kimsəsiz şəhərdəyəm.
Addım-addım yeyirəm küçələri...
Damla-damla yağışdayam,zərdəyəm.
Sabah açıldıqca yavaş-yavaş adamlar görünür. Mən isə... səndən başqa heç kəsi duymuram... elə səninlə bir ömür yol getmək istəyirəm...
Su üzündə yox olası gəmitək,
Eşitmirəm addımların harayın...
Külək öpür üz-gözümü səhərdən,
Tellərimi dəli-dəli darayır...
Bir evim var səssizliyin içində,
Pəncərədə soyuq izlər qarışır.
Astanası hər addımı bələmir...
Tanış gözlər divarıyla danışır...
Çapır, çapır köhlənini içimdə...
Yavaş, külək! Səssizliyi oyatma...
Bu kimsəsiz şəhəri al tərkinə,
Mən qarışıq apar, bir də qayıtma...
Mən qayıtmaq üçün yola çıxmadım. Həyata görmək, duymaq, yaşamaq üçün gəldim. Fikirlərim məni sonsuzluğa aparsa da, yolçuluğumdan narazı deyiləm.
Üzür ruhun gəmisi
dünyanın boş üzünə,
Qəddarlıqla yoğrulmuş
bir az da xoş üzünə...
Ruhumu bu sahildən
o sahilə aparır...
gah da ki, göyə çəkib
yer üzündən qoparır...
Dalğaların telindən
tutub sürünürəm mən...
suyun əlini sıxıb
sakit görünürəm mən...
Kimsəsiz adaların
qovulmuş sakiniyəm...
üç nöqtədə yaşayan ...
nidanın hakimiyəm...
İçimdəki yad səslər
əllərimə toxunur...
gülür, gülür... sonra da...
tellərimə toxunur...
Deyir...yat...yat...oyanma..
məzardasan, ölüsən...
nə fərqi? ..ölməsən də...
ağıllı bir dəlisən...
Diksinib ayılıram...
səs qırılır, tökülür...
sonra... sonra... anidən
səsin beli bükülür...
Ölür yad səslər məndə,
için-için qocalır...
məndən uzaq zamanda
doğma bir səs ucalır...
Doğma bir səs dəyir üzümə... yolumu daha da nurlandırır... üzü dağlara sarı dəyişir addımlarım...danışan insanların , şütüyən maşınların arasından keçib təbiətin tənha qalmış möcüzələrinə yaxınlaşıram. Yol qırağında daşların arasından bənövşə boylanır... yol yoldaşım dilə gəlir:
Bu qəmli duruşun qəhr eylər məni,
Ətrin ürəyimə mehr eylər mənim,
Rəngin səma kimi, sehrlər məni,
Boynu buruq qaldın, sən tək, bənövşəm!
Duruşun utancaq qıza bənzəyir,
Ləçək-ləçək gülür, naza bənzəyir,
Hələ deyilməmiş sözə bənzəyir,
Həyada ceyrantək ürkək bənövşəm!
Qış boyu daş altda uyuyan gözəl,
Yaza yaz nəğməsi oxuyan gözəl,
Daş üstə gül-naxış toxuyan göz, əl,
Olasan bir ömrə gərək, bənövşəm!
Bəli, ürkək bənövşə nəğməsini oxuyub başa çatdırmamış təbiətin daş gözəlləri boy verirlər qarşımda... arxasında gizlətdikləri günəş başlarına tac olmuş, onların sehirli rənglərini üzə çıxarmışdı artıq... bizim bu daş gözəllərdən dünyanın heç bir yerində yoxdu. Bu möcüzəli gözəllikdən ilham alan yol yoldaşım daha nikbin notlara köklənir:
Yaz günü, zirvəndən qarı yıxanda,
Bənövşə daş altdan pünhan çıxanda,
Nərgiz ağ köynəyə, sarı sıxanda,
Vuruldum mən sənə, dağlar, a dağlar!
Könlümə çələng tək hördüm ətrini,
Başında buluddan gördüm çətrini,
Tutdum gözyaşından, yazdım sətrini,
Duruldum mən səndə, dağlar, a dağlar!
O dağdan bu dağa yarğan açıldı,
Lalədən döşündə yorğan açıldı,
Sinənə qısıldım, qalxan açıldı,
Qol oldun sən mənə, dağlar, a dağlar!
Dağ, çəməndi- neylər çoban, yastığı?
Dərdimə dərmandı çobanyastığı,
Yamacda ruhumun daban basdığı,
Yol oldun sən mənə, dağlar, a dağlar!
Zamanın əlində, ruhun dilində başladığım yolçuluğum dağların-o daş gözəllərin rəngbərəng güllərinə, çiçəklərinə qarışır...
Təranə Arifqızı