Bakı Medical Plazanın tanınmış cərrahı NDU-nun tələbələrinə onlayn seminar keçib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin təşkilatçılığı ilə onlayn seminar təşkil edilib. Seminara müəllim və tələbə olmaqla 120-yə yaxın iştirakçı qoşulub.
Seminarda Bakı Medical Plazanın tanınmış cərrah mama-ginekoloqu, professor Mehman Həmzəyev “Sonsuzluqda D vitaminin rolu, Mamalıqda septiki vəziyyətlər” mövzusunda çıxış edib. Vurğulanıb ki, D vitamini sinirlərin və əzələlərin, immun sisteminin normal fəaliyyəti üçün, ürəyin, dərinin, qalxanvari vəzinin, böyrəklərin sağlamlığı, qanın normal laxtalanması, arterial təzyiqinin tənzimlənməsi, immun sisteminin normal fəaliyyəti üçün də çox önəmlidir. D vitamini bəzi xərçəng xəstəliklərinin (xüsusilə süd vəzi, yumurtalıqlar, prostat vəzi xərçəngi, leykoz) müalicəsi və profilaktikası üçün effektlidir.
Sonra Naxçıvan Dövlət Universitetinin məzunu olmuş, hal-hazırda Türkiyə Respublikası Muş Bulanık Dövlət Xəstəxanasında Qadın xəstəlikləri və doğum uzmanı kimi çalışan Zahid Ağayev “Doğum zamanı ana ölümlərinin başlıca səbəbləri və qarşısının alınma yolları” adlı çıxışında ana bətnində dölü inkişafdan saxlayan - həm ana, həm də döldən asılı olan əsas səbəblərdən danışıb.
Sonda müəllim və tələbələrin mövzularla əlaqəli sualları cavablandırılıb.
Səadət Əliyeva