Maraq, diqqət, müşahidəçilik... uşaqların inkişafında informasiya vasitələrinin rolu

A- A A+

İnsan psixologiyasına təsir edən informasiya zəka inkişafının əsas təkanverici amilidir. İnformasiya zəkanın inkişafına əsasən üç istiqamətdə təsir edir. Aktiv (yaradıcı), reaktiv (mənfi, əks təsirli) və üçüncü isə passiv (potensial gizli) formada özünü göstərir.

Uşaq şəxsiyyətinin formalaşmasında informasiya texnologiyalarının (xüsusi ilə ekran vasitələrinin) uşaqlarda qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül və s. kimi psixi keyfiyyətlərin inkişaf etdirilməsi sahəsində böyük imkanlara malikdir. Bu nəzərə alaraq uşaqlarda mənəvi təsəvvürlərin formalaşmasında texniki vasitələrin psixi keyfiyyətlərin inkişafına necə təsir göstərməsini müxtəlif yanaşmalarla xarakterizə etmək olar.

Maraqşəxsiyyətin gerçəkliyi dərk etməyə, hər hansı bir fəaliyyət növünə, müəyyən bilik sahəsinə yiyələnməyə az və ya çox davamlı yönəlməsində ifadə olunan fərdi psixi keyfiyyətdir. Ekran vasitələri, tez-tez dəyişən kadrlar sistemi uşaqlara təsir göstərərək onlarda hadisələrə baxmaq üçün maraq doğurur və onun intensivliyini daim artırır, qıcıqlandırıcının daha tam və aydın inikasını, mükəmməl dərk edilməsini təmin edir. İ.P.Pavlov qeyd edib ki, ətraf mühitdə kiçik bir dəyişiklik baş verdiyi zaman insan və heyvanlarda müvafiq reseptorlar (sinir ucları) bu dəyişikliyi törədən qıcığa tərəf yönəlir və bunun nəticəsində maraq yaranır. İnformasiya vasitələrində tez-tez dəyişən görüntülər uşaqlarda marağın dəyişməsinə və inkişaf etməsinə kömək edir. Maraqların inkişafı isə uşaqlarda mənəvi təsəvvürlərə müsbət təsir göstərməklə bərabər, onların düzgün dünyagörüşünün formalaşmasına imkan yaradır.

Anlayışlar - Məktəbyaşlı uşaqlarda anlayışların formalaşması, başqa sözlə ətraf aləmdəki cisim və münasibətlərin inikasını yaratmaq (anlamaq) üçün ekran vasitələri mühüm rol oynayır. Ekran vasitələri öyrənilən hadisələrin anlaşılmasını xeyli dərəcədə sadələşdirir və onlar haqqında müəyyən dəqiq və konkret məlumatlar verir, uşaqların anlayışında müəyyənlik və aydınlıq yaradır, onları sonrakı fikri inkişaf və sərbəst yaradıcılıq işinə doğru yönəldir, hadisələr haqqında yalnış təsəvvürlərdən xilas edir, orijinallıq və yaradıcılıq tərbiyə etməklə düzgün anlayışlar sistemi yaradır.

İnformasiya vasitələri real və reallaşdırılmış multisxemlər (görüş sxemləri) əsasında təsvir edilən hadisələrdən bəhs edir, onları təbiətdə olduğu kimi göstərir. Hadisələrin real təsvir edilməsi uşaqlarda düzgün anlayışlar sistemi yarada bilir.

Müşahidəçilik - Müasir informasiya texnologiyaları həqiqi həyatı hərəkət və dəyişmə şəklində əks etdirərək, anlayış və təsəvvürləri əlverişli şəkildə insanlara çatdırmaq üçün qüvvətli bir alətdir. İnformasiya vasitələrində ekran təsvirlərinin dinamikliyi heç bir obrazı qaçırmadan onların əsas və yardımçı hissələrini bir-birindən ayırd etməklə hadisələrə dair ətraflı müşahidə aparmaq üçün diqqətin toplanmasını məcbur edir. Mahiyyət etibari ilə də ekran vasitələri uşaqlarda müşahidəçilik bacarığını artırır, əsas məsələləri dərk edərkən “tez tuta bilmə” kimi psixi keyfiyyəti inkişaf etdirir.

Müşahidə xüsusən də ekran vasitəsilə müşahidə böyük pedaqoji təsirə malikdir. Çünki müşahidə öyrənmənin tələbindən asılı olaraq məqsədəuyğun xarakter daşıyır, pedaqoji məqsəddən asılı olaraq lazımi həcmdə göstərir, əlverişli anlama hüdudunda təqdim edir.

Müşahidəçiliyin ən əsas xüsusiyyəti yeniliyə qüvvətli maraq bəsləməkdə, məlum olmayanları üzə çıxarmaqda ifadə olunur.

Diqqət - İnformasiya vasitələri uşaqlara qüvvətli təsir edir, onların hisslərinə toxunaraq həyəcanlandırır, onları həyatın əlçatmaz dərinliklərinə apararaq ekranda baş verən hadisələri daha diqqətlə izləməyə məcbur edir. Məktəbəqədər yaş dövründə diqqətin inkişaf etdirilməsi kiçikməktəb yaşı dövrü və ondan sonrası üçün məsuliyyət hissinin formalaşmasına zəmin yaradır, onların diqqətini yalnız öyrənilən məsələyə cəlb edir, dərsin kompleks şəkildə mənimsənilməsini asanlaşdırır. Yeniliklər qeyri-ixtiyari diqqətin təşkili üçün güclü amildir. İ.P.Pavlov göstərmişdir ki, ətraf gerçəklikdə baş verən dəyişiklik dərhal bələdləşmə refleksi yaradır, insan həmin hadisələrin nədən ibarət olduğunu bilməyə, onlarla geniş tanış olmağa meyl edir.

Beləliklə aydın olur ki, ekranda xəyalların dinamikliyi, rəngarəngliyi intensiv təsirləndirmə xüsusiyyəti, xüsusilə ekranın ətraf mühitə nisbətən daha yüksək parlaqlığa malik olması uşaqların qeyri-ixtiyari diqqətinin inkişaf etdirilməsi işini daha yaxşı təşkil edir.

Şəxsiyyətin inkişaf tələbləri inkişafın özü ilə bağlıdır ki, onları ayırmaq hətta təcrübi sürətdə mümkün deyildir. Bu gün sürətli inkişaf imkan verir ki, həm şəxsiyyət, həm də uşaq şəxsiyyətində mənəvi kimlik formalaşa bilsin.

 

                                               Ayxan Hüseynli

                                                                        Naxçıvan Müəllimlər İnstitutunun müəllimi,

                                                      Tələbə Gənclər Təşkilatının sədri

                                    Günəş Qəribova

                                                                              Naxçıvan Müəllimlə İnstitutunun III kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: