"Naxçıvansığorta” müasir və yeni ünvanda fəaliyyət göstərəcək - FOTOLAR
“Muxtar respublikamızda sığorta işi diqqət mərkəzində saxlanılır. Ötən dövrdə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib, bağlanılan sığorta müqavilələrinin həcmi dəfələrlə artıb. Sığorta-bazar münasibətlərinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun olaraq 6 il bundan əvvəl yaradılmış “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti uğurlu inkişaf yolu keçib”
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyəti üçün yaradılan müasir iş şəraiti ilə bağlı keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini, maliyyə naziri Səbuhi Məmmədov deyib. Nazir qeyd edib ki, hazırda muxtar respublikamızın müxtəlif bölgələrində və paytaxt Bakı şəhərində nümayəndəlikləri fəaliyyət gösətərən cəmiyyət tərəfindən 5 adda sığorta xidməti təqdim olunur.
Səbuhi Məmmədov yaradılmış müasir iş şəraitinin “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində yeni mərhələ olduğunu qeyd edib, bu münasibətilə kollektivi təbrik edərək uğurlar arzulayıb.
“Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən Tural Ələkbərov vurğulayıb ki, cəmiyyət əmlakın yanğından və digər əlavə risklərdən sığortası, fərdi qəza sığortası, yüklərin sığortası, avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası və hüquqi şəxslərə təqdim edilən avtonəqliyyat vasitələrinin kasko sığortası olmaqla 5 könüllü sığorta növü üzrə xidmət göstərir. Əlavə olaraq, naxçıvansığorta.az internet saytı da yaradılıb ki, müştərilər həmin sayta daxil olmaqla cəmiyyət, o cümlədən sığorta məhsulları haqqında məlumatlar ala bilərlər.
Qeyd edək ki, Naxçıvan şəhər, Heydər Əliyev prospekti 4 ünvanında yerləşən müasir binanın birinci mərtəbəsi və zirzəmisində, ümumilikdə 253 kvadratmetr qeyri-yaşayış sahəsi “Naxçıvansığorta” Açıq Səhmdar Cəmiyyətinin istifadəsinə verilib. Yeni ofisdə müasir kompüter dəstləri, server və digər avadanlıqlar qoyulub, yeni proqram təminatı qurulub. Burada müştərilərə sığorta xidmətlərindən rahat və məsafəli yararlana bilmək üçün “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəmə terminallarından, onlayn ödəniş sistemindən və naxçıvansığorta.az saytından istifadə etməklə banka yaxınlaşmadan sığorta haqlarını ödəmə imkanı yaradılıb. Həmçinin binanın həyətində abadlaşdırma işləri aparılıb, yaşıllıqlar salınıb.
Turab Hacızadə