15 May Beynəlxalq Ailə Günüdür

Ailə dəyərlərimiz yaşadılır

A- A A+

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi mühüm rol oynamışdır. Ailə nikah, qohumluq, ümumi maraq və qarşılıqlı mənəvi məsuliyyətin mövcud olduğu kiçik qrupdur. Başqa sözlə, ailə vahid qayə uğrunda birlikdə var olub çalışan üzvlərin, qohum-əqrəbaların cəmidir, onların yaşayış tərzində ən əhəmiyyətli yer tutan təməldir. Sağlam cəmiyyətin, güclü dövlətin formalaşması və inkişafında mühüm vasitə olan ailə insanların bütün yaş dövrlərində ehtiyac duyduğu ən ali dəyərdir.

 “Ailə xüsusi, mürəkkəb insan münasibətləri aləmidir. Burada böyük bir nəzakət, həssaslıq, şəxsiyyətin ləyaqətinə, ailənin mənafeyinə, hörmət və ehtiram lazımdır”, - deyən ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit edilmiş və dövlətin xüsusi himayəsində olduğu qeyd olunmuşdur. Bununla dövlət ailənin müdafiəsinə, onun sosial quruluşunun və nüfuzunun qorunmasına təminat vermişdir. 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsi ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən əsas hüquqi sənəddir.

Bu gün əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Əhalinin rifah halının yaxşılaşdırılması, ailələrinin məşğulluqlarının təmin olunması, sağlamlıqlarının qorunması istiqamətində mühüm tədbirlər görülür. Həmçinin muxtar respublikada ailələrin sosial rifah halının gücləndirilməsinin nəticəsidir ki, ildən-ilə muxtar respublikada ailələrin sayı artır. Hazırda Naxçıvan Muxtar Respublikasında 97 min 793 ailə yaşayır.

Muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması qarşıda duran əsas vəzifələrdəndir. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur. Həmçinin muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ailələrimizə, uşaqlarımıza müvafiq sahədə göstərilən diqqətin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması da bu sahədə atılan mühüm addımlardan biridir.

Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri çərçivəsində ailələrin mənzil­-məişət şəraitinin yaxşılaşdırılması məsələsi diqqət mərkəzində saxlanılır. Gənc və aztəminatlı ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir, yeni yaşayış binaları tikilərək, yaxud yenidən qurularaq istifadəyə verilir, sosial məsələlərin həlli ilə bağlı əhəmiyyətli addımlar atılır. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə gənc ailələrə verilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2016-cı il 7 noyabr tarixli Fərmanı ilə “Naxçıvan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzil sahibi olmasına şərait yaratmışdır. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq Naxçıvan şəhərinin Əziz Əliyev prospektində 2 yaşayış kompleksi istifadəyə verilmiş, Kazım Talıblı küçəsində isə yeni yaşayış kompleksi inşa olunmaqdadır. Hazırda muxtar respublikanın şəhər və rayonlarında yeni yaşayış binaları da inşa edilir ki, bu binalarda da gənc ailələr ipoteka kreditləri ilə mənzil sahibi ola biləcəklər. 1995-ci ildən bugünədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 536 ev tikilmiş və ya yenidən qurulmuşdur.

Ailələrin rifahının təmin olunmasında məşğulluğun da rolu danılmazdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailələrin, o cümlədən aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq ailələrə müxtəlif növdə aktivlər verilir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının yaranmasına münbit şərait yaradır. Uzun müddət ünvanlı dövlət sosial yardımı alan, fərdi təsərrüfatlarını qurmaq istəyən ailələrə köməklik göstərilməsi məqsədilə iribuynuzlu və xırdabuynuzlu mal-qara, həmçinin ailə üzvlərinin peşələrinə uyğun avadanlıqlar verilir.

Ötən dövr ərzində ailə təsərrüfatlarının yaradılmasına dövlət tərəfindən göstərilən qayğının nəticəsidir ki, 1 yanvar 2020-ci il statistikasına əsasən muxtar respublikada 940 ailə təsərrüfatı fəaliyyət göstərir. Həmçinin 391 ailə özünüməşğulluq proqramına cəlb olunmuşdur. Eyni zamanda muxtar respublikada gənc qızların, o cümlədən sağlamlıq imkanları məhdud qadınların xüsusi peşələrə yiyələnməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün xalçaçılıq, keçəçilik, dərzilik, ağac üzərində oyma kimi peşə kurslarının təşkil olunması onların özünüməşğulluğuna şərait yaradır, sosial vəziyyətlərinin yaxşılaşmasına dəstək verir.

BMT-nin İnkişaf Proqramının “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi reallaşdırılmışdır. Həmin layihə çərçivəsində öz biznes planı ilə fərqlənən 63 qadına ümumilikdə, 43 min 700 manat məbləğində sərmayə kapitalı verilmişdir. Komitə tərəfindən mütəmadi olaraq muxtar respublikanın rayon və kənd mərkəzlərində müvafiq mövzularda maariflədirici tədbirlər həyata keçirilir, tədbir iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici broşürlər paylanılır, eyni zamanda kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ailə dəyərlərinin təbliği ilə bağlı maarifləndirici çıxışlar edilir.

Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq işlər görülür, ailə üzvlərinə tibbi xidmət göstərilir, onların zəruri ehtiyacları ödənilir. Həmçinin aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, onlara sosial müavinətlər ödənilir. Görülən işlərin nəticəsində ötən illə müqayisədə aztəminatlı ailələrin sayında 44 faizədək azalma müşahidə olunmuşdur. Qeyd olunanlarla yanaşı, muxtar respublikada ailə dəyərlərimizin  gənclərə təbliği məqsədilə yazı, dekorativ tətbiqi sənət, yaradıcılıq və rəsm müsabiqələri keçirilir.

Muxtar respublikamızda qeyd olunan vəzifələrin icrası, milli dəyərlərimizin əsas hissəsi olan ailə dəyərlərinin qorunub yaşadılması istiqamətində bundan sonra da arıdıcıl tədbirlər görüləcəkdir.

 

Naxçıvan Muxtar Respublikasının

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: