Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Musiqi Kollecinin kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün onlayn-təcrübə məşğələsi keçirilib.
Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, təcrübədə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova təcrübələrin tələbələrin bilik və bacarığının artmasındakı əhəmiyyətindən danışıb.
Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Komplektləşdirmə şöbəsinin iş prinsipi” haqqında geniş məlumat verib. Qeyd edilib ki, bütün çap məhsulları ilk növbədə komplektləşdirmə şöbəsinə daxil olur. Qoşma sənədlərlə tutuşdurulub yoxlanıldıqdan sonra ümumi və fərdi uçot kitablarında qeydə alınır. Çap məhsullarının növünə görə-kitab, qəzet və jurnallar üçün ayrı-ayrılıqda inventar kitabları götürülməlidir. Kitabların titul vərəqinə və 17-ci səhifəsinə inventar nömrəsi, ştamp vurulduqdan sonra kitabişləmə və kataloqlaşdırma şöbəsinə təhvil verilir.
Məşğələnin sonunda tələbələrin sualları cavablandırılıb.