İllər keçməsinə baxmayaraq babamın qabarlı əlləri, alın təri ilə saldığı bağ və o bağı bəzəyən, ilk baharda nübar meyvəsi ilə bizi sevindirən göycə ağacları hələ də yadımdadır. Uşaq sevinci ilə ağaca dırmaşmağımız, əl-ətəyimizi dolduraraq ağacdan düşməyimiz, doyunca duzlayıb yediyimiz, sonra da yoldan keçənə payladığımız sulu, şirəli Naxçıvan göycəsini təkcə dadı və tamıyla deyil, həm də yaddaşımda qalan xatirələri il sevirəm.
Bir də onu xatırlayıram ki, Şərur torpağında bu qiymətli meyvəni becərən ilk bağbanlardan biri də elə mənim babam olub. Sonralar o bu təcrübəsini çox insanlara öyrətdi. Kənddə neçə-neçə bağa göycə calağı vurdu. İndi babam həyatda yoxdur. Uşaqlıq çağlarımıza şahidlik edən göycə ağacı da ömrünü çoxdan başa vurub. Ancaq onun xeyirxah bağban kimi kənddə bir çox həyətlərdə calaq vurduğu göycə ağacları böyüyüb və barlı bağları bəzəyir.
Bu yaz yenə bar verib illərdir bağımızda var olan, həm də bir qədər qocalıb qol budaq atan göycə ağacı... bol məhsul budaqların qəddini əyib.
Görəsən niyə hər kəs bu qədər sevir bu meyvəni? Yazın ilk yetişən meyvəsi olduğuna görəmi, yoxsa elə bu torpağın yetirdiyi bar-bəhər olduğuna görəmi? Hər halda sualın cavabını göycəni bu gün də becərən təcrübəli bağbanlar daha yaxşı izah edər. Elə bu səbəbdən bir yaz səhərində yolumu Şərur rayonunun Danyeri kəndindən saldım. Kənddə yaxşı göycə bağı olan Yaqub Həsənovun sorağını çoxdan almışdım. Ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalında onunla ayaqüstü söhbətimiz də oldu.
Səhərin gözəl çağıdır. Ünvanı soraqlaşa-soraqlaşa mənzil başına çatıram. Həyət qapısını açıb həyətə daxil oluram. Yaqub Həsənovu soruşanda oğlu “harada olacaq? bağdadır” –deyir.
Çağıraq gəlsin?
“Yox, bağı dolaşa – dolaşa özüm taparam”, deyirəm.
Səliqə-sahmanı ilə göz oxşayan bağa daxil olub bir neçə addım getmişdim ki, bir də baxdım zəhmətkeş bağban bir cığırla mənə sarı gəlir. Səsimizi eşidibmiş. Salamlaşıb, hal-əhval tuturuq. Yaqub babanın bağını dolaşanda ataların məşhur “Bağ salan barın da yeyər“ deyimini xatırladım. Yaqub Həsənov illərdir saldığı bağın bəhrəsini yeyir. Gəzə -gəzə söhbət edirik.
Bağı saldığınız tarixi xatırlayırsınızmı?
Hardasa 70-ci illərdə salmışam bu bağı .... Biz Şərur rayonunun Danzik kəndindən bura gələn vaxtları bu ərazilərdə yovşandan başqa bir şey yox idi. Daldalanmağa kölgə də tapmırdıq. Fikirləşdim ki, mən nə isə bir şey etməliyəm və bu bağı saldım.
İlk dəfə bura hansı ağacları əkdiniz?
O vaxtlar əslində əlimizə nə meyvə düşürdüsə əkirdik. Sonralar özüm başladım calaq işinə. Hər bir meyvədən calaq vurdum. İndi bağımda göycədən tutmuş innaba qədər bütün meyvələrdən var.
Görünür, bağa daha çox göycə ağacları salmısınız ...
Fərəhlə “bəli”- deyə cavab verir.
Niyə daha çox göycə?
Bilirsən, qızım, bu meyvə Naxçıvan üçün qiymətli bir sərvətdir. Bu sərvəti yetirən münbit torpaq, becərən isə mənim kimi insanlardır. Qiymətlidir, ona görə ki, tam yetişənə qədər yaşıl rəngini qoruyub saxlayan göycə can dərmanıdır. Baxın, qanı təmizləyir və bədəndə təzə qan yaradır, təzyiqi aşağı salır.
“Beş ədəd göycə ye, axşama qədər susamazsan”
Ümumilli lider Heydər Əliyevin də məgər ən çox sevdiyi meyvə Naxçıvan göycəsi deyildimi? Ulu öndərin illər əvvəl jurnalistlərlə müsahibəsində bu meyvəni iştahla yeməsi də göycəmizi şöhrətləndirdi. Ən əsası isə Naxçıvandan başqa heç yerdə bitmədiyinə görə Naxçıvana şöhrət gətirib bu brend məhsulumuz. Becərsələr belə buradakı göycənin dadını yox, alça dadı verir. Hər ağacdan orta hesabla 100 kq –dan çox məhsul yığıram, bərəkətli ağacdır.
Bəs göycə necə yol tapdı bağınıza?
Yaxşı yadımdadır 70-ci illərdə Naxçıvan şəhərinin Çuxur məhəlləsində Əkbər adlı bir kişinin göycə bağı var idi. Bağından tonlarla məhsul yığardı. Qardaşım ilə yaxın dost idilər. Bax, bu göycəni o vaxtlar mən Çuxur məhəlləsindəki Əkbər kişinin bağından gətirib calaq vurmaqla artırmışam. İndi də bəhrəsini görürəm. Becərdiyim göycə bağının sorağı Azərbaycanın başqa bölgələrinə də yayılıb.
Sizi dəfələrlə “Göycə” festivallarında görmüşük...
Düzünü desək, bir neçə il bundan əvvəl bağlarımızdan əldə etdiyimiz digər meyvələr kimi göycə də çox olurdu, satdığımızı satırdıq, qalanı isə elə yetişib ağacda quruyur, ya da yerə tökülüb hədər gedirdi. Ancaq son illər Naxçıvanda bu cür festivalların keçirilməsi mənim kimi digər bağbanları da çox sevindirdi. Göycəni bazarla yanaşı festivala da çıxarıb, həm Naxçıvanın brend məhsulu kimi tanıdır, həm də satıb gəlir götürürük. Hətta keçirilən göycə festifallarında dəfələrlə qalib olmuşam. Ötən il festivalda xarici qonaqlar da məndən göycə alıblar. Bu il həm də Muxtar Respublikamızda “İxrac ili”dir. Bu bizi sevindirir. Deməli göycəmiz daha çox tanınacaq, ondan gələn gəlir həm şəxsi büdcəmizə, həm də iqtisadiyyatımıza səmərə verəcək.
Söhbət əsnasında onu da öyrənirəm ki, 68 yaşlı Yaqub baba bağçılıqla beş uşaq böyüdüb. Ailəsinin qazanc mənbəyi elə bu ağaclardır.
“Ömür boyu bekar qalmamışam. Əsl sənətim bənnadır. Zaman olub traktor da sürmüşəm. Amma bağ qədər sevdiyim iş yoxdur. Bu bağ məni cavan, gümrah saxlayır. Halal zəhmətlə dolanıram. Əsas odur ki, işimi sevirəm. İnsanın gərək gördüyü işə sevgisi ola”.
Bəs bu ağacları daha yaxşı becərməyin əsas şərtləri nələrdir?
Yaz vaxtı ağacların dibi əhənglənir, payızda quru budama, yazda isə yaş budama aparılır. Xəstəlik və ziyanvericilərə qarşı dərmanlanır, üzvi kübrələr verilir. Ağaca qulluq lazımdır, əziyyət çəkməlisən. Hər gün mən bu bağı dolaşıram. Birinə su lazımdır, biri dərmanlanmalıdır, birinin budağına haça vurmaq lazımdır. Yoxsa “halva halva deməklə ağız şirin olmur”.
Təkcə qulluq, yoxsa torpaqda bir hikmət var?
Hikmət odur ki, torpaq deyir “öldür məni, dirildim səni”. Bağı salmamışdan əvvəl torpağı şumlayıb, pərşum etdikdən sonra cərgə ilə ağacları elə salmalısan ki, hər tərəfdən günəş vursun. Torpağımız münbitdir. Göycə isə qüvvəti və yumşaq torpaqları sevir.
Göycə calağı nə zaman vurulmalıdır?
Erkən yazda, fevral ayının sonu mart ayının əvvələri göz, arpa biçimində isə yarma calağı...
Ümumiyyətlə, calaq olunan meyvələrin tumları uyğun gəlməlidi. Göycəni ərik ağacına da calaq vurmaq olar. Ancaq yetişəndə ərik dadı verəcək. Bağbanların daha çox üstünlük verdiyi alça və gavalı ağaclarıdır. Ən yaxşı, sulu və qabığı nazik göycə isə gavalı ağacına vurulan calaqdan ərsəyə gəlir. Alça ağacına vurulan calaqdan alınan göycə bir qədər turş olsa da ağacı uzunömürlü olur. Baxın, 50 ilin bağıdır... (gülür)....
Kiçik bir ağaca yaxınlaşır, “Görürsünüz, qələm üsulu ilə becərdiyim göycədir”. İlk nübarını verən ağacın meyvəsindən bir neçəsini dərərək “dadına baxın” deyir. Bağbanın qələm üsulu ilə becərdiyi göycənin dadı calaq olunan göycələrdən seçilmir. O bu təcrübəsi ilə qələm üsulu ilə də göycə ağacı yetişdirməyin mümkünlüyünü sübut edib.
İlk yarpaqlarını verən qələmlərə və bu yaz vurulan calaqlara baxıram. Deməli, bir necə il sonra bu fidanlar da illər əvvəl bu bağda salınmış göycə ağacları kimi qol-budaq atıb bol məhsul verəcək. Beləcə, Naxçıvanın brend məhsulu bağlarda göz oxşayacaq, onu becərmək ənənəsi isə nəsildən-nəsilə ötürüləcək.
Bu il məhsul necədir?
Şükür, məhsul boldur. Günəşin nurundan qidalanan göycələr yetişib dada gəlir. Yaş vaxtı kiloqramı 1-2 manata satdığımız göycəni qurudub qışda da 20-25 manata qurusunu satırıq. Evdə kompotu, turşusu,lavaşası da hazırlanır.
Bağban səxavətli olar deyirlər. Yaqub Həsənov da xeyirxah və səxavətli bir bağbandır.Öz təcrübəsini rayondakı sahibkarlarla, fermerlərlə bölüşür. Calaq vurduğu tingləri qohuma, dost-tanışa da verir. Ötən il göycə bağından 2 ton məhsul yığıb əsgərlərimizə pay göndərib. Missiyanı bu il də davam etdirmək niyyətində olan bağban deyir ki, “Qoy, sərhəddə sinəsini sipər edib bizi qoruyan vətən oğullarımız bağımın nemətini dadsınlar”.
Həmsöhbətimiz yorulub, deyəsən. Evə gedib dincəlmək məqamıdır. Düşünürəm doğurdan da yüzillərlə yaşı olan göycə bu yerlərin qiymətli sərvətidir. Mövsümündə ən çox alıcısı olan bu meyvə bazar, dükan və marketlərimizdə boldur, bu bolluğu yaradan isə Yaqub Həsənov kimi göycənin dilini yaxşı bilən bağbanlardır. Hər halda bu qiymətli meyvənin hamı tərəfindən çox sevilməsinin sirri də elə onun, ancaq Naxçıvan torpağında yetişməsidir. Vətən torpağında bitən nemət isə şirin olar....
Türkanə Əmoyeva