Ramazan ayında oruc tutarkən qidalanma qaydalarına diqqət etmək, balanslı və keyfiyyətli qidalanmaq vacibdir. Ramazan ayı yaz fəslinə təsadüf etdiyindən oruc tutarkən daha çox aclıq və susuzluq hiss etmiş oluruq. Bu səbəbdən imsak və iftar zamanı əsasən tərkibində maye olan qidalar qəbul edilməlidir. Mütəxəssislər hesab edirlər ki, iftarda fasilələrlə qidalanmaq daha çox faydalıdır. Orqanizmin ehtiyacı olan vitaminlərin, mineralların yetərli miqdarda və balanslı olaraq qəbulu mühümdür. Belə qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir və insan özünü pis hiss edir, fiziki və əqli iş qabiliyyəti xeyli zəifləyir. Nəinki ramazan ayında imsak zamanı, adi günlərdə də səhər yeməyi mütləq yeyilməlidir. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansımızı qorumuş olar, özümüzü yorğun və halsız hiss etmərik. Mütəxəssislər imsakda toxluq hissini qoruyan, bədəndə su saxlayan qidalara üstünlük verməyi tövsiyə edirlər. Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində yumurta olan səhər yeməyinə qatıq və yulaf toxumu əlavə edilərsə, toxluq hissi daha uzunmüddətli olar. Həzm sisteminin fəaliyyəti pozulduqda qəbizlik və şişkinlik kimi problemlər müşahidə oluna bilər. Bu halda bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq məqsədilə qatıqdan daha çox istifadə olunmalı, meyvə-tərəvəzə üstünlük verilməlidir. Maye olaraq bitki çayı, az şəkərli kompot, ayran və süd kimi məhsullar da bağırsaqların fəaliyyətinə müsbət təsir edir. Orucu ilıq su ilə açmaq lazımdır. Bir-iki stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı və göy-göyərti yemək daha uyğundur. 15-20 dəqiqəlik fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Ona görə də yeməyə ilk olaraq sulu yeməklərlə başlamaq məsləhətdir. Qəbul olunan qidalar yaxşı çeynənməlidir ki, həzm zamanı problemlər yaranmasın. Normadan artıq və fasiləsiz qida qəbul etmək orqanizm üçün ziyandır. Əsas yeməklərdən bir neçə çeşid varsa, birinə üstünlük verilməlidir. Mümkün qədər az yağlı yeməklər qəbul edilməlidir. Xəmir xörəklərinin, qızartmaların, tərkibində sous olan kalorili yeməklərin ramazan ayı boyunca iftarsüfrələrində yer almaması tövsiyə olunur. Acılı, müxtəlif ədviyyatlı qidaların, həmçinin turşuların qida rasionuna daxil edilməsi məqsədəuyğun deyil. İftar zamanı bir-iki dilimdən çox çörək yemək məsləhət görülmür. Yeməklərdən dərhal sonra şirniyyat qəbulu isə artıq çəkiyə səbəb olur. Şirniyyat, adətən, yeməkdən bir-iki saat sonra qəbul edilməlidir. Şərbətli şirniyyatların əvəzinə yarım porsiya südlü şirniyyat daha məqsədəuyğundur. İftarla imsak arası bol miqdarda su içilməsi tövsiyə edilir. İftardan sonra bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək şərtdir. Oruc tutanlar yuxu rejiminə də düzgün əməl etməlidirlər.
“Nuh yurdu” qəzeti