Qarabağlar İmamzadəsi

A- A A+

Qədim və zəngin tarixi keçmişə malik olan muxtar respublikamız çoxsaylı abidələr diyarı kimi tanınır. Bu mühüm maddi və mənəvi zənginliklər içərisində diyarımızın müxtəlif bölgələrində böyük bir dini-tarixi keçmişə şahidlik edən imamzadələr də var. Naxçıvanın on üç əsrdən artıq bir dövrünü özündə təcəssüm etdirən bu kimi abidələr həm memarlıq baxımından, həm də dini dəyərlərimizin qorunması və yaşadılmasına görə böyük əhəmiyyət daşıyır. Bu mənada Kəngərli rayonunun öz tarixi keçmişi ilə diqqət çəkən yaşayış yerlərindən Qarabağlar kəndindəki Qarabağlar İmamzadəsi də xüsusi yer tutur.

Qarabağlar İmamzadəsindən bəhs etməzdən öncə qeyd edək ki, “İmamzadə” anlayışı “İmam” kəlməsindən yaranıb və bu söz ərəbcədən tərcümədə rəhbər, başçı, öndə duran mənalarını ifadə edir. İmamlar İslam dünyasında Həzrəti Məhəmməddən (sav.) sonra dini rəhbər funksiyasını yerinə yetirən və bu müqəddəs şəxsiyyətin nəslindən olan kəslərdir.

Bəs bu gün muxtar respublikamızın bir sıra bölgələrində rast gəlinən İmamzadə dini-tarixi abidələrində dəfn olunan və İslam peyğəmbərinin soyunu daşıyan bu müqəddəslər necə olub ki, diyarımıza gəlib çıxıblar? Tarixə nəzər saldıqda bu məsələnin həmin dövrdə baş verən bir sıra proseslərlə bağlı olduğu ortaya çıxır. Belə ki, imamlar (şiə imamları) Abbasi xəlifəliyi dövründə daim təqiblərlə üzləşmiş, buna bağlı olaraq da onlar təqiblərdən yaxa qurtarmaq üçün müxtəlif yerlərə köç etmək məcburiyyətində qalıb, eləcə də ölkəmizə pənah gətiriblər. XVI əsrdən etibarən isə Azərbaycanda Səfəvilər dövlətinin qurulması ilə bir neçə əsr təqiblərə məruz qalan imam övladlarına, bir növ, “bəraət” verilib, onların dəfn olunduqları yerlərdə şərəflərinə türbələr (məqbərələr) inşa olunubdur. Nəticə etibarilə bu gün muxtar respublikamızın bir sıra yerlərində mövcud olan İmamzadə dini-tarixi abidələrinin əsası da bu tarixi şəraitdə qoyulubdur. Bunlardan biri də məhz haqqında danışacağımız Qarabalar kəndində tikilmiş və bu günədək gəlib çıxmış Qarabağlar İmamzadəsidir.

Qeyd edək ki, muxtar respublikadakı tarixi-dini abidələrdən olan Qarabağlar kəndindəki Qarabağlar İmamzadəsi “Ocaq dibi” adlı qəbiristanlıqda yerləşir. Burada dəfn olunan müqəddəs şəxsiyyətlərə məxsus məqbərələr 3 ənənəvi milli memarlıq nümunəsi olan tikilidə cəmlənmişdir. Birinci qəbir XIII əsrdə yaşamış və İslam övliyası kimi tanınmış Seyid Əhdi Qarabağlariyə aiddir. Bu müqəddəs şəxsiyyət İmam Museyi Kazımın övladlarından biri olub. Tarixi mənbələrdən də məlum olduğu kimi, İmam Museyi Kazım zəhərlənib öldürüldükdən sonra onun övladları, yaxın ətrafı təqib və təzyiqlərdən yaxa qurtarmaq üçün yer-yurdlarını tərk edib, bir çox ölkələrə, o cümədən Azərbaycana və onun Naxçıvan bölgəsinə pənah gətiriblər. Onun qulamları ilə qaçan həddi-büluğa çatmamış xələfləri də o cümlədən Qarabağlarda canlarını tapşırıb və burada dəfn olunublar. Qarabağlar kəndinin ağsaqqal sakinlərinin dediyinə görə məqbərədə yerləşən qəbirlərin üzərində özüldən işlənmiş sənduqə də olub.  Lakin 1950-ci illərdə keçmiş SSRİ Şərqşünaslıq İnstitutunun Leninqrad (indiki Sankt-Peterburq) Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları burada tətqiqat işləri apararkən həmin sənduqəni də məhz tədqiqat məqsədi ilə götürüb aparıblar.

Qarabağlar İmamzadəsində Seyid Əhdi Qarabağlari ilə birlikdə bu müqəddəs şəxsiyyətin 3 kiçik övladının da məzarları yerləşir. Burada həmçinin Seyid Xeyrulla Əhdi, onun qardaşı və həyat yoldaşının məzarları da var. Xeyrulla Əhdinin məzarı üzərində olan kitabşəkilli incə naxışlı sənduqə Rusiyadakı Ermitaj muzeyinə tədqiqat üçün aparılan 7 məşhur qəbirüstü nümunələrdən biridir. Sənduqənin üzərində kiçik məlumat, həmçinin “Qurani-Kərim” ayələrindən işlənmiş kitabə də var.

Qeyd edək ki, 6 guşəli, Naxçıvan memarlıq məktəbinə məxsus Qarabağlar İmamzadəsi XX əsrin əvvəllərində bir çox tarixi memarlıq abidələrimiz kimi dağıdılıb, yaddaşlardan silinmək istənilibdir. Belə ki, üzərindəki qübbəli tikili ötən əsrin 30-cu illərində dağıntıya məruz qalmış, məqbərə məhv edilibdir. Lakin sonradan həmin təməl üzərində indiki şəkildə yenidən məqbərə inşa edilib, dini-tarixi dəyərlərimizin itib-batmasının qarşısı alınıbdır. Məqbərənin ətrafında həmçinin əvvəllər qoç heykəlləri də mövcud olmuş və həmin heykəllər də ötən əsrin 70-ci illərində oradan götürülüb.

Göründüyü kimi, Qarabağlar İmamzadəsi ötən əsrlər boyu müxtəlif dağıntılara məruz qalsa da, bu gün həmin müqəddəs şəxsiyyətlərin əbədi uyuduğu məkanda məqbərələr öz mövcudluğunu qoruyur. Bu məqbərələrin mövcudluğu isə müqəddəs şəxsiyətlərin burada yaşamasını göstərməklə yanaşı, onların dini-tarixi abidə kimi gələcək nəsillərə ötürülməsini də təmin edir.

                                                                                                                                              Anar Qasımov

“Yeni həyat”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: