Qədim el sənəti – Silahsazlıq

A- A A+

Tarix boyu müxtəlif el sənətləri ilə tanınan Naxçıvanda ənənəvi sənət sahələrindən biri də silahsazlıqdır. Bu sənətin tarixi olduqca qədimdir. İnsanlar metal əldə etməmişdən çox-çox əvvəl daş, gil, obsidian və sair məmulatlardan istifadə etməklə silahlar hazırlayıblar. Azərbaycan ərazisində aparılan tədqiqatlar göstərir ki, hələ neolit dövrünün ilk çağlarından başlayaraq mizraq, nizə, toppuz, sapand, daş kürəciklər və sair silahlar hazırlanıbdır. Silahsazlıq sənətinin yüksəlişi isə metallurgiya və metalişləmənin inkişafı ilə mümkün olubdur. Hələ ibtidai dövrdə, daha dəqiq desək, eneolit dövründə Naxçıvanda yaşayan qədim tayfaların metal əldə etməsi metal silahların hazırlanmasına da təkan veribdir.

Erkən Dəmir dövründə silahsazlıq sənəti daha geniş inkişaf edib, keyfiyyəti, bədii zənginliyi, say çoxluğu ilə seçilən soyuq silahlar hazırlanıbdır. Diqqətçəkən məqam burasıdır ki, bu silahlar yerli ustalar tərəfindən hazırlanıbdır. Bu silahların hazırlanmasında Naxçıvan metalından istifadə olunub. İbtidai dövrə aid yaşayış yerlərindən aşkar olunmuş metal qəliblər bir daha sübut etdi ki, Naxçıvanda bu sənət sahəsində əldə olunmuş nailiyyətlər yerli inkişafın nəticəsi olub. Ox ucluqları, nizə, xəncər, toppuz ibtidai silah növləridir. Bu silahlardan həm döyüşlərdə, həm də ovçuluqda istifadə olunub. Silahsazlığın inkişafında hərb sənəti mühüm rol oynayıb.

Naxçıvanın hərb tarixində əldə olunmuş böyük nailiyyətlərdə də silahsazlıq sənətinin əvəzolunmaz rolu olubdur. Naxçıvanda silahsazlıq sənətinin inkişafı tarixi mənbələrdə də öz əksini tapıbdır. XVIII əsrdə Rusiya çarı I Pyotra Şamaxı ilə yanaşı, Naxçıvan silahlarının təqdim olunması da təsadüfi olmayıb. Tarixi mənbələr sübut edir ki, Azərbaycanın bir çox bölgələri ilə yanaşı, Naxçıvanda, xüsusilə Ordubad şəhərində silahsazlıq sənəti yüksək inkişaf edib, burada yüksək keyfiyyətli silahlar hazırlanıbdır. Silahların hazırlanmasında yerli xüsusiyyətlər mühüm rol oynayır. Hər bir coğrafi ərazinin, hər bir xalqın özünəməxsus yaraqları vardır. Bu mənada, Naxçıvan silahları da özünəməxsusluğu ilə daim diqqəti cəlb edibdir. Silahlar istifadə məqsədinə, səciyyəsinə görə soyuq və odlu olmaqla iki qrupa bölünür. Soyuq silahlar ənənəvi olaraq qədim zamanlardan hazırlanan yaraqlardır. Bu yaraqlar döyüş və müdafiə xarakterli olmaqla iki yarımqrupa ayrılıbdır. Döyüş yaraqları daha kəskin, daha böyük olmuş və qanlı müharibələrdə istifadə olunubdur. Müdafiə məqsədilə istifadə olunan silahlar isə bir növ geyim rolunu oynayıbdır. Bu cür geyimlər də silahsazlar tərəfindən hazırlanırdı. Təbii ki, bu zaman silahsaz həm də mahir dərzi bacarıqlarına yiyələnməli idi. Qanlı müharibələrdə istifadə olunan və metaldan hazırlanan silah-geyimlər rahat, yüngül və yüksək qoruyucu keyfiyyətə malik olmalı idi. Naxçıvan ərazisində orta əsrlərdən başlayaraq müxtəlif formalı bu cür zirehli geyimlər hazırlanıbdır.

Tədqiqatlar zamanı belə geyimlərin qalıqlarına rast gəlinibdir. Bu cür geyimlər bu gün ölkə, o cümlədən Naxçıvan muzeylərində nümayiş etdirilir. Zaman keçdikcə silahların bədii zənginliyinə də əhəmiyyət verilibdir. Statusu böyük olan döyüşçülərin silahları daha keyfiyyətli, zəngin işləməli olurdu. Belə silahların hazırlanmasında bəzən zərgərlər də iştirak edirdi. Zərgər əlindən çıxan silahlar bədii zənginliyi ilə gözoxşayan sənət əsərinə çevrilirdi. Orta əsrlərdə odlu silahların meydana çıxması səbəbindən soyuq silahlar öz əhəmiyyətini getdikcə itirdi. XIX əsrdə sənayenin inkişafı ilə əlaqədar odlu silahlar getdikcə daha təkmil formada istehsal olundu. Bu gün soyuq silahlar, demək olar ki, artıq tarixə qovuşur, getdikcə muzey materialı, eksponat rolunu oynamağa başlayır. El sənətləri məişətdə, təsərrüfatda və digər sahələrdə faydalı olduğu üçün yaranır, tələbat olmayanda, beləcə, əhəmiyyətini itirir və tarixə qovuşur.

Bütün dünyada olduğu kimi, Naxçıvanın qədim el sənətlərindən olan silahsazlıq sənətinə olan tələbat da bu gün azalıb. Buna baxmayaraq, silahsazlıq sənəti digər sahələrdə əhəmiyyətli olduğundan bu gün də yaşadılır. Bıçaq və balta kimi əşyalar məişətdə istifadə olunduğu üçün onların hazırlanması bu gün də davam etdirilir. Əmud, xəncər, qılınc kimi silahlar isə artıq suvenir kimi hazırlanır. El sənətləri Naxçıvanda bu gün də qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür. Tarixən elinə, obasına, adət-ənənələrinə bağlı olan naxçıvanlılar silahsazlıq sənətini də bugünədək yaşada biliblər. Naxçıvanda bu sənəti yaşadanlardan biri də Araz Məmmədovdur. O, 1976-cı ildə Naxçıvan şəhərində, hərbçi ailəsində anadan olub. Ali təhsilini Türkiyənin Ankara şəhərində sistem mühəndisliyi üzrə alan Araz peşəkar hərbçi olaraq Azərbaycanda xidmət edib.

Artıq təqaüdə çıxan zabit hazırda fəaliyyətini Naxçıvan Dövlət Texniki Kollecində hərbi rəhbər olaraq davam etdirir. Silahsazlıq və kolleksiya toplamaq isə onun məşğuliyyətidir. O, metal və silahlar haqqında hərtərəfli biliyə malikdir. Araz biliklərini bugünkü gənclərə öyrədən bir müəllim və bir usta kimi Naxçıvanda yaxşı tanınır. El dilində desək, Araz usta dəmirin, poladın dilini yaxşı bilir. Bir silahsazı peşəkarusta edən də məhz metalın dilini yaxşı bilməsidir. Bu sənətin sirlərini müstəqil şəkildə öyrənən Araz vaxtilə Naxçıvan ustalarının bu sahədə əldə etdiyi nailiyyətləri araşdırır, onlardan miras qalan silahsazlıq ənənələrini yaşatmağa çalışır. Tarixən Naxçıvanda yaranan, günümüzədək gəlib çatan sənət ənənələri haqqında sevgi ilə danışan Araz burada fəaliyyət göstərən ustaların tarixən poladı qoyun quyruğu ilə soyutduqlarını və bu üsulun Naxçıvan silahsazları arasında ənənə halını aldığını deyir. Araz üçün hər şey vətəndən, el-obadan başlayır. Naxçıvan diyarı, bu yurdun özünəməxsus adət-ənənələri də onun üçün çox əzizdir. Azərbaycan, o cümlədən Naxçıvan ustalarının sənət ənənələrinə olan sevgisi, heyranlığı da zamanla bu yerlərdə yaşayan silahsazların əldə etdiyi misilsiz nailiyyətlərdən qaynaqlanıbdır. “Ot kökü üstə bitər” deyiblər. Araz da bu ənənələrə sadiq qalaraq silahsazlıq sənətini sevərək yaşadır. Bununla yanaşı, o, dünya silahsazlıq sənəti sahəsində əldə olunmuş nailiyyətləri də öyrənməyə, mənimsəməyə çalışır. Türkiyə, Gürcüstan, Meksika ustalarının sənət ənənələrinə də yaxından bələd olan Araz Məmmədov bu sənətdən söz düşəndə türkiyəli silahsaz Şirin babanı xüsusi hörmətlə xatırlayır. Araz yaşadığı evdə, öz kiçik emalatxanasında hər gün qədim el sənəti olan silahsazlıqla məşğul olur, müxtəlif silahlar hazırlayır. Hazırladığı yaraqları isə sərgi-satış mağazalarında satışa çıxararaq qazanc əldə edir. Araz hazırladığı silahların əsasən Naxçıvan yaraqları olmasına xüsusi diqqət yetirir. O, bu cür yaraqları hazırlamaqla hərb tariximizdə mühüm rol oynamış silahların tanıdılmasına, öyrənilməsinə, unudulmamasına çalışır. Keçmişini unudan xalqa gələcəyini görmək qismət olmur. Evimizin bir küncündə tarixi bir əşyanın olması bizi həm keçmişimizə bağlayır, həm də kim olduğumuzu, haradan gəldiyimizi, haraya getdiyimizi bizə xatırladır. Elə ona görə də milli dəyərlərimizə hər zaman sevgi ilə yanaşmalı, bu dəyərləri Araz kimi qorumalı, yaşatmalı və gələcək nəsillərə ötürməliyik.

Fizzə Quliyeva

AMEA Naxçıvan Bölməsi İncəsənət,

 Dil və Ədəbiyyat İnstitutunun

                             təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri

                                                                                  “Nuh yurdu”qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: