Mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür - FOTOLAR

A- A A+

Arterial hipertoniya – arterial təzyiqin 140/90 mm civə sütunundan yuxarı qalxması halıdır. Birinci dərəcəli arterial hipertoniya ayrıca bir xəstəlik sayılır və onun əsas və aparıcı əlaməti arterial təzyiqin yüksəlməsidir. İkinci dərəcəli arterial hipertoniya simptomatik olur və bu zaman təzyiqin yüksəlməsi başqa xəstəliklər nəticəsində əmələ gəlir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2005-ci ildən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.

Bır çox ölkələrdə 60 yaşından yuxarı olan əhalinin 50 faizdən çoxu yüksək arterial təzyiqə malikdir. Hipertoniyadan əziyyət çəkənlərin üçdə biri müalicə alır və onlardan təxminən 12 faizi tibbi nəzarət altındadır, xəstələrin təxminən 45 faizi arterial təzyiqinin yüksək olduğundan xəbərsizdir.

Arterial təzyiq gündə iki dəfə - səhər və axşam fiziki iş, qida, çay və ya qəhvə qəbulundan sonra ölçülür. Onu ölçmək stolda rahat vəziyyətdə oturmaq, əli stolun üstündə ürəyin səviyyəsində tutmaq, təzyiqölçən aparatın manjetini dirsəkdən 2 santimetr yuxarıya sarıyıb onu hava ilə tam doldurandan sonra ölçmək lazımdır. Arterial təzyiqi 1-2 dəqiqə fasilə ilə iki-üç dəfə ölçmək məsləhətdir. Bir əldə aparılan bu cür ölçmədən sonra arterial təzyiqin dəqiq səviyyəsini müəyyən etmək mümkündür.

Duzlu, yağlı qidalardan, alkoqoldan istifadə edən, xroniki stress yaşayan, siqaret çəkən, fiziki aktivliyi az olan insanlarda qan təzyiqi tez-tez yüksəlir. Hipertoniya dünyada ürək və insult xəstəliklərinın ən başlıca səbəbi sayılır. Nəzarət edilməyən hipertoniya infarkta, ürəyin genişlənməsinə və nəticədə ürək çatışmazlığına səbəb olur. Hipertoniya həmçinin böyrək çatışmazlığı, beyin qan dövranının pozulması və digər sağlamlıq problemləri ilə nəticələnə bilər.

Yüksək qan təzyiqi olanlar normal qan təzyiqi olanlara nisbətən qida ilə üç dəfə çox natrium-xlorid istehlak edirlər. Çəkilən siqaret qan təzyiqinin 10-30 mm civə sütunu artmasına səbəb ola bilər. Bədən çəkisinin artması ilə təzyiq artır. Artıq çəki təzyiqi 1-3 mm civə sütunu artırır.

Bu il Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü “Arterial təzyiqinin göstəricilərini bil!” şüarı altında keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: